“Demək tamaşaçı gülmək, hırıltı, hihi axtarır”

Rasim Balayevin çəkildiyi film zəif olduğuna görə yığışdırılır
Xalq artisti deyib ki, bundan daha çox filmin rejissoru narahat olmalıdır

Azərbaycanda bu gün çəkilən yeni filmlərin kinoteatrlarda təmtəraqlı qala gecəsi keçirilir. Bir neçə gün öncə olan "Sara” filminin də təqdimatı oldu. Amma çox təəssüf ki, adıçəkilən film Azərbaycandakı kinoteatrlardan çıxarılacaq.
Ekran işinin yaradıcıları "Sara”nı Türkiyə və MDB məkanından olan dövlətlərə satmaq niyyətindədirlər.

Buna səbəb isə filmin Azərbaycanda yetərincə uğur qazana bilməməsidir.
Qeyd edək ki, filmdə Xalq artisti Rasim Balayev, Əməkdar artistlər Fuad Osmanov, Qurban İsmayılov, aktrisalar Aysel Nazim, Zarina Qurbanova, keçmiş müğənni Duyğu Dəvəli və başqaları rol alıblar.
Yeri gəlmişkən onu da qeyd edək ki, "Sara” filminin təqdimat mərasiminə filmin əsas qəhrəmanlarından biri, Xalq artisti Rasim Balayev dəvət olunsa da, qatılmamışdı.

Rasim Balayevlə əlaqə yaradıb, onun çəkildiyi film barədə soruşduq. Doğrudanmı film zəif olub deyə, "Sara” kinoteatrlardan yığışdırılıb? Ya filmin kinoteatrlarda olmamasının başqa səbəbləri var?
"Şərq”ə açıqlama verən Rasim Balayev "Filmin kinoteatrlardan yığışdırılmasından xəbərim yoxdu. 

Əslində bu mənim üçün maraqlı da deyil. Ola bilər film bu günün tamaşaçısını tam qane etməyib, maraqlı görünməyib deyə kinoteatrlarda nümayişi dayandırılıb. Bu günün tamaşaçısının filmə baxışı fərqlidi. Müasir tamaşaçı nədənsə yalandan yersiz gülüşü, bayağı satiranı sevir. Ola bilər ki, elə bu səbəbdən film tamaşaçı marağını özünə çəkə bilməyib. Mənə elə gəlir ki, ciddi filmlərə bu gün o qədər maraq yoxdu. Ona görə də filmdə Rasim Balayevin rol alıb almaması qətiyyən bəzi tamaşaçılara maraqlı deyil. Bütün tamaşaçılara aid edə bilməsək də, bu gün tamaşaçı zövqünü elə korlayıblar ki, ciddi ekran işinə baxa bilmirlər. 

Mən bilmirəm səbəb nədi? Amma filmin ekranlardan yığışdırılmasına daha çox filmin rejissoru narahat olmalıdı. Çünki bu onun yaradıcılıq məhsuludur. Mən bu filmə bir gənc rejissorun dəvəti ilə çəkildim. Əslində son illər bilirsiniz ki, dəvətlərin böyük əksəriyyətini qəbul etmirəm. Hərdən ssenari mənim xoşuma gəlirsə razı oluram. Bu filmin də ssenarisi pis deyildi, çəkilmək olardı, çəkildim. Əgər çəkildiyim film tamaşaçı marağına səbəb ola bilməyibsə, deməli tamaşaçı ancaq gülmək, hırıltı, hihi, haha axtarır. Mən də elə filmlərə çəkilmək niyyətində deyiləm”.

Tahirə