İki fəhlənin ölümünə səbəb olan uçqunun səbəbi: Keyfiyyətsiz tikili




"Hazırkı xəbərdən belə görünür ki, uçqun nəticəsində fəhlələrin həlak olması bu işəgötürənin günahı deyil”.

Bunu Sherg.az-a Salyan yolu 32 ünvanında "Green City” istirahət mərkəzi ilə üzbəüz (yolun şəhərə gələn istiqaməti) tikilən yeni binanın ikinci mərtəbəsi uçması nəticəsində iki fəhlənin həlak olmasından danışarkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Sahib Məmmədov deyib. 

O bildirib ki, istehsalatda baş verən bu bədbəxt hadisənin müxtəlif səbəbləri ola bilər:

"Qonşuluqda olan binanın mərtəbəsinin uçması nəticəsində bu hadisə baş verib. Həmin tikinti aparılan zaman tikintini həyata keçirən tərəf birbaşa məsuliyyət daşıyır. Binanın uçması tikinti qaydalarının pozulmasının nəticəsidir. Cinayət məcəlləsində də tikinti qaydalarının pozulması məsuliyyəti də nəzərdə tutulub. Qaydaların nə dərəcədə pozulub-pozulmadığını artıq müəyyən etmək lazımdır. Çünki həmin fəhlələr işdə olsa da, onların ölüm səbəbi artıq işəgötürəndən asılı deyil. Tikinti sahələrində tez-tez belə uçqunların baş verməsinə gəldikdə isə bəzən tikintinin yerini düzgün seçmirlər. Sürüşmə zonasında olan ərazi, yamacın meyllilik dərəcəsi nəzərə alınmır, tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə olunur. Nəticədə belə hallar baş verir. Əvvəllər bu tip uçqunlar çox az hallarda olurdu. Son illərdə ilk dəfədir belə hadisə baş verir ki, keyfiyyətsiz tikintiyə görə binanın bir hissəsi uçub. Fövqəladə Hallar Nazirliyi bu proseslərə nəzarət edir. Görünür onların analiz nəticələrindən sonra uçqunun baş vermə səbəblərini öyrənə bilərik”.

Qeyd edək ki, istirahət mərkəzinin uçması nəticəsində iki nəfər dünyasını dəyişib. Səhiyyə Nazirliyindən bildirilib ki, uçqun zamanı hadisə yerində 6 nəfər olub. Bir nəfər hadisə yerində ölüb, digər şəxs isə xəstəxanada dünyasını dəyişib. Yaralılardan birinə yerindəcə yardım göstərilib. Qalan 3 nəfər yaralı isə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.

Ayyət Əhməd