Avropada İŞİD-ə qoşulanlar da “müsəlman” olanlardır

“Nəzərdə milliyyətcə ingilis, fransız və alman olanlar tutulmamalıdır”


Böyük Britaniyanın 300-ə yaxın vətəndaşı terrorçu İŞİD qruplaşmasında yüksək vəzifə tutur. Bu barədə ölkənin nüfuzlu "The Telegraph” qəzeti yazıb. Qəzetin bildirdiyinə görə, Suriya və İraqda İŞİD-in tərkibindəki 300 britaniyalı sıravi döyüşçü kimi fəaliyyət göstərmir.

Onlar media və ümumi təbliğata görə, məsuliyyət daşıyırlar. Həmin adamlar Britaniya üçün çox təhlükəlidir”. Nəşr şahidlərin ifadələrinə əsasən vurğulayıb ki, İŞİD-çilər arasındakı həyat həbsxanaya oxşayır: "Bəziləri qalmaq istəsə də, getmək istəyənlər az deyil. Münaqişə gücləndiyindən qruplaşma arasında parçalanma artıb”. 

Məlumat üçün bildirək ki, terrorçu qruplaşma "radikal islamçı təşkilat” sayılsa da, tərkibində xeyli Avropa ölkəsinin vətəndaşı vuruşur. Avropalı İŞİD-çilərlə bağlı zaman-zaman statistik məlumatlar açıqlanır. Həmçinin, onu da xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin də Suriyada terror təşkilatının tərkibində vuruşan 4500 rus vətəndaşının olduğunu demişdi. Ona görə də, bir sıra ekspertlər iddia edirlər ki, İŞİD-ə daha çox qoşulanlar milliyətcə ingilislər, fransızlar, amerikalılar və ruslardır. Ancaq bu iddia ilə razılaşmayan mütəxəssislər də var. 

Məsələn, təhlükəsizlik üzrə ekspert, keçmiş MTN zabiti İlham İsmayıl "Şərq”ə bildirib ki, İngiltərə, Fransa və Almaniya vətəndaşları deyəndə, nəzərdə milliyyətcə ingilis, fransız və alman olanlar tutulmamalıdır. Çünki Avropa ölkələrindən İŞİD-ə qoşulanlar milliyətcə ərəb olanlardır: 

"Ola bilər, üç-beş əcnəbi, amerikalı, avropalı və ya rus terrorçu qruplaşmanın tərkibinə qoşulsun. Amma bütövlükdə Avropa ölkələrindən İŞİD-ə meyl edənlər milliyətcə ərəblər, bir az da türklərdir. Yəni etiqad baxımından "müsəlmanlar” olanlardır. "300 Britaniya vətəndaşı” statistik rəsmi açıqlamadır. Oradakı "vətəndaş” sözü mütləq mənada ingilislər anlamına gəlmir. Fransadakı terror hadisəsini törədənlər həmin ölkənin vətəndaşları idi. Ancaq onlar ərəb milliyətinə mənsub şəxslər idilər. Amerikada baş verən sonuncu terror aktının da arxasında etnik baxımdan ərəblər, əfqanlar və ya çeçenlər dayanırdı. Yəni Avropa vətəndaşı birmənalı şəkildə xristian avropalı sayılmır”. 

Ekspertin sözlərinə görə, Qərb ölkələrində, xüsusən Avropada islam dininə qulluq edən minlərlə vətəndaş var: 

"İŞİD-ə qoşulanlar radikal şəxslərdir. Hətta Avstraliya kimi rahat bir ölkədə belə əfqan, ərəb, fars və başqa millətdən olan radikal dindarlar fəaliyyət göstərirlər. O baxımdan terrorçuluqla məşğul olan Rusiya vətəndaşları deyilən zaman ruslar yox, çeçenlər, ləzgilər və Şimali Qafqazın digər xalqlarının nümayəndələri göz önünə gəlir. Bir daha deyirəm ki, burada məsələni vətəndaşlıq yox, dini mənsubiyyət üzərində qurmaq lazımdır”.

İsmayıl