Murmanskda öldürülən azərbaycanlıların cəsədləri sabah gətiriləcək

Afil Hüseynov: “Hazırda cəsədlərin Azərbaycana göndərilməsi üçün lazımı sənədləşdirmə işləri aparılır”

"Rusiyanın Murmansk şəhərində qətlə yetirilən azərbaycanlıların cəsədləri sabah Azərbaycana gətiriləcək”. Bu bardə müsahibəsində Ümumrusiya Azərbaycan Konqresinin Murmansk şəhəri üzrə nümayəndəsi Afil Hüseynov məlumat verib.

O bildirib ki, hazırda cəsədlərin Azərbaycana göndərilməsi üçün lazımı sənədləşdirmə işləri aparılır:

"Cəsədlər Murmanskdan Moskvaya, oradan da Azərbaycana göndəriləcək. Hazırda sənədləşdirmə və digər işlər görülür”.

A.Hüseynov hadisə nəticəsində ağır yaralanan "Karina” ticarət mərkəzinin sahibi Həmid Kərimovun vəziyyətini həkimlərin kafi qiymətləndirdiyini bildirib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Nəriman Əli oğlu Axundov Lənkəran rayonunun Kərgəlan kənd sakinidir. Yaralı iş adamı Həmid Kərimov isə Masallı rayonun Bədəlan kəndindəndir.

Xatırladaq ki, bu gün Rusiyanın Murmansk şəhərində Xibinski küçəsində silahlı atışma qeydə alınıb. Bir neçə maskalı adam tərəvəz anbarına zorla girib və anbarın sahibi Həbib Səfi oğlu Kərimovu, onun qohumu Sədi Sahban oğlu Əzizovu və mühafizəçi Nəriman Əli oğlu Axundovu güllələyiblər. Atışma nəticəsində anbarın sahibi yaralanıb. Onun qohumu və mühafizəçi Nəriman Axundov isə qarın, baş və ürək nahiyəsinə tuş gəlmiş güllə yarası ilə ölüb.