Son vaxtlar Əbu ilə başlanan adlara da maraq artıb
Türkmənşəli adlara üstünlük verilməsi özünəqayıdışın parlaq bir nümunəsidir
Azərbaycanda son 5 il ərzində uşaqlara ən az qoyulan və unudulmaq üzrə olan adlar müəyyənləşdirilib. Məlum olub ki, vaxtilə məşhur olan adların bir çoxu bu gün uşaqlara olduqca az qoyulur.
Son 5 il ərzində Nuru 45, Nargilə 44, Nizam 43, Tariyel 40, Əlikram 40, Hafizə 37, Xatın 35, Hamlet adı 31 uşağa qoyulub.
Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqova bildirib ki, bu gün daha çox lakonik, yığcam və türk mənşəli adlara üstünlük verilir.
Xanım professorun sözlərinə görə, müasir dövrdə maarifləndirmə sahəsində türkmənşəli adlara üstünlük verilməsi özünəqayıdışın parlaq bir nümunəsidir:
"Dünənə qədər bizdə Nuray, Nurgün, Aydan, Dəniz, Aylin tipli adlar yox idi. İnsanlar istəyirlər ki, daha çox sadə və rahat səslənən adlara üstünlük versinlər. Araşdırma apararkən 3 istiqamət müəyyən eləmişik. Bir qrup insanlar daha müasir, bir qrup gözəl mənası olan və asan səslənən, bir qrup insanlar isə daha çox dini adlar qoyur. Bu gün dini adlar nisbətən üstünlük təşkil edir. Məsələn, sovet dönəmində Fatimə adı az idi. İndi isə Zəhra, Fatimə adları həddindən artıq gündəmdədir. Bizə Əbutural, Əbuturab və Əbülfəzil adları ilə bağlı müraciətlər olub. Əbu ilə başlanan adlara da maraq artıb. Bəzi insanlar var ki, tarixən babalarından olan adlar qoyub xatirə kimi yaşadırlar.
Müəyyən adlar doğrudan da düşündürücü addır. Məsələn, 2012-ci ildə 1000 uşaq dünyaya gəlirdisə, 800 nəfərə Yusif adı verilirdi. Həddindən artıq eyni adın verilməsi də doğru deyil. Adların hamısı yenidən gündəmə gəlməlidir, yenidən işlənməlidir. Məsələn, Müşfiq və Fizuli adı çox gözəl addır. Ancaq statistika aparanda görürük ki, dünyaya gələn uşaqlardan ikisinə Fizuli və ya Nizami adı verirlər. Türk adlarına da maraqlar var. Bizdə Mehdi adı var, amma daha çox Məhdi formasında yazmaq istəyirlər. Yaxud Əli adının yanına Ali formasını gətirirlər. Amma dilimizin qramatik qaydalarına uyğun olmadığına görə bunları tənzimləyirik”.
S.Sadıqovanın sözlərinə görə, valideynlər övladlarına ad qoymaqda sərbəst olsalar da, düşünüb yeni adlar tapmalıdırlar. Çünki kimsə bir ad qoyursa, insanlar forma, dəb xatirinə həmin adı qoymağa başlayır:
"Bu yalnız indi belə deyil. Sovet dönəmində Aybəniz adı dilə gəldi, sonra hamı bu adı qoymağa başladı. Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti nəşr olunub və orda 6500 ad verilib. Ancaq gündən-günə yeni adlar qoyula bilər və xoşagələn ad olsa, biz yenə onları lüğətə daxil edirik. Lüğəti qeydiyyat idarələrinə vermişik. Təəssüf edirəm ki, yeni adlar axtarılmır və ya dilimizdə olan adlar yenidən qoyulmur. Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub. Hansısa adlar cinsə uyğun olmadıqda və ya gülünc olduqda, bu adların qoyulması qərarlarla tənzimlənir”.
Yeganə Bayramova