Prezidentin qarşıya qoyduğu iqtisadi vəzifələr səmərəsini verəcək
İstehsalımızı artırmalıyıq ki, daxili tələbatı tam ödəyək
“Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir”
Prezidentin qarşıya qoyduğu iqtisadi vəzifələr səmərəsini verəcək
Prezidentin qarşıya qoyduğu iqtisadi vəzifələr səmərəsini verəcək
"Növbəti 3-4 il ərzində çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaq”. Bunu Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib. Dövlət başçısı vurğulayıb ki, işimizi daha da təkmilləşdirməli, fəaliyyətimizi genişləndirməliyik:
"Əlbəttə, qeyri-neft ixracını artırmaq üçün ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik. Hər il regional inkişaf proqramına normal şəkildə yekun vururuq. Mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü təmin edirik. Hələ ki, buna tam nail ola bilməmişik”.
Prezident bildirib ki, ölkə dinamik şəkildə inkişaf edir, əhali artır: "İnkişaf etmiş ölkələrdə əhalinin sayı ya sabit qalır, ya da ki, azalır. Bizim ölkəmizdə isə əhali artır. 2004-cü ildə birinci regional proqramı qəbul edərkən bizdə əhali az idi. İndi əhalinin sayı 10 milyona yaxınlaşır. Bu müsbət tendensiya qarşımızda çox ciddi vəzifələr qoyur. İstehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabət qabiliyyətli mallar təqdim edək. Ona görə də, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, dövlət başçısının müəyyənləşdirdiyi hədəflər aqrar sektorun istehsal və ixrac imkanlarının daha da artmasına mühüm təsir göstərəcək: "Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır.
Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aqrar sektorda çalışan özəl sahibkarlıq subyektləri dövlətdən davamlı olaraq siyasi və maddi dəstək almaqla yanaşı, eyni zamanda, torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunublar. Davamlı dövlət dəstəyi sayəsində aqrar sektorda böyük istehsal imkanları yaranıb. Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması aqrar sektorun potensialından daha səmərəli istifadə etməklə ölkənin ixrac imkanlarını artıracaq”. Deputatın sözlərinə görə, həyata keçirilən tədbirlər sayəsində ölkədən ixrac olunan məhsulların strukturunda aqrar sektorun çəkisi ilbəil artır.
Millət vəkili Azər Badamov da bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir: "Ölkə başçısının tapşırığı ilə 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icrası Azərbaycanda müasir infrastruktur formalaşdırıb, özəl sektorun inkişafı üçün optimal şərait yaradıb. Aparılan uğurlu işlərin nəticəsi olaraq Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf etməyə başlayıb. Artıq Azərbaycanda qeyri-neft sektorunun iqtisadiyyatımızda önəmli payı var. Keçən üç ay ərzində ticarət dövriyyəmizin 15 faiz, ixracın 50 faiz artması, idxalın 17 faiz azalması və xüsusilə qeyri-neft məhsulların ixracının 10 faizdən çox olması ölkə iqtisadiyyatının uğurla inkişafından xəbər verir. Kənd təsərrüfatı məhsullarının ixracının 44 faiz artması, üç ayda 1 milyard dollar vəsait qazanmağımız hamını çox sevindirir. Azərbaycanda istehsal olunan məhsullar dünya bazarlarında rəqabət qabiliyyətliliyi ilə seçilirlər. İnvestisiyaların və ixracın təşviqi qeyri-neft ixracını stimullaşdırıb. Sahibkarlığın inkişafında dövlət dəstəyi ölkədə qeyri-neft sektorunun inkişafına təkan verib”.
Deputat bildirib ki, müşavirədə dövlət başçısının toxunduğu önəmli mövzulardan biri daxili tələbatı yerli istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarət idi: "Sevindirici haldır ki, aparılan düşünülmüş iqtisadi islahatların nəticəsində daxili tələbatımızın 65 faizindən çoxu yerli istehsalla ödənilir. Cənab Prezident qeyd etdi ki, ölkəmizdə əhalinin demoqrafik artımının yüksək olduğunu da nəzərə alsaq, daxili tələbatımızın 100 faiz ödənilməsi üçün daha çox işlər görməliyik. Ölkə iqtisadiyyatının uğurlu inkişafı istiqamətində vaxtında atılan addımlar artıq reallaşmaq üzrədir. Qanunvericilikdə edilən dəyişikliklər və təsdiq olunmuş "Strateji Yol Xəritələri”nin uğurlu icrası Azərbaycanı dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinə çevirəcək”.
İsmayıl