“Məndə həmişə təzyiq problemi olub”

Əjdər Həmidov: “Həkimlər dedi ki, xəstəxanaya gedək, yoxsa insult keçirərsən”
“Əgər sən həqiqətən güclü aktyorsansa, ikinci dərəcəli obrazı da elə güclü oynayarsan ki, diqqət mərkəzində olarsan, sənin obrazın tamaşaçıda maraq yarada bilər. Böyük rolu oynamağa nə var ki?”

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib. Bu barədə sənətkarın özü məlumat verib. Əjdər Həmidov hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunduğunu deyib. Aktyorun sözlərinə görə, onun təzyiqi qalxıb. Əməkdar artist "Şərq”ə durumu ilə bağlı açıqlama verdi.

- Deyəsən, səhhətinizdə narahatlıq yaranıb?

- Bu aylar qanqaynayan vaxtdır, təzyiqi olanlar üçün təhlükəlidir. Bir az narahatlıq oldu. Həkimlər dedi ki, xəstəxanaya gedək, yoxsa insult keçirərsən. Əslində məndə həmişə təzyiq problemi olub. İndi özümü yaxşı hiss edirəm. Darıxıram. Məni ən çox üzən də budur. Aktyor adamam, səhnə, dostlarım üçün darıxıram. Sənət adamları bir yerdə otura bilmir. 2-3 günə xəstəxanadan buraxılacam. Tamaşalarımda da inşallah oynayacam.

- Deyirsiz yaradıcı insan tez darıxır. Səhnədən uzaq qalmaq çətindi?

- Düzünü desəm, özümü səhnəsiz təsəvvür etmək istəmirəm. Çünki teatr, səhnə, çəkiliş meydançası aktyoru yaşada bilən sehrli məkandı. Orda sən özünü lazımi və daha vacib hesab edə bilirsən.

- Bu günə qədər oynadığınız obrazlarda özünüzün seçim imkanlarınız olubmu?

- Mənim üçün obrazın heç bir fərqi olmayıb. Obraz xarakterimə zidd olsa da, mənim ruhuma yaxın olsa da, əsas odur ki, mənə həvalə olunanı tamaşaçıya təqdim edə bilim. Aktyor ona həvalə olunan bütün obrazları oynamağı bacarmalıdır. Aktyorun əslində seçim imkanı adətən olmur. Rejissor səni hansı obrazda görürsə, onu da sənə həvalə edir. Artıq sən obrazı tamaşaçıya nə dərəcə sevdirə bilirsən, bu, aktyorun istedadının göstəricisi olur.

- Arzuladığınız, amma bu günə qədər oynamadığınız yəqin ki, rol olmamış deyil. Gözünüz qalan obraz olubmu?

- Mən heç vaxt hansısa rol arzusunda olmamışam. Elə bir iddiam da olmayıb. Demək olar bir çox xarakterik obrazları oynamışam. Gözüm qalan obraz olmayıb, inanın səmimiyyətimə. Bəlkə də iddialı olmamışam, ona görə. Mənim aktyor həyatımda elə bir iddiam olmayıb ki, onu arzulayım, amma olmasın. Rejissor mənə hansı obrazı həvalə edibsə, onunla qane olan aktyor olmuşam. Teatrda rol davası edən aktyor olmamışam. Mən baş rol da oynamışam, ikinci dərəcəli obraz da yaratmışam.

- Aktyor üçün rolun böyük-kiçiyinin fərqi olmalıdımı? Bəzilərinin fikrincə, baş obrazda olmaq aktyor imkanlarını daha çox göstərməyə şərait yaradır.

- Mən bu fikirlə qətiyyən razılaşa bilmərəm. Bilirsiz, aktyor üçün rolun, böyük-kiçiyi olmamalıdır. Əsl aktyor üçün rolunun kiçikliyi önəmli olmamalıdır. Mən istedadlı, güclü aktyor ona deyirəm ki, kiçik obrazı elə güclü yarada bilsin ki, baş rol qədər maraq yaratsın. Aktyor var ki, baş rolu belə ucuz, cılız təqdim edə bilir. Faciə onda olar. Yoxsa mənə ikinci dərəcəli obraz veriblər, mən bunu oynaya bilmərəm, demək düzgün deyil. Əgər sən həqiqətən güclü aktyorsansa, ikinci dərəcəli obrazı da elə güclü oynayarsan ki, diqqət mərkəzində olarsan, sənin obrazın tamaşaçıda maraq yarada bilər. Böyük rolu oynamağa nə var ki? Gücün çatır kiçik obrazı güclü yarat. Aktyor var ki, çox iddialıdır, deyir mən ancaq baş rol oynamalıyam. Amma aktyor da var ki, epizodik obrazla da tanına bilir, yadda qalır. Bu, əsl sənətdi. Məmmədsadıq Nuriyev tamaşasının yaddaşında necə qala bilib. Baxmayaraq ki, kiçik obrazlar da yaradıb. Amma onun yaratdığı kiçik, epizodik obrazlar belə bu gün də teatr tarixində izini qoyub. Fazil Salayev bir aktyor kimi tamaşaçı tərəfindən o qədər sevilib ki, bu gün də onun aktyor yaradıcılığı yaxşı mənada müzakirə edilir. Amma oynadığı rolların əksəriyyəti epizodik obrazlar olub. Amma baş rol oynayan çox aktyorlardan daha yaddaqalandı. Onlar xalqın yaddaşında necə qalıblar? Baş rol oynayıblar ki? Amma obraz yaradıblar. Böyük aktyor odur ki, kiçik obrazda özünü göstərə bilsin. Böyük rolda özünü göstərməyə nə var ki? Kiçik obrazla tanınmaq hər aktyorun işi deyil.

- Yeni çəkilən serialları izləyirsizmi? Bu filmlər sizi qane edirmi?

- Deyim ki, çəkilən seriallar məni tam qane edir, bu, yalan olar. Deyim ki, heç bəyənmirəm, bu da ədalətli olmaz. Çünki serial təcrübəsi bizdə hələ yeni-yeni formalaşır. Biz bu gün çəkilən yerli seriallarımızı xarici seriallarla müqayisə edə bilmərik. Çünki müqayisə üçün illər lazım gələcək. İki serialda çəkilmişəm.

- Sizi dəvət edən az olur, rejissorun peşəkarlığı, qonorar və digər məsələlər seçiminizə təsir edə bilir?

- Deyim ki, dəvətlər çox olub, qəbul etməmişəm, bu düzgün olmaz. Dəvət iki dəfə gəlib, çəkilmişəm. Mənim üçün qonorarın çox olub, olmaması önəmli deyil. Mənə elə gəlir ki, aktyor üçün rolun keyfiyyəti maraqlı olmalıdır, qonorarı yox. Mən qonorarı düşünən aktyor olmamışam. Əgər dəvət gəlsə, yenə də çəkilərəm. Əsas odur ki, yaxşı rol olsun, dəvət gəlsin.

- Bəs niyə dəvət az gəlir sizə?

- Artıq bunu mən deyə bilmərəm. Bu suala rejissorlar cavab verə bilərlər. Mənə gələn dəvətləri təbii ki, gözləyirəm. Əgər dəvət gəlsə, çəkilərəm. Mənim üçün əsas yaradıcılıqdı, yaxşı obraz yaratmaqdı. Mən "Kişi sözü” filmində yaratdığım obrazdan sonra ardıcıl 22 filmdə çəkilmişəm. Mən Leyla Bədirbəyli, Əfrasiyab Məmmədovla, Muxtar Afşarovla çəkilmişəm. Biz onlardan öyrənmişik. Əgər orda obrazı güclü yaratmasaydım, yəqin ki, bu qədər dəvət gəlməzdi. Mən elə güclü aktyorlarla bir arada çəkilmişəm, elə güclü karifeylərlə tərəf-müqabili olmuşam ki, bu mənim aktyor kimi formalaşmağıma, özümü tapmağıma təsir göstərə bilib. Niyə bu gün çəkilən filmləri, serialları tamaşaçı bəyənmir? Çünki orda güclü aktyor heyəti olmur. Gənc aktyorlar kimdən öyrənməlidirlər? Təbii ki, təcrübəsi olan aktyorlardan. Aktyorun formalaşmasında çəkiliş meydançasının, səhnənin müstəsna rolu var. Eyni zamanda təcrübəli aktyorlarla bir arada olmaq sənə öyrənmək üçün imkan yaradır. Mən bu gün də öyrənməyə maraq göstərirəm. Amma indiki gənclər istəyirlər bir günə məşhur olsunlar. Bir günə məşhur olmaq olmur. Olsan belə, qısa zamanda unudulursan. Seriallarda ən azı 5-6 peşəkar aktyor çəkilməlidir ki, gənc aktyorlar da çəkiliş meydançasında onlardan nəsə götürə bilsinlər. Nə qədər istedadlı olsan da, təcrübə sözünü deyir. Nə qədər istedadın olur olsun, təcrübən olmalıdır. İndikilər o qədər iddialıdır ki, özlərindən başqasını görə bilmirlər. Yaradıcı insanda iddia gözəl xüsusiyyətdi. Amma bir aya aktyor yetişmir. Bunun üçün aktyordan zaman, əmək, səbr tələb olunur.

Tahirə Məmmədqızı