Türkiyəyə gələcək turistlərin sayı azalacaq

Antalyada ictimaiyyətə açıq yerlərdə sprtli içkilərin istifadəsi qadağan olunub


Antalya şəhər bələdiyyəsi spirtli içkilərin istifadəsinə dair qadağaları sərtləşdirib.
Antalya şəhər təhlükəsizlik idarəsinin rəsmi saytında yer almış məlumatda bildirilir ki, otel, kafe, barlar, həmçinin ictimaiyyətə açıq sahələrdə - parklar, bağlar, xiyabanlar, yaşayış massivləri, avtomobil yolları, istirahət guşələri, arxeoloji qazıntılar aparılan yerlər, dəmiryolu və avtovağzal binaları, küçə və meydanlar, mədəni tədbirlərin keçirildiyi sahələr, nəqliyyat vasitələri və onların park edildiyi yerlər, bir sözlə, ictimaiyyətin gözü qarşısında olan bütün yerlərdə spirtli içkilərdən istifadə etmək, hətta əldə daşımaq qadağandır. 

Qərar ölkəyə gəlmiş turistlərə də şamil edilir. Qadağaların qüvvəyə minməsi ilə Rusiyanın Antalyadakı konsulluğu feysbuk üzərindən Rusiya vətəndaşlarına çağırış edib. Konsulluq Rusiya vətəndaşlarına qadağaları nəzərə alıb, ictimai yerlərdə içkili vəziyyətdə görünməməyi və qadağan olunmuş yerlərdə spirtli içkilərdən istifadə etməməyi məsləhət görüb. Çağırışda bildirilir ki, qayda pozucuları 100 türk lirəsi - 25 avro miqdarında cərimələnəcəklər. Mütəxəssislər isə belə hesab edir ki, bu cür qadağalar ölkəyə gələn turistlərin sayında azalmalara səbəb ola bilər. Turistlər dünyada ən sərbəst təbəqə hesab edilir. Hansısa qadağaların tətbiq edilməsi turistləri narazı salır. Məlumdur ki, Antalya Türkiyədə turistlərin ən çox gəldiyi bölgədir. Lakin müəyyən qadağalar turistlərin bu bölgədən imtinası ilə nəticələnə bilər.

Məlahət