Nizami Cəfərov: "İntihar həyat cəbhəsində döyüşdən qaçmaqdır"





"İnsanın intihar etməsi dinə, şəriətə görə də, ümumi insanlıq nöqteyi-nəzərindən də düzgün deyil”.

Bunu Sherg.az-a intiharların şoulaşdırılmasına münasibət bildirərkən millət vəkili Nizami Cəfərov deyib. 

O bildirib ki, intihar etmək hər şeydə son həddir. Bu daha çox gənclərdə, yeniyetmələrdə, emosional insanlarda özünü göstərir:

"İntihar şəxsiyyətin iflası deməkdir. Yəni insan bu dünyaya gəlir ki, həyatın çətinliklərinə dözsün, problemlərini daxilində həll etsin. Əlbəttə, həyat mürəkkəbdir. Gərginliklər də olur. Dünyanın ən nəhəng yazıçılarını, şəxsiyyətlərini oxusaq, görərik ki, insan müəyyən çətinliklərdən, ağrılardan, problemlərdən keçərək kamilləşir. Amma kimsə özünü öldürürsə, bu o deməkdir ki, həmin şəxs artıq özünü təsdiq etmək istəmir, özünü inkar edir. Bununla fəxr etmək olmaz. Bu işin mahiyyəti, fəlsəfəsi bundan ibarətdir ki, allah səni yaradıb, həm də onun göndərdiyi sınaqlara dözəsən. Həmin ağrıları keçirəsən, özündə iradə toplayıb yaşayasan. Yaşamaq asan məsələ deyil. Amma intihar fərarilikdir, həyat cəbhəsində yaşamaq uğrunda mübarizədən, müharibədən, döyüşdən qaçmaqdır”.

Bir müddət əvvəl intiharı ilə cəmiyyəti sarsıdan gənc yazar Mövlud Mövluddan danışan N.Cəfərov deyib ki, o çox istedadlı gənc idi, görünür o, elə mühitə düşüb ki, intihara məcbur qalıb:

"Bəzi yaradıcı gənclərin şeirlərini, yazılarını oxuduqda görürəm ki, intihara meyl var. Bunu hətta şəxsiyyətin həyatının ayrılmaz hissəsi kimi təqdim etmə meylləri var. Bu, ədəbiyyatın özünə də istər-istəməz təsir edir. Müsbət hal deyil. Ona görə, əslində gərək gəncdə olsalar,  yazıçılarımız, şairlərimiz, mütəfəkkirlərimiz yaşamağı təbliğ etməlidirlər.

Xalq yazıçısı İsmayıl Şıxlı xatirələrindən birində yazırdı: Biz müharibəyə getdik, mən rus dilini bildiyimə görə, rus dili bilməyən azərbaycanlılarla hərbi rəhbərlik arasında tərcüməçilik edirdim. Deyir, əsgərlər and içirdilər ki, "mən vətən uğrunda ölməyə hazıram”. Azərbaycandan gəlmiş əsgərlərdən biri bu andiçməni etmədi. Dedi mən vətən uğrunda ölməyə yox, vuruşmağa hazıram. Sonrada isə həmin əsgərin sözlərinə uyğun hərbi andı dəyişdirdik ki, yaxşı, sən bu cür and iç. Ona görə, insanı insan edən yaşamaqdır, intihar etmək deyil. Bu ancaq allahın əmri ilə ola bilər. İntiharı şouya çevirmək müsbət hadisə kimi qəbul oluna bilməz”.

Ayyət Əhməd