Vidadi Babanlının 90 illik yubileyi qeyd olunur




Bu gün tanınmış nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlının 90 illik yubileyi qeyd olunur.

Sherg.az -ın xəbərinə görə, tədbir "Qazax Cəmiyyəti” İctimai Birliyinin (Qazax Xeyriyyə Cəmiyyəti) təşəbbüsü ilə baş tutur. Və mərasimə ölkənin çoxsaylı ziyalıları qatılacaq. 

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı ) kəndində müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya təhsil alıb. (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləyib, sonra Bakıya köçüb, "Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb.

1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulub (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər” nəşriyyatında kütləvi tirajla buraxılıb (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanıb. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya , Fransa , İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olub.