Azərbaycanın rolu daha da güclənəcək

Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda reallaşması tarixi hadisədir


Paytaxtımız növbəti beynəlxalq nüfuzlu tədbirə hazırlaşır. Mayın 4-dən 6-dək Azərbaycan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Yenə də dünyanın siyasi və mədəni həyatında xüsusi çəkisi olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, siyasətçilər, hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, alimlər Bakıya üz tutacaqlar.

3 gün davam edəcək Forumda beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-a yaxın sessiya və tədbir keçiriləcək. Sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tədbirləri dünya televiziyaları vasitəsi ilə canlı yayımlanacaq. 

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Təşkilat Komitəsi və beynəlxalq işçi qrupunun katibi Vasif Eyvazzadə deyib ki, ÜMDF-nin yüksək səviyyəli tədbirləri BMT tərəfindən həm onların televiziyası, həm də internetdə canlı yayımlanacaq: "Forum bilavasitə BMT-nin tədbiri olmasa da, təşkilat vasitəsilə canlı yayım təmin ediləcək. Bu, bir ilkdir”. İslam Əməkdaşlıq Təşkilatının baş katibi də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. İƏT-in baş katibi Forum iştirakçıları qarşısında bəyanatla çıxış edəcək. Çıxışda tarixboyu tolerantlıq, dinc yanaşı yaşama və mədəni müxtəliflik ideallarını təşviq edən islam mədəniyyətinin və islam sivilizasiyasının xüsusi rolu vurğulanacaq.

Ümumiyyətlə, Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənəvi xarakter alıb. Buna səbəb ölkəmizdə bütün xalqların nümayəndələrinə bərabərhüquqlu vətəndaş statusunun verilməsi, din və vicdan azadlığının tam şəkildə bərqərar olunmasıdır. Üstəlik, dövlətin və dövlət başçısının sadalanan sahələrə xüsusi diqqət yetirməsi ölkəmizin gücünü birə beş artırıb. Təsadüfi deyil ki, müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilib. Azərbaycanın yürütdüyü siyasət beynəlxalq humanitar təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Məhz bu münasibətin nəticəsidir ki, 4-6 may tarixlərində ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək. Yeri gəlmişkən qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi” təşəbbüsü çərçivəsində reallaşır. Etiraf edilməlidir ki, dövlət başçımızın qlobal miqyaslı təşəbbüsü beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilib. Nəticə etibarilə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlar Forumun tərəfdaşları kimi çıxış etmək qərarına gəliblər. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin məqsədyönlü və əsaslı siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Forumun keçirilmə məkanı üçün yekdilliklə Azərbaycan paytaxtının seçilməsi qərarı təkcə ölkəmizin geosiyasi əhəmiyyəti ilə deyil, həm də ölkəmizin ilkin bəşər mədəniyyətinin təşəkkül tapdığı ərazilərdən biri olması ilə bağlıdır. Azərbaycan bütün tarixi dövrlərdə dünya mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə layiqli töhfələr vermiş məkan kimi məşhurdur. Günümüzə gəldikdə isə demək olar ki, tarix boyu beynəlmiləlçiliyi və tolerantlığı ilə seçilən Azərbaycan müasir mərhələdə müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan statusunu daşıyır.

Məlumat üçün deyək ki, Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunacaq. Dialoqa yönələn maneələr nəzərdən keçiriləcək və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə ediləcək. Forum, həmçinin, təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaradacaq. Dünyanın bütün qitələrindən təşrif buyuracaq 700-ə yaxın insanın təmsil olunduğu Forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri, səfirlər, deputatlar, diplomatlar, jurnalistlər təmsil olunacaqlar. Heç şübhə yoxdur ki, Dialoq Forumu kimi qlobal layihənin növbəti dəfə Azərbaycanda reallaşması işğalçı Ermənistanı dünyəvi humanitar prosesdən bir daha təcrid etmiş olacaq. Xatırladaq ki, indiyə qədər ölkəmizdə keçirilən üç Mədəniyyətlərarası Dialoq Forum nəticəsində xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi deməyə əsas verir ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Bu, xalqları daha da birləşdirir və insanlar arasında dostluq, mehriban qonşuluq əlaqələrini daha da gücləndirir. Amerikalı politoloq Piter Teys də bildirib ki, Mədəniyyətlərarası Dialoq Forumu dinlərarası birgəyaşayış platforması kimi Azərbaycanın rolunu daha da gücləndirəcək: "Mayın 4-6-da Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumu dinlərarası və mədəniyyətlərarası birgəyaşayış üçün platforma kimi Azərbaycanın rolunun möhkəmlənməsində mühüm dayaq nöqtəsidir. Tədbir dünyada zorakılıq və qəddarlığın müşahidə olunduğu zaman dünyanın diqqətini Azərbaycana cəlb edəcək. Bu həftə Bakı qlobal paytaxta çevriləcək. Çoxsaylı xarici qonaqlar təkcə Bakıda yox, həm də Azərbaycanın digər bölgələrində mədəniyyət abidələri barədə daha ətraflı öyrənmək imkanı əldə edəcəklər”.

İsmayıl