"Sərnişin 20 qəpik verir, elə bilir ki, sürücü onun qulluqçusudur"




"Sürücülərin hər birinin şəxsi məqsədi, vəzifələri, öhdəlikləri və hüquqları var. Çətini odur ki, hər insanı yol hərəkəti qaydalarına uyğun nizamlamaq olmur”.

Bunu Sherg.az-a sərnişinlərlə kobud rəftar edən sürücülərin adının "qara siyahı"ya düşəcəyinə münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

O bildirib ki, hər insanın psixoloji xüsusiyyətləri olduğuna görə, avtobus sürücülərinin də bəzən sərnişinlərə qarşı kobudluq etməsi müşahidə olunur:

"Ancaq yola çıxanda sürücülər hərəsi öz məqsədləri üçün yola çıxır. Şəxsi sürücülər öz ailə üzvlərini, dostlarını aparıb-gətirir. Yük avtomobili sürücüləri yüklərini daşıyır. Amma sərnişin avtobuslarının sürücüləri isə çox böyük diapazonda olmalıdır. Onlar həm yol hərəkəti qaydalarını yüksək səviyyədə bilməli, həm də xidmət mədəniyyətinə yüksək səviyyədə riayət etməlidir. Ünsiyyət mədəniyyətində hər bir sərnişinlə danışıq qaydasını bilməlidir. Burada isə məsələ var ki, belə münasibət qarşılıqlı olmalıdır. Bizim sərnişinlərimiz də bəzi vaxt elə hesab edirlər ki, sürücü 20 qəpiyini aldı, deməli, hər bir işdə sərnişinlərin qulluqçusudur. Belə olmalı deyil. Sərnişinlər də avtobus sürücülərinin vəzifələrini yerinə yetirməsinə şərait yaratmalıdır. Avtobus sərnişinləri digər sürücülərdən bir neçə səviyyə yuxarıda olmalıdırlar. Ona görə də hər adamı da avtobus sürücüsü götürmək olmaz. Seçim çox çətindir. Müəyyən sahibkarlar var ki, özlərinə məxsus marşrutları götürüblər, sürücüləri isə seçə bilmirlər. Çünki onlar özləri də belə incəlikləri bilmirlər. Bu nöqteyi-nəzərdən nəqliyyat agentliyinin bu addımı müsbətdir. Görək yerinə yetirə bilirlərmi?

Burada bir incəlik var ki, mütləq iş olmalıdır. Həmin sürücülər bilavasitə xidmət mədəniyyətini bilən ekspertlərlə, psixoloqlarla işləməlidirlər. Sürücülərə aşılamaq lazımdır ki. siz vəzifənizi yerinə yetirən zaman hətta ən kobud sərnişinlərin belə müəyyən sözlərini götürməyə məcbursunuz. Çox insan isə onu götürmür".

Sərnişinlərin avtobus sürücülərini hər tərəfdən sıxışdırdığını qeyd edən F. Eyyubov deyib ki, sərnişinlər 20 qəpik verir, elə bilir ki, avtobus sürücüləri onlara borcludur:

"Amma onların işləri qədər çətin və məsuliyyətli iş yoxdur. Onlar bir gündə 6 min əməliyyat həyata keçirirlər. Ona görə sürücülər yorulurlar axı. Amma bu yorğunluq elə olmalıdır ki, özləri işlərinin belə olduğunu bilməlidir. Onlar bu işi qəbul edib, əməl etməlidirlər. Çətin olsa da, maarifləndirmə, seçim olmalıdır. Xarici ölkələrin iş təcrübəsinə uyğun müəyyən məsələlər araşdırılmalıdır. Elə sürücülər var ki, onlarla söhbət etdikdə çox gözəl münasibət bəsləyirlər. Amma situasiya elə olur ki, stress, gərginlik halında, manevr edəndə onlar tamamilə özlərindən çıxırlar. Bu isə avtobus sürücülərinə yaramır. Çünki onlar bir dəfəyə 30-40 sərnişin daşıyır.

Nəqliyyat Agentliyinin məlum işi təqdirəlayiqdir. Amma burada bir məsələ var ki, yol hərəkəti qaydalarının nizamlanması tək avtobus sürücüləri ilə yekunlaşmır. Avtobus sürücüləri demək olar ki, şəhərin 5-10 faizini təşkil edir. Yerdə qalan sürücülər isə onlara hərdən maneçilik törədir. Bəzən avtobus sürücüləri qrafikə əməl etmək üçün yol hərəkəti qaydalarını pozurlar”.

Ekspert əlavə edib ki, sürücülərin "etibarlı sürücü” termini var. Bu terminə uyğun olaraq sürücülərin yararlılığı önəmlidir:

"Bu xüsusiyyət iki yerə ayrılır. Psixo-fizioloji xüsusiyyətləri və sağlamlığı. İkinci məqam isə sürücülərin hazırlığıdır. 3-cü pillə isə sürücülərin işləmə qabiliyyətidir. Sürücülərin işləmə qabiliyyəti sahibkarlardan da onları işlədən insanlardan da çox asılıdır. Onlara yaxşı şərait yaradılmalıdır, onların istirahəti, sağlamlığı elə olmalıdır ki, onlar öz fəaliyyətlərini yerinə yetirsin. Bəzən biz aqressiv sürücüləri görürük. Onlar çox zaman sahibkarlara acığı tutur, acığını isə gəlib sərnişinlərdən çıxır. Bunlar kompleks problemlərdir. Bunu birdən birə həll etmək olmaz. Ümumiyyətlə, nəqliyyat problemləri Bakı şəhərinin gələcəyində ən böyük problem yaradacaq. Çünki nəqliyyatsız hər şey öz mənasını itirir”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlinin sözlərinə görə hazırda İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sürücülərə xüsusi təlimlər keçirilir, oyunlardan sonra isə bütün Bakıdakı daşıyıcıların sürücüləri ora cəlb olunacaq.

Ayyət Əhməd