Deputatların xanımları niyə diplomatik pasport daşımalıdır?

Axı onlar da sıravi Azərbaycan vətəndaşlarıdır


Milli Məclisin iclasında "Diplomatik xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə səsə qoyulub və qəbul edilib. Həmçinin "Pasportlar haqqında” qanuna da dəyişiklik qəbul olunub.
Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev maraqlı təklif səsləndirib. O deyib ki, deputatların xanımlarına diplomatik pasport verilməlidir.

Millət vəkili Zahid Oruc bildirib ki, bir qayda olaraq məsələ konkret kimlərəsə imtiyaz istəməkdən getmir. Onun sözlərinə görə, bu parlament nümayəndəsinin ölkəsini daha artıq dərəcədə təmsil edə bilmək, hansısa məqamlarda və proseslərdə ölkəmizlə bağlı işlərə, qərarlara təsir göstərməyi bacarmaqdır. Bəzən hansısa viza prosedurlarını daha sürətlə almaq zərurəti meydana çıxır və millət vəkili təklif verərkən məsələyə məhz bu prizmadan yanaşıb: 

"Həmkarım Qüdrət Həsənquliyev qanunvericilik sistemində kifayət qədər böyük təcrübəyə, peşəkarlığa malikdir. O cümlədən o, beynəlxalq tədbirlərdə də fəal şəkildə iştirak etdiyindən ayrı-ayrı ölkələrin təcrübəsini yaxşı bilir. Avropa Birliyi (AB) arealında məlum vizasızlıq rejiminin Şengen ərazisində olması səbəbindən bir sıra üstün şərait yaşanmaqdadır. Elə ki, Azərbaycandan hansısa rəsmi şəxs tədbirə dəvət olunur, o zaman biz texniki çətinlikləri öz üzərimizdə hiss edirik. Prosesə birbaşa aid olanlar çox yaxşı bilirlər ki, biz nədən danışırıq. Ona görə də həmkarımın bu təkliflə çıxış etməkdə məqsədi parlament üzvlərinin ailə təmsilçilərinə hansısa bir geniş səlahiyyət istəmək deyil. Təklif ondan ibarətdir ki, həqiqətən də hansısa səfərlər zamanı millət vəkilləri bəzi problemləri yaşayırlar. Onların həyat yoldaşlarının hər biri ictimai fəaliyyət daşıyıcısı olmaya bilər. Amma onlar deputat həyat yoldaşı ilə xaricə rahat gedə bilməlidirlər. Bu məsələdə bəlkə də qarşıdakı dönəmlərdə AB ilə Azərbaycan arasındakı danışıqlar nəticəsində vizaların aradan qaldırılması baş verəcək. Onda nəinki parlament üzvü və ya digər hakimiyyət orqanı təmsilçisinin ailə üzvləri, eləcə də bütün vətəndaşlarımız bundan faydalana biləcək. Düşünürəm ki, məsələyə bu kontekstdə yanaşmalıyıq”.

Politoloq Elxan Şahinoğlu isə millət vəkilinin verdiyi təklifi anlamaqda çətinlik çəkdiyini deyib. Onun sözlərinə görə, deputat xanımları da sıravi Azərbaycan vətəndaşlarıdı: 

"Deputatlara diplomatik pasportların verilməsində anormal bir şey yoxdur. Çünki onlar tez-tez xarici səfərlərdə olurlar, Azərbaycanın qanunvericilik orqanını təmsil edirlər. Amma xanımlar niyə o pasporta malik olmalıdır, bunu tam başa düşmürəm?! Əlbəttə ki, deputatlar bu imkanlardan istifadə etməlidirlər. Onlar adi vətəndaşlar kimi viza almaq üçün səfirliklərdə vaxt keçirməli deyillər. Bilmirəm, Qüdrət Həsənquliyev bu təklifi verərkən nəyə əsaslandırıb”.
Yeganə Bayramova