Şikayətlərin faydası yoxdur Avtobus diskoteka, konsert salonu deyil

Təlim keçilən sürücüləri biz niyə görmürük?


"Sürücüyə arzuolunmaz sosial təbəqənin nümayəndəsi kimi baxdıqda, sürücü də biz istədiyimiz kimi olmur. Sürücü canlı bir orqanizmin çox vacib elementi, vəzifəsi isə vacib vəzifədir. Əgər biz idarə etdiyimiz avtomobildə yalnız özümüzə və qəza törətdiyimiz obyektə cavabdehiksə, avtobus sürücüsü yalnız özünə deyil, təxminən 60 ailənin həyatına cavabdehdir. Buna görə, sürücülərə qarşı insanlarımız bir az səbirli olmalıdırlar, bir insana nə qədər müsbət yanaşsan, qarşılıqlı addım da müsbət olar”.

Bunu "APA-Economics”ə müsahibəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bildirib.
Qurum rəhbərinin sözlərinə görə, bu münasibətlərin formalaşması üçün BNA tərkibində Sürücü-Təlim Mərkəzi yaradılıb: 

"Hazırda İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sürücülərə xüsusi təlimlər keçirilir, oyunlardan sonra isə bütün Bakıdakı daşıyıcıların sürücüləri ora cəlb olunacaq. Ora cəlb olunan sürücülər sürməyi öyrənmək məqsədilə deyil, sadəcə avtobusda davranış, avtobusu düzgün idarə etmə, tormozlama, sərnişinlərlə danışıqla bağlı nəzəriyyələr öyrədilir. Mən istəmirəm ki, sahibkar istədiyi sürücünü işə götürsün. Sahibkara sürücü lazım olanda bizə müraciət edəcək, bizim təlimlərdən keçən sürücülər həmin daşıyıcının xəttində işlə təmin olunacaqlar. Hər hansı sürücü 1 ay ərzində hər hansı sərnişinlə kobud rəftar edərsə və yaxud da qayda pozuntusu olarsa, bu istiqamətdə biz əlimizdən gələni edəcəyik. Birincisi, həmin sürücü "qara siyahı”ya düşəcək və bundan sonra o sürücü digər daşıyıcılarda işləyə bilməyəcək. Əgər ölümcül qəza olarsa, həmin sürücünün "D” kateqoriyasının ləğv edilməsi üçün işlər görüləcək. Bu məsələni digər dövlət qurumları qarşısında qaldıracağıq”.

Sürücülərin təlim kurslarına cəlb edilməsi birinci dəfə deyil. Bakının 2012-ci ildə ev sahibliyi etdiyi "Avroviziya” mahnı müsabiqəsi, ötən il I Avropa Oyunları öncəsi də sürücülər kurslara cəlb edildi, davranış qaydaları, ingilis dili öyrədildi. Amma nədənsə, biz gündəlik həyatımızda - ictimai nəqliyyatda bu etikalı, xarici dilli sürücülərə heç rast gəlmədik. Xüsusən də 39 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobuslarında. Bir neçə gün öncə metronun "Elmlər Akademiyası” stansiyasının çıxış qapısının önündəki dayanacaqda 39 saylı marşrut avtobusuna minmişdim. Sürücünün dostu kefini qaldırmaq üçün maqnitofonun səsini qaldırmışdı. Meyxananın səsi avtobusu almışdı başına. Sərnişinlər buna etiraz etdilər. Sürücü cavan oğlan hövlnak özünü çatdırdı: "Nə olub?” . Sərnişinlər etiraz etdi ki, o mahnını "yığışdır”. Sürücü musiqini kəsmək əvəzinə, mahnını dəyişdirdi. Sərnişinlər təkrar etiraz edəndə "nə istəyirsiz, meyxananı qoymaduz, türk mahnısı "qoymuşam da” dedi. Bunun üzərinə avtobusda mübahisələr qızışdı. Sürücüyə ittihamlar "yağmağa başladı” - belə edirsiz ki, "avariyalar” olur, camaatı bədbəxt edirsiz, özünüz də bədbəxt olursuz, və s. Sürücü "bezdi” və dilə gəldi "nə istəyirsiz, gecəni yatmamışam, mahnı qoymuşam ki, bir az beynim ayazısın”.

Sual edən lazım idi ki, gecəni yatmayan sürücü səhər sükan arxasında "nə gəzir?”. Getdiyim ünvana çatdığımdan avtobusdan düşəsi oldum. 

O sualsa hələ də açıq qalıb. Avtobusun dövlət nömrə nişanını qeyd etməyə lüzum görmədim. Çünki bundan öncə bir neçə dəfə Bakı Nəqliyyat Agentliyinə 39 saylı marşrutun sürücüləri ilə bağlı şikayətlər etmişdim. Sürücünün siqaret çəkməsi, sükan arxasında çay dəstgahı açması, sərnişinlərlə kobud rəftarı barədə. Avtobusun nömrəsini də bildirmişdik. Hətta qaydaları pozan sürücülərin fotolarını da "Şərq”də yerləşdirmişdik. Amma faydası olmadı. Hər halda biz həmin sürücülərə qarşı hansı tədbir görüldüyündən xəbərsiz qaldıq. Ona görə də gecəni yatmamış, yuxusuz halda avtobus idarə edən sürücü barədə də şikayətə ehtiyac görmədik. Növbəsini başa vurub, gedib yatacaq necə olsa. Sadəcə, məsələ bundadır ki, təlim keçilən sürücüləri biz niyə görmürük? Bu sürücülərə neçə dəfə demək olar ki, siqaret çəkib tüstüsünü sərnişinlərin sifətinə üfürməyin, avtobus diskoteka, konsert salonu deyil, heç çayxana da deyil. Sükan arxasında mobil telefonla danışmaq olmaz... Bircə sükan arxasında küftə-bozbaş yeməkləri qalıb, onu da "peraşki” əvəz eləyir. Bakı Nəqliyyat Agentliyi təlim keçəndə təkcə beynəlxalq yarışlara köklənməsin. Hər gün xəttə çıxan sürücülərə ictimai nəqliyyatda davranış qaydalarını öyrətsin.

Məlahət Rzayeva