Bakı ABŞ-ın Qarabağ məsələsində aktiv rol alacağına ümidlə yanaşır

Ekspertlər hesab edir ki, nüfuzlu Qərb təşkilatları üzərinə düşən zəruri addımları atmalıdır


"ABŞ Rusiyanı qıcıqlandıra biləcək bölgələrdə lüzumsuz fəallıq göstərməməyə çalışır”. Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza deyib. Ekspertin sözlərinə görə, Donald Tramp hələlik Cənubi Qafqazla bağlı dəqiq siyasət hazırlamayıb:

"ABŞ-ın lüzumsuz fəallıqdan uzaq qaçmaq tendensiyası hələ Barak Obama administrasiyası dövründə formalaşıb. Obamanın fikrincə, ABŞ dünyada həddən çox fəal siyasət aparırdı, ona görə də o, ABŞ siyasətini daha sakit məcraya yönəltməyə qərar vermişdi. Hələlik Tramp da bu siyasəti davam etdirir”. 

Həmçinin, M.Brayza vurğulayıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində lider rolunu üzərinə götürüb. Amerikalı siyasətçi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən həftə Moskvada baş tutmuş görüşünü "Moskva prosesi” adlandırıb. Ekspertin sözlərindən aydın olur ki, ABŞ üzərinə götürdüyü həmsədrlik missiyasını əvvəlki kimi passiv çərçivədə yürütməyə üstünlük verir. 


Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Azərbaycan tərəfi Amerikanın münaqişənin həlli prosesində aktiv rol oynayacağına ümidlə yanaşır. Deputatın fikrincə, iki həmsədr ölkənin - Rusiya və Fransanın nəticəsiz fəaliyyətləri Vaşinqtonun fəallaşmasına səbəb olacaq: 

"Gördüyünüz kimi, Rusiyanın münaqişənin həllini öz inhisarına götürməsi heç bir müsbət nəticə verməyib. Ona görə də haqlı olaraq gözləyirik ki, ABŞ başda olmaqla beynəlxalq ictimaiyyət, nüfuzlu Qərb təşkilatları üzərinə düşən zəruri addımları atmalıdır. Artıq torpaqlarımızın azad olunmasının vaxtı çatıb. Bu məsələ birmənalı şəkildə Qərb dövlətlərinin müzakirə mövzusuna çevrilməlidir. Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistana ciddi təzyiq göstərilməlidir”. 

Siyasi ekspert Əli Oruclu "Şərq”ə bildirib ki, ABŞ Cənubi Qafqaz regionunda maraqlıdır. Amma Vaşinqton Rusiya və digər faktorları nəzərə almaq məcburiyyətindədir: 

"Donald Tramp və ondan əvvəlki prezident Barak Obama Moskvanın mövqeyini gözardı etməyə risk etmirlər. Zaman-zaman amerikalı rəsmilər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müsbət fikirlər səsləndirirlər. Ancaq ABŞ digər həmsədr ölkələr kimi ikili siyasət yeridir və işğalçı Ermənistana yüksək məbləğdə maliyyə yardımları edir. Əslində həm Amerikanın, həm də Rusiyanın məqsədi münaqişənin tezliklə həll edilməsi deyil, Azərbaycandan hansısa güzəştlər qoparmaqdır. BMT-dəki səsvermələrdə də Amerika bitərəf mövqe sərgiləyir. Çünki ABŞ dünyanın digər bölgələrində mövcud olan münaqişələrə daha çox diqqət ayırır. Dağlıq Qarabağ münaqişəsi Vaşinqtonun xarici siyasətində bəlkə də 15-ci yerdədir. Ona görə də çalışmalıyıq ki, problemi özümüz həll edək”.

İsmayıl