İran öz məhsuluna “zay” dedi

Azərbaycan isə bu ölkədən idxal olunan məhsullarda problem görmür


İran Məclisinin səhiyyə komissiyasının üzvü Bəhruz Bünyadi ölkəsinin kənd təsərrüfatı məhsullarının 35 faizinin kimyəvi çirklənməyə məruz qaldığını deyib.

B.Bünyadi qeyd edib ki, kənd təsərrüfatında pestisidlər və antibiotiklərdən həddən artıq istifadə olunması həmin məhsullarda mikroblara dayanıqlılıq yaradır ki, bu da insan orqanizmi üçün təhlükəlidir. Komissiya üzvü orqanik - təbii məhsulların yetişdirilməsini zəruri hesab edib.

Xatırladaq ki, bir neçə gün əvvəl İrandan ölkəmizə idxal olunan kartofda zərərvericilər aşkarlanmışdı və xeyli məhsul məhv edilmişdi. Hazırda İrandan Azərbaycana təkcə kartof deyil, soğan da, digər meyvə-tərəvəz məhsulları da idxal olunur. Bir halda ki, İranın özündə məhsulların 35 faiz kimyəvi çirklənməyə məruz qaldığı etiraf edilir, o zaman niyə bu məhsulları idxal edirik?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev "Şərq”ə açıqlamasında İrandan meyvə-tərəvəz idxal olunduğunu dedi:

- İran İslam Respublikası ilə Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq edir. İrandan Azərbaycana meyvə-tərəvəz idxal olunur, həmçinin, bizdən də İrana meyvə-tərəvəz ixrac olunur. İrandan bizə gətirilən əsasən kartofdur. 

Meyvə-tərəvəzlərdən pomidor, xiyar, bibər də idxal olunur. İdxal olunan məhsullar Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən müvafiq laboratoriyalarda yoxlanır, məhsulun keyfiyyət göstəricilərinə baxılır. Sizə deyim ki, indiyədək ciddi bir fakt aşkarlanmayıb. İrandan idxal olunmuş kartofda karantin zərərvericilər aşkarlanmışdı, ona görə də 4 ton məhsul məhv edildi. Hansısa məhsulda zərərvericilər aşkarlanarsa, yaxud keyfiyyət göstəricilərində qüsurlar olarsa, biz həmin məhsulu ya məhv edirik, ya da geri qaytarırıq.

Məlahət