Sabir Rüstəmxanlı: "Kitabxana olmayan yerdə vəziyyət başqa cür ola da bilməz"
"Ölkədə, xüsusilə rayonlarımızda kitabxanalara və kitab mədəniyyətinə olan münasibət neçə illərdir dəyişmir”.
Bunu Sherg.az-a kitabxanaların bağlanmasına münasibət bildirərkən xalq şairi, sabiq millət vəkli Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, kiçik kəndlərdə kitabxanalar olmaya bilər, amma böyük kəndlərdə, rayonlarda kitabxanalar qorunmalı idi:
"Vaxtilə biz qanun qəbul etdik ki, kitabxanalar özəlləşdirilə bilməz. Təəssüf ki, Nazirlər Kabinetində ona uyğun qanun layihəsi hazırlananda "kitabxanalar özəlləşdirilə bilməz” əvəzinə, "kitabxanalar özəlləşdirilə bilər” ifadəsi yazılmışdı. Bundan sonra xeyli kitabxana özəlləşdirildi. Sovet dövrünü bəyənmirik, amma həmin dövrdə Azərbaycan kəndlərinin hamısında ən azı bir kitabxana var idi. Bu da həmin rejimin sərvətlərindən biri idi. Mədəniyyət Nazirliyinin kollektoru nəşriyyatlara sifariş verirdi. Bütün kitabxanalara olmasa da, mərkəzi kitabxanalara dövlət hesabına nəşriyyatlardan alınan kitablar göndərilirdi. Kitabxanaların kitab fondu daimi yenilənirdi. İndi Azərbaycanın rayonlarında kitabxanalara getsəniz, latın qrafikası ilə kitabların sayı çox azdır. Əsasən Prezidentin fərmanı ilə çap olunan kitablardır. Onu tirajlayıb, məktəblərə kitabxanalara göndəriblər. Amma 500-1000-2000 tirajlarla çap olunan kitablar rayonlara çatdırılmayıb. Deməli, kitabxanalar köhnəlib, yeni kitablar yoxdur. Bunu bəhanə edib o kitabxanaları bağlamaq asanlaşır. Beləliklə ümumi kitabxana, bəlkə də kitab düşmənçiliyi yaranıb. Azərbaycanda nəşriyyatların, kitabların sayı artır, amma kitablar rayonlara çatdırılmır. Əsas oxucu kütləsi rayon camaatıdır. 150-200 min nəfər əhalisi olan bölgədə kitab dükanı yoxdursa, həmin rayonlarda kitab oxunur, oxunmur söhbətini etmək absurddur. Kitabxanalara münasibət bu cürdür və onların sayı xeyli ixtisara salınıb.
İkinci bir tərəfdən kitabın oxunmağı və təbliğatı üçün vacib məsələ kitab satışının sistemə salınmasıdır. Rayonlarda və böyük kəndlərdə kitab dükanları olmalıdır. Bunu təkcə bazarın ümidinə qoymaq, "kim istəyir mağazanı açsın kim istəmir açmasın” demək olmaz. Dövlətin kitab siyasəti millətin gələcəyinə yönəlmiş işdir. Əgər normal vətəndaş yetişdirmək istəyiriksə, dövlət büdcəsindən pul ayırmaq hesabına da olsa, bir çox kitablar çap olunmalıdır. Ölkə başçısının müvafiq sərəncamı ilə bu həyata keçirilir. Lakin dediyim ki, yalnız məktəblərin kitabxanalarına pulsuz verilir”.
S.Rüstəmxanlının fikrincə, kitablar rayonlara, kəndlərə çatmalıdır ki, insanlar alsın:
"Rayonlarda kitab satışı üçün iki şəbəkə var idi: Azərkitab və Kəndkitab. Deyirlər ki, rayonlarda kimdir kitab alan və s. Amma bir dəfə də olsun 2-3 min nəfər əhalisi olan bir kəndə, rayona bir dəfə də olsun kitab göndərilmirsə, orada bir dənə olsun kitab yoxdursa, hansı haqla deyə bilərik ki, əhali kitab almır? Əvvəl onlar kitabın üzünü görsün ki, alsın.
Bu sahədə həqiqətən böyük problemlər var. İslahat adı ilə rayon Mədəniyyət Şöbələrini birləşdirirlər. İşçilər ixtisara düşür. Kəndlərimizdə normal klub mədəniyyət mərkəzi, kitabxana olmayandan sonra orada necə yaşamaq olar? Sonra da deyirlər ki, din gəlir, cəhalət artır. Kəndləri başlı-başına buraxırsan dindarların, məscidlərin öhdəsinə. Kitabxana olmayan yerdə vəziyyət başqa cür ola da bilməz. Kiçik məktəb kitabxanaları fəaliyyət göstərir, onlar isə tam təmin olunmur, işləyə bilmir. Bütün bunlar ciddi problemdir və respublika ictimaiyyətinin diqqət mərkəzində olmalı məsələdir. Birbaşa millətin gündəmi ilə bağlı haldır. Nazirlər Kabinetinin diqqəti məhz bu məsələyə yönəlməlidir. İslahat adı ilə mədəniyyətə düşmənçilik etmək olmaz. Bu barədə xüsusi proqram hazırlanmalıdır. Necə ki, Azərbaycanda məktəblər tikilir, məktəb problemi həll edildi, kitabxana şəbəkəsi də o cür yenilənməli, müasirləşməlidir. Dünya elektron kitabxana sistemlərinə rayonlarımız da qoşulmalıdır”.
Qeyd edək ki, Mirzə Fətəli Axundov adına Milli kitabxana da ixtisarlara başlanılıb. Bildirilir ki, kitabxana da qənaət rejiminə keçildiyi üçün 5 şöbə ləğv olunaraq əvəzinə 3 şöbə təsis edilib.
Aysel Aslan