Deputat biznesmeni və oğlunu QINADI: "Pul kimisə öldürmək üçün..." - CƏZA




"İlk olaraq bu məsələyə hüquqi cəhətdən yanaşmalıyıq. Qanun tələb edir ki, həmin yaşda uşaqlar qətiyyən sükan arxasına əyləşə bilməz”.

Bunu Sherg.az-a Bakıda iş adamının 14 yaşlı oğlunun "Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı xanımı vurub öldürməsinə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. 

O bildirib ki, həmin 14 yaşlı uşaq sürücü deyil. Bunun üçün vəsiqəni qazanmayıb, sürücülük imkanları yoxdur:

"Digər tərəfdən nömrə və digər parametrlər sübut edir ki, burada yaş amili, ayrı-ayrı adamlara özünü göstərmək, başqasının üzərində gücünü ortaya qoymaq, var-dövlətinin nümayişi kimi hallar mövcuddur. Qərb cəmiyyəti, ümumiyyətlə, kapitalist aləmi yaşayış minimumunu müəyyənləşdirsə də, yaşayış maksimumu yoxdur. Onun yuxarı pilləsini, həddini hələ heç kim müəyyənləşdirməyib. Bu yaxınlarda 102 yaşında dünyasını dəyişən Rokfellerlər sübut etdi ki, milyardları özü ilə götürüb aparmaq da mümkün deyil. Hətta həmin şəxslərin 6 dəfə ürək əməliyyatı, 10 dəfə qaraciyər əməliyyatı, digər prosedurlar həyata keçirməyinə baxmayaraq, ömrünün bütövlükdə satın almaq real deyil”.

Z.Orucun sözlərinə görə, istənilən halda 14 yaşlı həmin yeniyetmə bir insanın həyatına bais olub. Bu artıq qanunvericiliklə məsuliyyət ortaya çıxarır:

"Az yaşda olmaq, özünü müdafiə kimi məsələlər önə çıxarılsa da bunun mənəvi tərəfi də var. O kiminsə həyatına, ailəsinin faciəsinə bais olub. Bir azərbaycanlı evində fəlakətə səbəb olan adamlar yaşından asılı olmayaraq onun məsuliyyətini ağrısını çiyinlərində qəbul etməlidirlər. Məsələnin din, iman tərəfi isə ondan ibarətdir ki, onlar məsuliyyətdən qaçmağa çalışsalar da, əminəm, onun ağır təsirlərini özlərində yaşayacaqlar. Ona görə məsələnin sırf mənəviyyat, tale, ilahi qüvvə seçiminə buraxmaq olmaz. Belə hallarda həmin şəxsin özü məsuliyyət daşımalıdır. Çünki başqasının ölümünə səbəb olan hadisə törətmiş şəxsin məsuliyyətsizliyi baş verib. Qanun bunun sərt cəzalandırılmasını tələb edir. Ölkə başçısı da dəfələrlə deyib, məmurlar, dövlət adamları, imkanlı şəxslər var dövlətinizi elə şəkildə xərcləyin, davranışlarınızı göstərin ki, bu başqalarında qisasa, digər xarakterli hisslərə səbəb olmasın. Kimsə varını, dövlətini başqasının başına vurmamalıdır. Varlılıq öyünmək, kasıblıq isə başını aşağı salmaq üçün səbəb olmamalıdır. Ona görə də, pul, var dövlət kimisə öldürmək üçün əsas olsa, onda gərək canlı aləm öz varlığını sürdürə bilməsin. Ümidvarıq ki, qanun çərçivəsində həmin şəxslər bu əmələ görə cavab verəcəklər. Elə həmin 14 yaşlı şəxs də həddi buluğa çatandan sonra da bunun məsuliyyətini daşıyacaq”.

Qeyd edək ki, hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur. F. Fərəcov bildirib ki, hazırda araşdırma aparılır. Oğlunun törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq.

Ayyət Əhməd