Ekspertlər Rusiyanın XİN nümayəndəsinə Azərbaycandan verilən reaksiyaları qənaətbəxş sayır
Jurnalistimizin sualı “onluğa” dəymişdi
Ona görə Zaxarova bu qədər hiddətləndi
Ekspertlər Rusiyanın XİN nümayəndəsinə Azərbaycandan verilən reaksiyaları qənaətbəxş sayır
Ekspertlər Rusiyanın XİN nümayəndəsinə Azərbaycandan verilən reaksiyaları qənaətbəxş sayır
(... əvvəli ötən sayımızda)
Son günlər Azərbaycan ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən biri də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın jurnalistlərimizi təhqir etməsidir. Azərbaycanlı jurnalistin Dilqəm Əsgərovla bağlı sualından hiddətlənən Rusiya XİN nümayəndəsi jurnalistin sualını cavabsız qoymaqla jurnalistikanın peşə kodeksini kobudcasına pozub. Xanım Zaxarova, erməni separatizminin müdafiəsini üstləndiyindən, azərbaycanlı jurnalistə aşkar qərəzli yanaşmaqdan özünü saxlaya bilməyib.
Halbuki "diplomat” diplomatsayağı cavab da verə bilərdi. Onsuz da indiyədək biz jurnalistlər qonşu dövlətlərin ikibaşlı mövqelərini, "nə şiş yansın, nə kabab” siyasətlərini daim izləmişik. Azərbaycanın haqq davasında - Dağlıq Qarabağ münaqişəsinin çözülməsində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupundakı həmsədr ölkələrin ikili standartlardan çıxış etməsi də artıq heç kimə sirr deyil. Amma azərbaycanlı jurnalistin sualına sakit, anlayışla yanaşmaqla ən azından peşə etikasına riayət etmək olardı. Hansı ki, xanım Zaxarova hətta buna əməl etməyi də özünə rəva görmədi.
Demək ki, qeyri-peşəkarlıq təkcə jurnalistlər arasında olmur, hətta təmsil etdiyi dövlətin, ölkənin daxili və xarici siyasətini müdafiə, bəzi hallarda isə gizləməli olan rəsmi nümayəndələr, sözçülər, mətbuat xidməti rəhbərləri də qeyri-peşəkarlığa yol verməklə, özləri də istəmədən görünməyən həqiqətləri üzə çıxarmış olurlar. Mariya Zaxarova kimi.
Azərbaycanlı jurnalistin kəlbəcərli girovlar məsələsini qabartmasının məqsədi, Rusiya XİN sözçüsünün də bundan əsəbiləşməsinin səbəbi bəllidir. Azərbaycanlı jurnalist Dilqəm Əsgərovu gündəmə gətirməklə Rusiyanın tərəfsiz olmadığını oraya toplaşmış yüzlərlə media mənsubu önündə isbatlayır. Təbii ki, xanım Zaxarova da əsəb keçirir və həm rəsmi nümayəndəyə, həm də bir xanıma yaraşmayan tərzdə davranır.
Azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma DQR məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan "diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədir: "Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə, xamlıqdır. Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün açıq qurum olsaq da, xamlıq etməyə heç kəs icazə verməyib. Odur ki, müəyyən xəbərlərlə bağlı bizə daxil olan müraciətləri biz alqışlayırıq. Sizdən xahiş edirəm, bu halı azərbaycanlı həmkarlarınıza çatdırasınız”. Daha sonra Zaxarova lap irəli gedərək, Rusiya XİN barədə yazılan məqalələrin jurnalistika etikasına sığmadığını bildirib: "Azərbaycanlı dostlarım da bu fikirdədilər. Buna görə də məndən üzr istəyiblər”.
Zaxarova niyə digər Rusiya vətəndaşı Dilqəm Əsgərov haqqında heç bir söz demək istəmir? Hətta əksinə, buna görə Azərbaycan jurnalistlərini təhqir edir?
Səbəb aydındır: Rusiya XİN sözçüsünün qatı və pataloji erməni sevgisi. Kimsə fərd olaraq hansısa xalqa rəğbət göstərə bilər. Amma Zaxarovanın ermənipərəstliyi artıq şəxsi hüdudları aşıb və Rusiya XİN-in mövqeyi kimi görünməyə başlayıb.
Maraqlıdır, M.Zaxarovanın Dilqəm Əsgərovla bağlı suala bu cür kobud reaksiya verməsi haradan qaynaqlanır? Bəs, Azərbaycan mediasını aşağılayan rusiyalı diplomata qarşı Azərbaycan dövlətinin və ictimaiyyətinin reaksiyası qənaətbəxş oldumu?
Mariya Zaxarovanın hər zaman bizim jurnalistlərə qarşı kobud münasibət sərgilədiyini vurğulayan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında bunun da Azərbaycana qarşı aqressiv münasibətindən qaynaqlandığını söyləyib:
"Onun qondarma erməni soyqırımı ilə bağlı erməni xalqına ünvanladığı başsağlığının mətnindən də onun ermənipərəstliyi açıq-aşkar görünür”.
Verilən suala Zaxarovanın cavabının Rusiyanın siyasətinin mahiyyətini açıqladığını vurğulayan baş redaktor qeyd edib ki, Rusiya XİN-in sözçüsünün həmin suala verəcək bir cavabı olmadığı üçün bu cür reaksiyası təəccüblü deyil. Lapşin məsələsində bir əl-ayaq da satın alan Rusiyanı Dilqəm Əsgərovun erməni girovluğunda qalması narahat etmir. Bu da bizə əsas verir ki, digər dövlətlərlə münasibətdə ikili standartlardan şikayət edən Rusiyanın özünün yeritdiyi siyasəti ifşa edir. Jurnalistimizin bu sualı "onluğa” dəydiyi üçün Zaxarova bu qədər hiddətləndi: "Rusiya XİN başçısının diqqətinə çatdırmaq lazımdır ki, Zaxarova kimilərin fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurur, onsuz da Azərbaycanda gözdən düşmüş Rusiyanın imicini tamamilə korlayır.
Zaxarova qarşı Azərbaycandan verilən reaksiyaların nə dərəcədə qənaətbəxş olduğuna gəldikdə isə E.Mirzəbəyli deyib ki, hansı formada reaksiya vermək mümkün idisə, o da verildi:
"Mətbuat nümayəndələri də, Azərbaycan XİN-in sözçüsü də Zaxarovanın jurnalistimizə qarşı etdiyi kobudluğa cavab verib. Təzyiq göstərmək, təhqir etmək imkanlarımız isə yoxdur. Bizə qarşı münasibətinə görə onu məhkəməyə vermək də mümkün deyil. Jurnalistimizi təhqir etdiyinə görə, ondan şikayətçi olsaq belə, Rusiya məhkəməsinin ədalətsiz qərar çıxaracağı inandırıcı görünmür. Sadəcə olaraq başa düşməliyik ki, Mariya Zaxarova kimdir və onun Azərbaycana qarşı münasibəti necədir. Bundan sonrakı mərhələdə Azərbaycan onun suallarına məhz öz üslubunda cavab verməlidir”.
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rusiya XİN sözçüsünün səsləndirdiyi fikirlərə münasibət bildirərkən M.Zaxarovanın özünün "xamlıq” etdiyini dilə gətirib:
"Görünür, M.Zaxarova hadisələrdən o qədər də məlumatlı deyil və D.Əsgərovla bağlı səsləndirilən sualdan yayınmaq, vəziyyətdən çıxmaq üçün belə bir addım atıb. Qeyd edib ki, elə bu cür davranışla da M.Zaxarova əsl xamlığa yol verib. Azərbaycanda söz, mətbuat, fikir azadlığı var. Hər bir media qurumu sərbəst şəkildə istədiyi mövzuya münasibət bildirə bilər, yaxud istənilən jurnalist hər hansı hadisəni şərh edib öz qənaətini, analizini ortaya qoya bilər. Azərbaycanda kifayət qədər ciddi media qurumları, peşəkar jurnalistlər var. Onlar öz qəti, səlis və dəqiq mövqelərini hazırladıqları məqalələrdə böyük peşəkarlıqla nümayiş etdirirlər. Bu baxımdan, Zaxarovanın Azərbaycan jurnalistləri barədə səsləndirdiyi fikirlər təəssüf doğurur. Hesab edirəm ki, onun yanaşması, düşüncə tərzi naşıdır, daşıdığı vəzifəyə qeyri-adekvatdır, peşəkarlıqdan da uzaqdır”.
Yenicag.az saytının baş redaktoru Aqil Ələsgərli isə hesab edir ki, biz Rusiya XİN rəsmisini lənətləyib, söyüb, "ermənipərəst” adlandırmaqdansa, Dilqəmi və erməni girovluğunda olan digər soydaşlarımızı hər platformda müdafiə və təbliğ etməliyik:
"Ancaq lahiyə pullarının nağdlaşdırılması dayandığı üçün üsyan edən QHT-lərin Roma Papasına, ya da ABŞ Prezidentinə Azərbaycan dilində ultimatum verməsinə bənzər, marginal, ancaq özü çalıb-oynayan tərzdə deyil. Dilqəmgilin müdafiəsi üçün bu neçə ildə bir neçə işi çıxmaqla, hansı beynəlxalq səviyyədə iş görmüşük? Bəli, mən Zaxarovanın Azərbaycan jurnalistlərinin ünvanına dediyi sözlərlə qismən razıyam. Elə ondan bizim jurnalistlərimizlə bağlı üzr istəyəni axtarmağınıza da ehtiyac yoxdur. Günah kifayət qədər ciddi tədbirlərə naşı, sualla şərhi qarışdıran jurnalist göndərən redaksiyalardadır. Sual vermək bir istedaddır və mətbuat konfranslarında jurnalistin vəzifəsi sadəcə mikrofonu danışanın ağzına uzatmaq və ya sual vermək yerinə öz fikrinə təsdiq cavabı almaq deyil. Əgər sual jurnalistin ağzında qalırsa, bu onun günahıdır, Mariya Zaxarovanın deyil. Deməli, vəziyyəti elə həddə çatdırıb ki, bu münasibətə layiq görülüb. Artıq istəsək də, istəməsək də, XXI əsrdəyik və bizimlə eyni düşüncəni paylaşmayanları öz dilimizdə "ermənipərəst” adlandırmaqdansa, jurnalistikanın fabrika ayarlarına qayıtmaq lazımdır. Başqa ölkələrin bu sahədəki təcrübələri öyrənilməli və davamlı münasibətlər qurulmalıdır. Təəssüf ki, həm azərbaycanlı ictimai fəallar, həm jurnalistlər daxili bazara oynayır, burada fərqlənmək istəyirlər. Halbuki onlar beynəlxalq aləmlə əlaqələrini düzgün qursalar, bu ölkəyə, bu dövlətə daha faydalı olarlar. Təbii ki, vətənpərvər olmalıyıq, ancaq peşənin qaydalarını da pozmadan iş görməliyik”.
"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli də hesab edir ki, jurnalistin işi sual vermək, dövlət rəsmisinin isə işi bu sualı cavablandırmaqdır. Xüsusilə də XİN əməkdaşları bu məsələdə korrekt davranmalıdırlar:
"Mən bildiyim qədər bizim jurnalistin sualı Rusiya vətəndaşı, azərbaycanlı, hazırda erməni əsirliyində olan Dilqəm Əsgərovu Rusiyanın niyə müdafiə etməməsi ilə bağlı olub. Mariya Zaxarova isə suala cavab vermək əvəzinə, jurnalisti təhqir etdi. Bir daha deyirəm ki, Zaxarova Rusiya XİN-i təmsil edir və suala etik çərçivədə cavab verməli idi”.
Azərbaycan XİN-in bu məsələyə reaksiyasına toxunan baş redaktor dövlət tərəfindən verilən reaksiyanın yetərli olduğunu deyib: "Digər addımları atmağa gəlincə, bu, Azərbaycanın uzun illər apardığı xarici siyasətə adekvat olmazdı. Rusiyanın Azərbaycan və Ermənistana qarşı mövqeyi bizə bəllidir. Lakin Azərbaycan hökuməti Ermənistanı strateji müttəfiq elan edən Rusiyanın ölkəmizə qarşı kəskin mövqeyini neytrallaşdıra bilib. Azərbaycan balanslı xarici siyasəti ilə buna nail olub. Ona görə də biz bu tipli məsələlərdə öz etirazımızı etməkdən çəkinməməli, lakin indiyədək aparılan siyasəti də təhlükə altına atmamalıyıq”.
(davamı olacaq)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb