Terrorçu təşkilatların əsas hədəfi Türkiyədir



"Türkiyə uzun illərdir terrorla mübarizə aparır. Terrorçuların sayı isə ildən ilə artır”.

Bunu Sherg.az-a Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətində Çerkezköy Mütəşəkkil Sənaye Bölgəsində səhər saatlarında baş verən partlayış haqqında danışarkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, son günlər baş verən partlayışların terrorla əlaqəsi olması ilə bağlı faktlar yoxdur:

"Hətta ötən gün Diyarbakırdakı hadisənin də terrorla əlaqəsi olması barədə təkziblər gəldi ki, terrorla əlaqəsi yoxdur, təbii qaz sızmasından yaranan partlayışdır. Amma yenə də terrorçular aktivdir. Türk ordusu isə son aylarda terrorçulara daha güclü zərbələr endirir. Türkiyə daxilində və xaricində PKK-nın xeyli hücumu zərərsizləşdirilib, DAEŞ-lə mübarizə də Suriya ərazisində güclü təşkil edilib. Buna baxmayaraq, Türkiyə dövlətinin terror təhlükəsi hər zaman var. Terrorçu təşkilatların əsas hədəfi Türkiyədir. Ona görə, qardaş ölkə bununla mübarizə aparır, xeyli hissəsini neytrallaşdırır. Amma bu, o demək deyil ki, ölkə üçün terror təhlükəsi tamamilə aradan qalxıb. Mübarizə aparılması faktı son aylarda mübarizənin nəticəsini göz önünə sərir ki, terror hadisələri həqiqətən azalıb”.

Qeyd edək ki, partlayış tekstil fabrikində qeydə alınıb. İlkin məlumatlara görə, hadisə zəhərli maddənin sızması nəticəsində baş verib.

Xatırladaq ki, ötən gün Diyarbəkirin Bağlar qəsəbəsində xüsusi təyinatlı polis idarəsinin yaxınlığında da güclü partlayış qeydə alınıb. Partlayışın şəhər polis idarəsinin əlavə binasındakı sexdə zirehli polis maşınının təmiri zamanı baş verdiyi bildirilib”.

Aysel Aslan