“Özümə qalsa, tək mənə nə var idi?” - Rəşid Behbudovdan müsahibə

Rəşid Behbudov: “Nə vaxt istəsəm ya üçlüyün, ya pianonun müşayiəti ilə hər yerdə çıxış edə bilərdim”
"Qobustan” jurnalının 1971-ci il, 12-ci sayında karifey sənətkarımız Rəşid Behbudovun
maraqlı müsahibəsinə rast gəldik.
"Şərq”in oxucularına həmin söhbəti təqdim edirik.
Mahnı teatrı...
Bu barədə ilk dəfə neçə il əvvəl "Bakı” axşam qəzetinin nömrələrinin birindən eşitdik. Qəzet oxucularını gözlənilməz xəbərlə heyrətləndirmək istəyirdi: Təzə xəbər, təzə xəbər.
Görkəmli müğənnimiz, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudov nəğmə teatrı açmaq fikrindədir. ... Azərbaycanda nəğmə teatrı fəaliyyət göstərəcək.
-Müğənninin verdiyi məlumata baxmayaraq çoxları təsəvvür edə bilmədi: axı bu teatr necə olacaqdı. Elə filarmoniya nəğmə teatrı deyilmi?
-Bu xəbər günlərin, həftələrin altında qaldı. Əlaqədar adamlardan başqa çoxu Rəşid Behbudovun cavan kollektivlə gecə-gündüz işlədiyindən xəbər tutmadı.
Günlərin bir günündə Azərbaycan Dövlət Mahnı Teatrının afişaları hər yana qonub tamaşaçıları konsertə dəvət etdi.
Köhnə maraq yenidən cücərdi. Tamaşaçılar konsert ünvanına maraq, alqış və çiçək daşıdı.
Nəhayət, pərdə açıldı. Nəğmə teatrının ilk "Səni tərənnüm edirəm - doğma Azərbaycan” tamaşası başlandı. Müğənni "Azərbaycan” mahnısını ifa etdikcə, Odlar Yurdunun mənzərələri ekranda canlandı: dağlar, tarlalar, qalalar. Bunlar nəğmədən doğuldu elə bil, nəğmə tamaşa oldu, Azərbaycana döndü. Hamını səyyah etdi.
İndi nəğmə teatrını təkcə respublikamızda deyil, ölkəmizin hər yerində tanıyırlar. Teatrın müvəffəqiyyətindən hər yerdə ağız dolusu söz açırlar.
Bu teatr söz yox ki, tamaşadan-tamaşaya inkişaf edir, təkmilləşir.
Görkəmli müğənnimiz Rəşid Behbudovdan teatrın dünənindən, bu günündən söhbət açmasını xahiş etdik. Amma tamaşaçıların çoxu onun necə yarandığını bilmir... Ümumiyyətlə, teatr haqqında müğənninin hər sözü, hər məlumatı təzə olacaqdı. Müğənniyə ilk sual belə oldu:
- Necə oldu ki, sizdə Mahnı Teatrı təşkil etmək fikri yarandı?
R.Behbudov: Mən səhnəyə el nəğmələrimizlə gəlmişəm. Azərbaycan xalqının toyunun, şənliyinin bəzəyini, zəhmətdə əlində tutan, yorğunluğunu çıxaran, işini avand edən mahnılarla. Sonra onlarla əl-ələ verib dünyanı dolaşmışıq. Hər yerdə nəğmələr alqışla qarşılandıqca, diyarımla öyünmüşəm. Harda olmuşamsa orda Azərbaycan nəğmələrinin əks-sədasını qoyub gəlmişəm. Elə ilk vaxtlardan nəğmələrimizlə hər ölkəyə alnı açıq, üzü ağ getmək mümkün olduğunu görmüşəm. Göy qurşağı kimi rəngarəng xallara malik bu nəğmələrlə "Dünyanı fəth etmək” mümkün olduğunu bilmişəm.
Ancaq illər keçdikcə, dünya müğənniləri ifa tərzini yeniləşdirdikcə, hər yanda nəğmələrə yeni baxım olduqca, düşünməli olmuşam. Biz də bu nəğmələrimizə təzə don geydirməliyik. Onlar mənalı, oynaq, naxış olub hafizələrə çəkilməlidir. Onlarda düzümüz, dağımız, dənizimiz, gözəlimiz görünməlidir.
Özümə qalsa, tək mənə nə var idi? Nə vaxt istəsəm, ya üçlüyün, ya pianonun müşayiəti ilə hər yerdə çıxış edə bilərdim. Belə olduqca xalq nəğmələrimizin ifası eyni bir dairədə val kimi fırlanıb qalardı. Lap doğma Azərbaycan tamaşaçılarına da təkrar görünə bilərdi. Belə olduqda şəhərimizə qastrola gələnlərin "rəqabətinə” davam gətirə bilməzdik.
Ona görə də fikirləşib, axtarıb nə isə yaratmaq lazım idi.
İstəyirdim xalq nəğmələrimizi, müxtəlif mövzulu mahnıları bir konsertdə elə əlaqələndirək ki, o, vahid bir tamaşaya çevrilsin. Tamaşaçılar dünyanın bugünkü estrada həyatı ilə tanış olsunlar. Mən hiss edirdim ki, nəğmələrimizə təzə, müasir ifa tərzi lazımdır. Xalq nəğmələrinin özünün solmayan təravətində, respublikamıza qastrola gələn xarici müğənnilərin ayrı-ayrı çıxışlarında yeniliklər gördüm. Sonra belə bir fikrə gəldim ki, nəğmə özü də kiçik bir tamaşa ola bilər. Nəğmə - tamaşalar vahid süjet ətrafında birləşib maraqlı bir səhnə əsəri yaradar, tamaşaçını arxasınca aparır.
Beləliklə, nəğmə teatrı fikri tapıldı. Ancaq bu yalnız fikir idi. Həyata vəsiqə almaq üçün işləməli, əvvəlindən sonunadək aydınlaşmalı idi.
- Sonrakı iş necə oldu?
R.Behbudov: Yəqin ki, ilk tamaşamızla bu suala bacardığımız qədər cavab vermişik. Lakin yenə izaha dəyər. Təəssüf ki, teatrımızı bəziləri hələ də estrada ansambllarından fərqləndirə bilmir. Adından göründüyü kimi, bu, teatrdır. Onun tamaşaları olur. Burda hər nəğmənin öz rejissor işi, geyim eskizi var.
- Teatrın başqa nə kimi üstünlükləri var?
- Nəğmə Teatrı janr müxtəlifliyinə malikdir. Onun tərkibində müxtəlif janr ifaçıları birgə çıxış edə bilərlər. Yeni bir tamaşanın, ayrı-ayrı hissələrinin ifaçısı olarlar. Beləliklə, bir süjet ətrafında birləşən müxtəlif janrlı aktyorların myüzik-hollu yaranar.
- Sonuncu imkanlardan necə istifadə edilib?
R.Behbudov: Bir faktı təəssüflə qeyd edək ki, hazırda ifaçılar arasında parçalanma "reaksiyası” gedir. Azca tanınmış nəğməkarlar öz ansamblını, orkestrini yaradır və ya yaratmağa can atır. Respublikamızda hazırda belə musiqi "xanlıqlarının” sayı çoxdur və artır.
Bizcə məhz həmin "xanlıqları” nəğmə teatrı özündə birləşdirməlidir. Ayrı-ayrı tanınmış ifaçılarımız da Nəğmə Teatrının vizasını qəbul etsələr, onun tərkibində konsert səfərlərinə çıxsalar, Azərbaycan nəğmələrinin rəngarəngliyi, çalarları birə yüz artar.
Teatrımızda balet truppası fəaliyyət göstərir. Xalqımızın hərəkət nəğmələrindən (rəqslər) də müasir quruluşda, maraqlı tamaşalar göstərəcəyik.
Fikrimiz var ki, gələcəkdə teatrımızı Azərbaycan Dövlət nəğmə və Balet teatrına çevirək.
- Tamaşaların mövzusu barədə...
R.Behbudov - Nəğmə Teatrının tamaşaları təkcə müğənnilərin deyil, bəstəkar, rəssam, şair və b. yaradıcı qüvvələrin birgə işi olmalıdır. Tutalım belə bir tamaşa hazırladıq: "Azərbaycan nağılları gecəsi”. Nağıl qəhrəmanlarının nəğmələri bəstələnməli, rəqslərinə quruluş verilməli, məzəli obrazları yaranmalıdır və s.
- İlk tamaşalardan ən çox gənclərlə əməkdaşlıq etdiyinizi gördük. Gənc yaradıcılarla gələcək əməkdaşlıq planlarınız necədir?
R.Behbudov: Teatrımızı gələcəkdə gənclərin yaradıcılıq studiyasına çevirmək fikrindəyik. İstəyirik ki, şair, bəstəkar, rəssam və ifaçılar birgə yaradıcılıq fəaliyyəti göstərsinlər. Belə iş nəticəsində nəğmə nəğmədən təzə, nəğmə nəğmədən üstün olar. Müğənniyə tamaşaçıları narahat edən bir sualı vermədik: Nə üçün doğma şəhərdə az konsertlər verir? Həmin sualın cavabı özlüyündən aydın oldu. Neçə il fəaliyyətinə baxmayaraq hələ də teatrın binası yoxdur. Azərbaycan Dövlət Kukla Teatrının binasında bir-iki otağa sıxlaşdırılıb.
Vaqif Nəsib