Prezident yeni proqramını açıqladı, prioritetləri ortaya qoydu

“Əsas vəzifəmiz ondan ibarətdir ki, xaricdən sifariş olunan malların istehsalını təmin edə bilək”



Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi 10 ildən çoxdur ki, prioritet məsələ hesab olunur. Bu mənada 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı layihələri qeyri-neft sektorunun dirçəlməsində mühüm rol oynayır. 2014-15-ci illərdə dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra ölkədə qeyri-neft sektorunun yüksək şəkildə inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin turizm sahəsi ilə bağlı imzaladığı fərmanlar, kənd təsərrüfatının inkişafı məqsədilə verdiyi sərəncamlar qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi təkan verir.

Bütün bunlar həm də onu göstərir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi birbaşa dövlət başçısının diqqət mərkəzindədir. Sabirabadda, Saatlıda və daha sonra Yevlaxda qeyri-neft ixracatçılarının müşavirəsi zamanı deyilən fikirlər bunu bir daha təsdiq etdi. Dövlət başçısının iştirakı ilə Yevlaxda keçirilən müşavirə xüsusi əhəmiyyət kəsb edirdi. Birincisi, ilk dəfə idi ki, ölkədə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirildi. İkincisi, müşavirə birbaşa dövlət başçısının sədrliyi ilə reallaşdı. Yəni bundan sonra qarşıya qoyulan vəzifələr, məqsədlər, irəlidəki hədəflər sahibkarlara, iş adamlarına birbaşa ölkənin birinci şəxsi tərəfindən çatdırıldı. Bu, iş adamlarında bir əminlik yaratmaqla yanaşı, həm də onların bundan sonra daha məsuliyyətli fəaliyyətlərini şərtləndirdi.
Müşavirədə çıxışı zamanı dövlət başçısı qeyri-neft ixracatçıları, ümumiyyətlə sahibkarlar qarşısında bir sıra mühüm vəzifələr qoydu. Eyni zamanda bundan sonra görüləcək işləri, həyata keçiriləcək tədbirləri müəyyənləşdirdi. Prezidentin ilk diqqət yetirdiyi məsələ ixrac potensialını artırmaqdan ibarət idi. Keçən il "Azexport” portalının yaradıldığına diqqət çəkən Prezident qeyd etdi ki, portal artıq dünya miqyasında özünü tanıtdıra bilib: "Əsas vəzifəmiz ondan ibarətdir ki, xaricdən sifariş olunan malların istehsalını təmin edə bilək. Bəzi hallarda sifariş olunur, ancaq ixraca göndəriləcək kifayət qədər məhsulumuz yoxdur. "Azexport” portalının yaradılması çox müsbət hadisədir və getdikcə bu portala dünyada maraq artacaq. "Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır”. Prezident İlham Əliyevin qeyri-neft ixracatçıları ilə keçirdiyi müşavirədə diqqət çəkən digər önəmli məqamlardan biri sahibkarlarla bağlı idi.
İlk gündən sahibkarlara dövlət dəstəyini əsirgəməyən Prezident onlara hər zaman arxa, dayaq durduğunu Yevlaxdakı müşavirə zamanı bir daha təsdiqlədi. Dövlət rəhbəri müntəzəm olaraq sahibkarlarla görüşlər keçirərək onların üzləşdikləri problemləri öz dillərindən eşidir. Eyni zamanda qeyd edilən problemlərin həlli istiqamətində qısa müddətdə biznes mühitinin daha da yaxşılaşdırılmasına yönəlik addımlar atır. Sahibkarlarla bağlı əsassız yoxlamaların aradan qaldırılması, onlara qarşı məmur özbaşınalıqlarına son qoyulması, eləcə də bu kimi mühüm addımlar iş adamları tərəfindən yüksək qiymətləndirilir. Ancaq bu da birmənalıdır ki, sahibkarlar onlara yaradılan şəraitin qarşılığında ortaya səmərəli fəaliyyət qoymalı, iqtisadiyyatın inkişafına töhfə verməlidirlər. Prezident müşavirədə bu məqama da xüsusi diqqət yönəltdi. İ.Əliyev vurğuladı ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iş adamlarına dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib: 

"Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı. Bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi, həm də mənəvi dəstək, maliyyə yardımı bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini özünə qaytarır. Yəni, bu, çox böyük stimul verən təşəbbüsdür. Dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır. Beləliklə, biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik”. Ümumiyyətlə, Prezidentin müşavirədəki çıxışı demək olar ki, proqram xarakterli idi. Dövlət başçısı geniş və məzmunlu çıxışı ilə bir növ yeni proqramını açıqladı. Onun prioritetlərini ortaya qoydu. Prezidentin müşavirədə diqqət çəkdiyi digər mühüm məqamlardan biri isə ixrac prosesində şaxələndirməyə nail olmaqla bağlı idi. Yəni, dövlət başçısı bununla iş adamlarının diqqətinə çatdırdı ki, qeyri-neft sektorunda yalnız bir istiqamət deyil, müxtəlif istiqamətlər üzrə inkişafa təkan verilməlidir. Bir növ Azərbaycan iqtisadiyyatı kimi qeyri-neft sektoru da şaxələndirilmiş şəkildə inkişaf etməlidir. Prezident müşavirədə dedi ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib: "Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri odur ki, ixracda da şaxələndirməyə nail olaq”. Göründüyü kimi, artıq Prezident İlham Əliyev növbəti illər üçün qarşıda duran hədəfləri açıqlayıb. İndi əsas məsələ bu hədəflərə nail olmaq və Prezidentin müəyyən etmiş olduğu istiqamətlə hərəkət edib yeni nailiyyətlər əldə etməkdir. 2016-cı ilin nəticələri cari ildə bu uğurların davamlı olacağı qənaətini formalaşdırır.

Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Prezident İlham Əliyev müşavirədə ölkə iqtisadiyyatının bilavasitə inkişafı üçün mühüm məsələlərə toxunub və qarşıda duran hədəfləri müəyyən edib:

"Prezident Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafına mühüm önəm verir və çalışır ki, ölkə iqtisadiyyatının neft sektorundan asılılığı tamamilə aradan qalxsın, ixrac yönümlü məhsulların istehsalı çoxalsın. Bunun üçün ötən dövr ərzində Azərbaycanda xeyli işlər görülüb. Prezidentin apardığı siyasət nəticəsində kənd təsərrüfatının, turizmin inkişafı, qeyri-neft sektoruna aid bütün sahələrdə istehsalın artırılması istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycan artıq öz brendi ilə dünyada tanınmağa başlayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan öz ixrac potensialını daha da artırmalıdır”. 

Deputat qeyd edib ki, Azərbaycanda ixrac potensialını artırmaq və dünya bazarında rəqabətədavamlı məhsulların istehsalı istiqamətində yerlərdə lazımi infrastruktur yaradılır: "Artıq xeyli sayda istehsalat sahələri istifadəyə verilib və bir neçə zavodun da istifadəyə verilməsi, yeni sənaye parklarının açılması nəzərdə tutulur. Bu ilin birinci rübündə Azərbaycan ixrac edilən məhsullar hesabına xeyli gəlir əldə edib və işlər bu cür də davam etdirilməlidir. Eyni zamanda Azərbaycanda regionların ixtisaslaşdırılması prosesinə də başlanır”. T.Rzayev əlavə edib ki, bu gün Azərbaycanda əlverişli investisiya mühiti mövcuddur və sahibkarlara lazımi şərait yaradılıb: "Son illər ərzində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub ki, bu da çox böyük rəqəmdir. Görülən işlər artıq öz nəticəsini verir və inanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan əsaslı islahatlar, sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək”.

İsmayıl