"Elm, təhsil, hüquqla özünə yer axtaranların həyatı uğurlu olmur" - Müsahibə
Müsahibimiz Azərbaycan Avropa Hərəkatının prezidenti, "Ümid" partiyasının sədr müavini Ramin Hacılıdır. Onunla ölkəmizin təhsil həyatındakı nəzərəçarpan nöqsanlar, təhsilsizliyin cəmiyyətimizə bəxş etdiyi neqativlər, ölkəmizdəki mədəni, mənəvi aşınmalar, ziyalı sözünə olan diqqətsizlik və s məsələlər barədə maraqlı söhbət apardıq.
Sherg.az həmin müsahibəni təqdim edir:
-Hər ötən il qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayı azalır. Sizcə, səbəb nədir?
- Bunun ən əsas səbəbi ondan ibarətdir ki, təhsil haqqında Azərbaycan qanunvericiliyi tam şəkildə formalaşmayıb. Təhsil sistemimiz tam təkminləşdirilməyib. Təhsil məsələləri ilə bir nazirlik məşğul olursa və bütün məsələləri o qurumdan tələb ediriksə, bütün səlahiyyətlər də həmin quruma verilməlidir. Amma təhsillə məşğul olan icra strukturları və digər qurumların ölkə təhsilinə müdaxilələrinin şahidiyik. Bütün bunların hamısı təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Məsələn, təhsillə bağlı Nazirlər Kabineti müəyyən normativlər qəbul edir. Təhil Komissiyasının qəbul etdiyi qanunlar olur. Bakı şəhər Baş Təhsil İdarəsinin qəbul etdiyi qərarlar var. Bundan başqa yerli icra orqnalarının məktəblərə müdaxiləsi göz önündədir. Yəni təhsillə bağlı o qədər qurumlar var və onların heç biri də bir - birinə tabe deyil. Bütün bunların hamısı hər kəsi müəsuliyyətdən azad edir. Bir nöqsan aşkarlananda günahı bir -birinin üstünə atırlar. İkinci məsələ odur ki, təhsil haqqında qanun qəbul edilsə də, ümumilikdə qanunvericilik bazası tam olaraq təkminləşdirilməyib. Biz bununla bağlı 2007-ci ildə kampaniya gerçəkləşdirmişik. Təhsil haqqında qanun konsepsiyası qəbul olundu. Konspesiyanın üstündə bütün tezislər tam olaraq formalaşmayıb. Təhsil sistemimizi tam olaraq bilmirik. Bu mənada hesab edirəm ki, qanunvericlik bazası təkminləşdirilməlidir və təhsil strukturu konkretləşməlidir.
-Qəbul balları da ilbəil azaldılır. Univeristetlərin özləri də bunda maraqlıdır. Bunu nə ilə izah edərdiniz?
- Mənə elə gəlir ki, bu, kvotanı doldurmaq məsələsidir. Yəni hər bir univeristetin qəbul edəcəyi tələbələrin sayı var. Məsələn, bir ali məktəb hər il min tələbə qəbul etməlidir. Həmin sayı qəbul etmək üçün məcburdurlar ki, keçid balını elə müəyyənləşdirsinlər ki, min nəfərlik kvotanı doldura bilsinlər. Əlbəttə, bu statistikanın və kəmiyyətin, keyfiyyətə təsiridir. Statistik göstəricilərə önəm verilir və univeristetlər tələbə ilə doldurulur. Nəticə isə uğursuz olur.
- Bəzən bunu Azərbaycanda az bal toplayan abituriyentlərin imtahansız qəbul prosesi həyata keçirən xarici ölkə universitetlərinə axının qarşısının alınması kimi dəyərləndirənlər də var. Bu düşüncənin həqiqət payı nə qədərdir?
-Əskinə, xaricə üz tutanlar daha çox bal toplayanlar və daha intelektual təbəqə olur.
-Saxta diplomlarla bağlı da biabırçılıq yaşanır. Az qala hər gün bu barədə xəbərlər alırıq...
- Saxta diplomlar əslində böyük rol oynamamalıdır. Ona görə ki, əgər dəfələrlə imtahan ənənləri varsa, diplom təqdimetmədən asılı olmayaraq hər kəs imtahan verir. Bu imtahandan keçmirsə, o saxta diplom heç bir işə yaramır. Bu məsələnin də həlli ilə bağlı struktur var.
- Rəsmi statiska açıqlanıb ki, IX-XI sinifdə oxuyan 91 şagird nə yaza, nə də oxuya bilir. Bəs sual yaranır ki, onlar bu siniflərə qədər necə gəliblər?
-Bu, çox ciddi problemdir. Biz geridə qalmış ölkələrdə bunu görüb, həmişə lağ edirdik. Çünki bizdə belə problemlər olmurdu. Azərbaycanda belə bir məslənin ortaya çıxması, narahatlıq doğurur. Düşünürəm ki, bu, çox ciddi məsələdir. Elementar yazıb, oxuma mərhələsini hamı keçməlidir ki, ən azından bir vətəndaş olaraq proseslərdə iştirak etsinlər.
-Xarici dil dərsliklərinin əcnəbi ölkələrdə hazırlanıb, gətirilməsi məsələsi də son günlərin müzakirə mövzusudur. Bu barədə alimlərin fikriləri haçalanır. Kimi deyir bu hal, ana dilini uşaqların beynində qoparıb, atır, kimi isə iddia edir ki, bu, xarici dilin və mədəniyyətin mənimsənilməsində böyül rol oynayacaq. Siz hansı fikirdəsiniz?
- Təbii ki, bununla məşğul olan bir komissiya var. O komissiya belə məsələlərə çox həssas yanaşmalıdır. Bunun üzərində də ictimai nəzarət olmalıdır. Məsələn, sizin qəzetin, saytın bu mövzuya diqqət ayırması çox müsbət haldır. O baxımdan ki, bütün bunları ictimai nəzarətdə saxlayırısınız. Bununla biz aidiyyatı komissyanın məsələyə ciddi yanaşmasına nail ola bilərik. Komissiya da bu istiqamətdə müsbət nəticə əldə edə bilər. Yəni buna ehtiyacın olub- olmadığını müəyyənləşdirə bilər. Açıq deyim ki, "hər bir şeyi hamıdan yaxşı bilirəm" anlayışı ilə yanaşmaq istəmirəm. Ona görə ki, həmin komissiyanın kifayət qədər intellektual və bacarıqlı üzvləri var. Onlar bu məsələlərdə həssas olsalar , kifayət qədər yaxşı nəticə ortaya qoya bilərlər.
- Ali və orta məktəblərə işə qəbul zamanı yaradılan bürokratik əngəllər və ya rüşvət tələbi də son günlərin ən aktual mövzularındandır. Yəni hər hansı bir ali və ya orta məktəb vakansiya elan etmir. Əvəzində həmin boş yerlərə hansısa bir diplom daşıyıcısından 5-6 min manat "haqq" alaraq işə qəbul edib, auditoriyaya buraxır . O da auditoriyada dərsdən başqa hər şeylə məşğul olur. Serialdan tutmuş, ailə -məişət mövzularına qədər müzakirə açır. Nəticədə tələbə, şağird heç nə öyrənmir. Sonra da deyirik ki, Azərbaycanda savadlı müəllimlər azdır. Halbuiki bacarıqlı gənclər rüşvət vermədiyi üçün kənarda qalır. Niyə ali və orta məktəblərimiz bu cür çırkabdan arınmır?
-Bu, böyük problemdir. Onların hamısı üçün ayrı-ayrılıqda komissiya yaradılmalı və bu məsələlərlə həmin komissiyalar məşğul olmalıdır. Bunu aradan qaldırmaq üçün sistemnli iş aparılmalıdır. İşə kompeks yanaşmaq lazımdır.
Təhsil məsələlərindən uzaqlaşıb, bir az da cəmiyyətimizi narahat edən problemlərdən danışaq.
- Son illər bəzi porno saytlarda videosu və ya öz "aşiq"i ilə çılpaq fotoları yayılan, "sənət adamları"nın efirlərdən Azərbaycan ictimaiyyətinə dərs keçmə, mədəniyyət aşılama istəkləri cəmiyyətdə etirazla qarşılanır. Sizcə, onlara niyə meydan verilir? Kim qınanmalıdır?
- Bunun qarşısını almaq mümkün deyil. Belə işlər intellektual səviyyənin artması ilə düzələ bilər. Bütün bunların hamsının həlli təhsildən keçir. İnsan təhsilli olarsa, onun dünya görüşü, əxlaqı formlaşır. Nə edəcəyini, hansı addım atacağını düşünə bilir. Yox əgər onda təfəkkür formalaşmırsa, o, bildirilən bütün iradlara özünün müdafiə kontekstindən yanaşcaq. Və bu da daha pis sonluqla nəticələnəcək. Bu cür qarşıdurmalar baş verməsin deyə, ölkədə təhsilin və əxlaqın səviyyəsini artırılması üçün kompeks işlər aparılmalıdır.
- Son illər ziyalılarla gənclərin görüşünün təşkil olunmasında da müəyyən problemlər var. Yəni iddia olunur ki, gənclərlə ziyalılar arasında uçurum yaradılır. Sizcə, bu nə dərəcədə haqlı iddadır?
-Təbbii ki, belə hal var. Azərbaycanda tələbələrlə ziyalıların görüşləri və yaxud da intellektual insanların tələbələrin qarşısına çıxarılmasında bir boşluq müşahidə olunur. Bu boşluğu doldurmaq vacibdir. Tələbə və şagirdlər dərsədən kənar oxu imkanlarından məhrumdurlar. Bu ümumi prosesə çox mənfi təsir göstərir. Bir ziyalının, intellektualın tələbələr qarşısında çıxış etməsi o tələbləri təhsilə həvəsləndirən faktordur. Tələbələr təhsilin nə olduğunun canlı nümunəsini görəcəklər. Bizimkilər bu məsələdə hələ ki tam olaraq israrlı deyilllər. İş aparmırlar. Mən də buna narahatlığımı ifadə edirəm və narazılığımı bildirirəm.
-Son zamnalar oxucular arasında da kriminal xarakterli və ya kriminal aləmin "əfsanələri"nin adı çəkilən yazılar daha çox oxunur , diqqət çəkir, nəinki önəmli tarixi araşdırma... Sizcə, vəziyyət niyə belədir?
-Mənə elə gəlir ki, bunun əsas səbəbi cəmiyyətdə kultların müəyyənləşməsidir. İnsanlar baxırlar ki, cəmiyyətin hörmətli şəxsləri kimlərdir. Cəmiyyətdə elm, təhsil, hüquqla özünə yer axtaranların həyatı uğurlu olmur. Kim ki siz dediyiniz kimi kriminal aləmə baş vurur və o aləmdə özün axtarır həmin adamalar böyük nailiyyətlər əldə edir. Bu mənada düşünürəm ki, belə hallar da sonra ölkədə cinayət və qətl hadisələrinin sayının artmasına gətirib çıxarır. Hətta intellektual təbəqinin imkanı genişlənməlidir. Bu anlamda hər bir cəmiyyətin elitasını formalaşdırarkən dövlət o istiqamətdə xüsusi çalışmalıdır ki, ölkənin elitası qanundankənar qüvvələr deyil, hüquqi, təhsil və inkişafı seçən insanlar olsun.
Söhbətləşdi: Ayyət ƏHMƏD