Ermənistan regionu nüvə müharibəsi həddinə çatdırır

“Washington Times”da dərc olunan tənqidi yazı Amerikanın müəyyən dairələrinin Ermənistana ciddi xəbərdarlıq mesajıdır



ABŞ-ın nüfuzlu qəzeti "Washington Times” nəşri işğalçı Ermənistanın çirkin oyunları ilə bağlı məqalə dərc edib. Mətbu orqan yazıb ki, Sarkisyanın təhrikedici ritorikası Vaşinqtonda ciddi narahatlıq doğurur.
Qəzetdə vurğulanıb ki, Ermənistanın əldə etdiyi "İsgəndər” raket komplekslərinə mümkün nüvə başlığı quraşdırması regionda nüvə müharibəsi təhdidi yaradır: 

"Qara dəniz və Xəzər dənizi arasında uzanan Qafqaz dağları Serj Sarkisyanın təhlükəli oyunları səbəbindən tezliklə nüvə partlayışları məkanına çevrilə bilər. Ermənistan qanunsuz şəkildə Azərbaycanın qərb hissəsində torpaqları işğal edib, hərbi təcavüzə yol verib, yüzlərlə vətəndaşı kütləvi şəkildə qətlə yetirib. Təəssüf ki, Ermənistan regionu nüvə müharibəsi həddinə çatdırır”. Nəşr bildirib ki, Ermənistanın Rusiyadan aldığı "İsgəndər” raket sistemləri Azərbaycana və NATO-nun müttəfiqi Türkiyəyə qarşı böyük təxribatdır. 

Məsələ ilə bağlı "Şərq”ə danışan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib ki, söhbət adi qəzet məqaləsindən getmir. Deputat bildirib ki, "Washington Times”da dərc olunan tənqidi yazı Amerikanın müəyyən dairələrinin Ermənistana ciddi xəbərdarlıq mesajıdır: 

"Ermənistan Cənubi Qafqazda stabilliyə, sülhə çox böyük təhdid və təhlükə deməkdir. Ermənilərin qonşu ölkənin ərazisini işğal etməsi, "İsgəndər” və digər silahlarla Azərbaycanı "hədələməsi” beynəlxalq aləmin diqqətindən kənarda qala bilməz. Xatırlayırsızsa, bir müddət əvvəl Sarkisyan onlarda nüvə silahının olması barədə açıqlama vermişdi. Elə indi də düşmən rejimin rəhbərliyi raketlərlə bizi vuracağını iddia edir. Sarkisyan çalışır ki, region idarəolunmaz bir vəziyyətə düşsün. Bu isə ABŞ-ın bölgədəki maraqlarını təhlükə altında qoyur”. Millət vəkilinin sözlərinə görə, Ermənistan ikili oyun oynayır: "Düşmən bir tərəfdən Qərblə sövdələşməyə gedir, digər tərəfdən isə Rusiya ilə yaxın müttəfiq olduğu görüntüsü yaratmağa çalışır. İkibaşlı siyasətin özü də Amerikanın maraqları ilə toqquşur. Ermənistanın iç üzünü açan məqalənin ABŞ-ın nüfuzlu qəzetində dərc edilməsi göstərir ki, artıq Amerika işğalçı Sarkisyanın apardığı təhlükəli siyasətin fərqindədir. Deməli, Qərb təcavüzkar Ermənistanın nazı ilə çox oynamayacaq. Ermənistan bundan ciddi nəticə çıxarmalıdır. Əks halda, ABŞ-dan daha ciddi xəbərdarlıqlar ala bilər”.

İsmayıl