İranın daha çox simpatiyası Ermənistana olub
Qonşu ölkənin siyasiləri Qarabağ mövzusunda heç vaxt səmimi münasibət sərgiləməyiblər
"Dağlıq Qarabağ münaqişəsi bir ölkə tərəfindən həll edilə bilməz”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. XİN rəsmisi bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır. Qasıminin sözlərinə görə, münaqişənin həllində çoxlu faktorlar var:
"Münaqişənin çözümü onun həllində rol oynayan bütün amillərin həmrəyliyi ilə mümkündür”. İran rəsmisi bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ən önəmli amillərdən biri xalqdır: "Bu məsələyə ciddi yanaşmaq lazımdır. Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil”.
Ekspertlərin fikrincə, Bəhram Qasiminin fikirləri rəsmi Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını ortaya qoyur. Əslində iranlı diplomatın bu mövzuda hər cümləsi xüsusi mesaj əhəmiyyəti daşıyır. Diplomatın sonuncu cümləsindəki "xalqın rolu” ifadəsi xüsusi diqqət çəkir. Qasımi Azərbaycan xalqının rəyini nəzərdə tutur, yoxsa Dağlıq Qarabağda yaşayan erməniləri?! XİN sözçüsünün "çoxlu faktorlar birləşməlidir ki, münaqişə həll olunsun” fikirləri də maraqlıdır. Söhbət hansı çoxlu faktorların birləşməsindən və həmrəylikdən gedir? Azərbaycan üçün əsas faktor ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması və məcburi köçkünlərin geri qayıtmasıdır. Ermənistan hakimiyyəti üçün isə tam əksinə, statusu müəyyənləşdirən referendumun keçiriilməsidir. Bu iki yanaşma da eyni sənəddə əks oluna bilməz. Elə buna görədir ki, Minsk Qrupu həmsədrləri 20 ildən çoxdur bu iki ziddiyətli prinsipi vahid sənədə daxil edə bilmirlər və danışıqlar nəticə vermir. Buna baxmayaraq, iranlı diplomat bütün ziddiyətli "faktorların” hamısının nəzərə alınmasının vacibliyini bildirir. Şərhçilərə görə, iranlı diplomatın "böhranı bir şəxs və ya bir ölkə həll edə bilməz” fikri böyük ehtimalla Rusiyaya aiddir. Çünki son illərdə iki həmsədr dövlət - Fransa və ABŞ faktiki Dağlıq Qarabağ münaqişəsinin həlliylə məşğul olmurlar. Münaqişənin həllindəki əsas vasitəçi dövlət Rusiyadır. Görünür, Tehran Rusiyanın təkbaşına vasitəçiliyinə qısqanclıqla yanaşır və İranın da bölgədəki maraqlarının nəzərə alınmasını istəyir.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı "Şərq”ə açıqlamasında bildirib ki, İran münaqişənin yaranma prosesindən bu yana ancaq xüsusi məqamlarda məsələyə münasibət bildirib. İki məqamda isə daha mühüm rol oynamağa çalışıb. Bu məqamların birincisi, 1992-ci ilin fevralı, ikincisi isə həmin ilin may ayıdır:
"İran 25 ildir davam edən münaqişənin həlli prosesində sadəcə iki dəfə xüsusi rol oynamağa cəhd edib. Digər vaxtlarda isə sadəcə quru bəyanatlar verib. İranın münaqişə tərəflərinə münasibətini də birmənalı dəyərləndirmək olmur. Rəsmi Tehran yeri gələndə, düşmən ölkənin, bəzi vaxtlarda isə Azərbaycanın xeyrinə fikirlər səsləndirib. Amma erməni rəsmiləri özləri də qeyd edirlər ki, "İran Ermənistan üçün nəfəslik rolunu oynayır”. Yəni düşmən ölkənin başı sıxışanda İran dərhal onların köməyinə çatır”. Ekspertin sözlərinə görə, İran rəsmilərinin münaqişənin həlli ilə bağlı açıqlamaları daha çox qeyri-müəyyənliyə, mücərrədliyə əsaslanır: "İran "ərazi bütövlüyü” prizmasından məsələyə yanaşdıqda belə açıq şəkildə işğal sözünü işlətmir. BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş layihələr səsverməyə çıxarılanda İran həmin layihələrə qeyri-müəyyən münasibət sərgiləyir. Ya səsvermədə iştirak etmir, ya da müxtəlif bəhanələr gətirir. Türkiyəni "Azərbaycanı qızışdırmaqda” ittiham edən İran heç vaxt bu cür qətiyyətlə işğalçı Ermənistanı və onu qızışdıranları tənqid etmir. Ona görə də hesab edirəm ki, Qasıminin açıqlamaları xüsusi məna kəsb etmir. Çox arzulayardıq ki, İran İslam Respublikası öz adındakı islam sözünə və qonşuluq prinsiplərinə uyğun davranaraq daha konkret mövqe nümayiş etdirsin”.
Politoloq İlqar Vəlizadə də "Şərq”ə deyib ki, iranlı diplomatın dediklərində ciddi yenilik yoxdur. Ekspertə görə, İran uzun müddətdir münaqişənin həlli prosesində özünün maraqlarının təmin olunmasına çalışır:
"İran əvvəlki mövqeyindən çəkilməyib və 1992-ci ildən bu yana məsələyə eyni prizmadan yanaşır. Rəsmi Tehranın məsələyə yanaşmasında ikili standart özünü açıq şəkildə göstərir. Düzdür, bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Hətta bəzi İran siyasətçiləri birbaşa rəsmi Bakının mövqeyini müdafiə edən açıqlamalar veriblər. Amma daha çox simpatiya Ermənistana olub, düşmən ölkə hərtərəfli dəstəklənib. İran tərəfi heç vaxt Ermənistanı tənqid etməyib. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələri Ermənistanı təcavüzkar adlandırıblar, münaqişədə günahkar tərəfin ermənilər olduğunu deyiblər. Ancaq İran ikili siyasətdən əl çəkməyib. Düşünürəm ki, İran konkret seçim etməyə qorxur. Çünki Tehran fərqindədir ki, əgər müharibə başlayarsa, Azərbaycanı müdafiə etməyə məcbur olacaq. Amma hələlik Ermənistanı əlindən buraxmaq istəmir”.
İsmayıl