İnternet-klublara giriş məhdudlaşdırılacaq

Yaşı 12-dən aşağı olan uşaqları internet klublarına valideyn gətirməlidir

Son zamanlar azyaşlı və yeniyetmələrin internet-klublara axışdığının şahidi oluruq. Əsasən də məktəbliləri qeyd etmək olar. Belə ki, dərs vaxtı bitən kimi dərhal internet klublara üz tuturlar. Bu da sözsüz ki, azyaşlı uşaqların xeyrinə deyil. Azyaşlıları kompyuterə cəlb edən amil sözsüz ki, virtual oyunlardır. Lakin azyaşlılar anlamırlar ki saatlarla qaldıqları bu məkan onlara ziyandan başqa heç nə verə bilməz. Uşaqların internetdən asılılığı üzündən dəfələrlə şahidi olduğumuz ailə faciələri, xoşagəlməz hadisələr hər ailədə internetdə arzuolunmaz saytlara çıxışın məhdudlaşdırılmasını gündəmə gətirib. Belə ki, Azərbaycanda uşaqların internet klublarında internetdən istifadəsi ilə bağlı bəzi məhdudiyyətlərin qoyulacağı, klubların fəaliyyətinə nəzarətin gücləndiriləcəyi gözlənilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təhsildən yayınma və uşaqlar arasında zorakılıq hallarının baş verməsinə əsaslı təsir göstərən amillərdən biri məhz uşaqların internetdən kortəbii istifadəsi hallarıdır. Bunu nəzərə alan Dövlət Komitəsi beynəlxalq, xüsusilə Türkiyə təcrübəsini ətraflı öyrənərək uşaqların internetdən təhlükəsiz istifadəsi məqsədilə təkliflər hazırlayıb. Təkliflər internet klublarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi istiqamətində proqramların hazırlanmasını nəzərdə tutur.

Təkliflərdə qeyd edilib ki, yaşı 12-dən aşağı olan uşaqları internet klublarına valideyn gətirməlidir. Yaşı 14-dən yuxarı olan uşaqlar isə saat 20:00-dan sonra internet klublarına yalnız valideynlə birgə gələ bilərlər. Təkliflərdə bildirilib ki, internet klublarında uşaqların qumar, fiziki zorakılıq və digər zərərli vərdişləri təbliğ edən oyunlardan istifadəsi, uşaqların dərs zamanı internet klublarına gəlməsi qadağan edilsin. İnternet klubunun müvafiq rəhbər işçisi tərəfindən xüsusi elektron cədvəl hazırlansın və cədvəldə internetdən istifadə edən uşaqların qeydiyyatı aparılsın. Bu cədvəl yoxlama zamanı müvafiq şəxslərə təqdim edilməsi üçün istifadə edilə bilər. O da qeyd edilib ki, internet klublarında siqaretin çəkilməsi üçün ayrıca yer müəyyənləşdirilsin. Orada uşaqlar üçün xüsusi kompyuterlər ayrılsın və onlarda filtrasiyalı proqramlar quraşdırılsın, internet klublarında kameralar yerləşdirilsin. Komitə tərəfindən hazırlanan bu təkliflər artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilib. RİTN qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yeni layihələr hazırlayan zaman bu təkliflərdən istifadə edə bilər.

Dövlət Komitəsindən o da əlavə edilib ki, internet klublarına nəzarət edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilməsi məqsədilə təklif hazırlanıb: "Uşaqların tərbiyəsinə internet klubları təsir edir. Düşünürük ki, İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişiklik etməklə internet klublarının fəaliyyətinə hüquq-mühafizə orqanlarının nəzarət etməsini təmin etmək olar”.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib ki, internetklublar bəzi gəncləri özünə həddindən artıq cəlb edib. İndiki dövrdə demək olar ki, internet klublar gənclərin mənəvi evinə çevrilib, bugünkü gənclik gününün əksər hissəsini həmin məkanlarda keçirir. Ən pisi də odur ki, gənclər internetdən daha səmərəli istifadə etmək, özləri üçün vacib olan maraqlı informasiyalar əldə etmək əvəzinə, mənəviyyata ziyan vuran, onların tərbiyəsini pozan məlumatlar əldə edirlər. Hətta bəzən internet onların həyatına da bais olur. Odur ki, biz problemin kökündən həll edilməsi üçün zəruri addımları atmalıyıq. Problemi köklü həll etmək üçün isə bir mexanizm işlədilməlidir. Düşünmək lazımdır ki, biz necə edək ki, uşaqlar dərs vaxtı internet-klublara getməsinlər və asudə vaxtlarında gedərkən də internetdən səmərəli istifadə etsinlər. Bunun üçün də mütləq maarifləndirmə işləri aparmağa ehtiyac var: "Mən bu günə qədər yazılan tək-tək məqalələrdən başqa, hələ görməmişəm ki, bu problem istiqamətində bir maarifləndirici layihələr həyata keçirilsin. Heç vaxt rast gəlməmişəm ki, valideynlərə ciddi şəkildə xəbərdarlıq edilsin ki, övladını nəzarətdə saxla. Çünki uşaqların öz məsuliyyətini dərk etməsi üçün ilk vəzifə valideynlərin üzərinə düşür. İlk öncə valideyn övladlarına aşılamalıdır ki, internetdən istifadə onun gözlərinə, sağlamlığına ziyandır. İkincisi isə onlara başa salmaq lazımdır ki, internetdən yalnız müəyyən zaman kəsiyində və yalnız faydalı məlumat almaq üçün istifadə etmək lazımdır, mənəviyyatsız, insanların psixologiyasına mənfi təsir edən saytlara girmək yox. Bu prosesdə ailənin üzərinə ciddi yük düşür. Ona görə də bu problemin həlli istiqamətində hər hansı bir iş görmək istəyirlərsə, ilk növbədə valideynlərlə söhbət aparmaq və onları bu istiqamətdə maarifləndirmək lazımdır”. Cəmiyyətdə yaranan bu cür problemlərə boşluğun səbəb olduğunu deyən Ə.Ağayev insanın marağı, onun ürəyinin istəkləri təmin olunmayanda, o, özbaşına içindəki həmin boşluğu haradasa, nəyləsə təmin eləmək istədiyini bildirib. Özbaşına ödənilən təminat da ciddi olmadığı üçün sonradan ciddi fəsadlar yaradır. Buna görə də gənclərlə xüsusi söhbətlər aparılmalı, onları düzgün yola istiqamətləndirmək lazımdır. Bunun üçün QHT-lərin bu sahədə aktivləşməsi, gənclərə diqqətlərinin artırılması lazımdır. Bundan başqa dövlətin təhsil siyasəti gəncləri mənəviyyat, mənəvi dəyərlərə sahib olmaq cəhətdən düzgün istiqamətləndirməlidir. Onlara nəyin yaxşı, nəyin pis olduğunu vaxtında və düzgün şəkildə aşılamaq lazımdır. Layihələr, xüsusi təbliğatlar vasitəsilə gənclərə başa salmaq lazımdır ki, internetklublarda internetlə boş yerə məşğul olan zaman, həm onların vaxtı, zamanı gedir, həm sağlamlığı gedir, həm də oradan aldığı məlumatlar onları psixoloji cəhətdən sarsıdır və bu da bəzən xoşagəlməz hallarla sonlanır. Təhsil eksperti hesab edir ki, gənclərin internetklublara getməsinə və orada internetdən istifadə etməsinə güclü nəzarət olmalıdır. Bunun üçün isə təhsil strukturunun gücü kifayət deyil. Amma güc strukturları buna ciddi nəzarəti ələ ala bilər. Polis idarələri bu məsələnin üzərinə düşməli və problemə obyektiv, daha ciddi yanaşmalıdır. Bəlkə o zaman nəyəsə nail olmaq mümkün olar: "Təkliflərə gəldikdə isə təqdirəlayiqdir. Ancaq əsas onun işlənmə mexanizmidir. Qadağalarla, sərt xəbərdarlıqlarla nəyəsə nail olmaq olmur. Bu, birmənalıdır”.