"Sovetski`dəki məscidlə bağlı etiraz:"İmam Hüseynin nişanələri var"




"Məscid qədim olduğuna görə tarixi abidə kimi qorunmalıdır”.

Bunu Sherg.az-a "Sovetski`də yerləşən Əbdürrəhimbəy Qulubəyov məscidinin sökülməsinə münasibət bildirərkən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova deyib. 

O, həmin məscidin tarixi əhəmiyyətini xatırladaraq, sökülməsini düzgün hesab etmədiyini bildirib:

"Sakinlər deyirlər ki, həmin məsciddə İmam Hüseynin nişanələri və bayrağının hissəsi var. Hər məscidin torpağı Kərbəladan, Məkkədən gələn torpaqla hazırlanır. Həmin məscidi sökənlər xeyir də görməz. Əksinə əldə fürsət olduğuna görə, məscidi bir qədər də bərpa edib, böyütmək olar. Tarixi əhəmiyyətli olduğundan söküb, dağıtmaq olmaz. Onun hər bir daşı qiymətlidir. Ona görə ki, bu abidə həddindən artıq qədimdir. Bizdə haraları söküb dağıtmırlar ki? Qız Qalasına qədər sökülüb, dağıdılıb. İçərişəhərdə, Şirvanşahlar sarayında, digər tarixi abidələrimizdə söküntü işləri aparılıb, qədimi hissələri xaricilərə satılıb. Belə olduğu halda hansı qədimliyimizdən danışa bilərik? Kim nə istəyir onu da edir. Təklif edirəm ki, tarixi abidələrimizi söküb, dağıtmaq əvəzinə onları restavrasiya edib, tarixiliyini, qədimliyini qorumalıyıq. "Sovetski”də daha bir məscid var. Yəqin ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu məsələdən xəbəri var və ərazidə ikinci məscid olmasını istəmir. Məscid yerində qalmalıdır, onu dağıtmaq, məhv etmək olmaz”.

Z. Budaqova Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sökülən iki məscidin heç bir qeydiyyatda olmaması, köhnə olduğu üçün yararsız hala düşməsi haqqında açıqlamasına da münasibət bildirib. 
O söyləyib ki, məscidlər köhnəlibsə, bərpa etmək lazımdır, onların hər bir daşı qiymətlidir:

"Abidənin hər hissəsini bərpa edib, tarixiliyini qorumaq şərtilə saxlamaq olar. Axı həmin abidənin qiyməti var. Abidələrin hər daşının xüsusi tarixi dəyəri, qiyməti var. Xüsusi aparatlar var ki, tarixi daşları üzərinə qoyduqda onların neçənci əsrin abidəsi olması haqqında məlumat verir. Ona görə də, həmin abidəni dirçəltmək, tarixi məscid etmək lazımdır. Çoxmərtəbəli binaların tikilməsi üçün tarixi abidələri sökmək lazım deyil”.

Qeyd edək ki, "Sovetski”də yerləşən "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.

Aysel Aslan