Nazirlərin 4 saatlıq Qarabağ görüşü




Vəfa Quluzadə: "İmitasiya davam edir - vəssalam”

Zahid Oruc: "Hansısa bir sülh sazişi üzərində iş gedir”

Cümşüd Nuriyev: "Etiraf edək ki, problemin açarı Rusiyanın əlindədir”

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Kiyevdə keçirdikləri görüş ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Görüş barəsində açıqlama verən xarici işlər naziri Elmar Məmmədyarov əvvəlkilərdən fərqli olaraq, bu görüşdə konkret məsələlərin müzakirə olunduğunu bildirib. Münaqişə ilə bağlı danışıqları davam etdirmək razılığı əldə edən nazirlər əvvəlcə 4 saat təkbətək görüşüblər. Daha sonra isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Növbəti görüş gələn ilin yanvarın sonuna planlaşdırılıb. Hər iki nazir görüşün nəticələri ilə bağlı dövlət rəhbərliyini məlumatlandırmağı qərara alıblar.

Dörd saatlıq görüşü şərh edən politoloqların fikirləri birmənalı deyil. Nikbin olanlarla yanaşı, görüşlərin nəticəsiz olduğunu düşünənlər də var.

Politoloq Vəfa Quluzadə nazirlərin görüşünə qısaca belə şərh verib: "Məsələni dəyərləndirmək o qədər sadədir ki, bunu siyasətçi olmayan da asanlıqla edə bilər. Dörd saat çəkən görüşü bir cümlə ilə ifadə etmək mümkündür - İmitasiya davam edir - vəssalam”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da qeyd edir ki, tərəflər arasında konseptual fərq aradan qaldırılmayana qədər münaqişənin həlli mümkünsüzdür: "Görüşdə diqqəti bir məqam çəkir. Nazirlər dörd saat bir yerdə danışıblar. Buradan belə nəticəyə gəlmək olar ki, bu vaxt ərzində konkret müddəalar müzakirə olunub. Çünki dörd saat sadə hadisələrdən danışmaq olmaz. Çox güman ki, həmin müddəalara 7 rayonun qaytarılması, məcburi köçkünlərin öz yerlərinə qayıtması kimi məsələlər daxildir. Bu baxımdan nazirlər arasındakı görüşlərin intensiv hal alacağını demək mümkündür. Amma hər yeni görüşün digərindən fərqli olaraq bizim xeyrimizə olacağını gözləmək sadəlövhlükdür”.

Millət vəkili Zahid Oruc isə deyir ki, uzun fasilədən sonra belə bir görüşün təşkil olunması sadəcə etimad mühitinin təzədən yaradılması və münasibətlərdəki gərginliyin nisbətən yumşaldılması anlamına gəlməməlidir. İndiki görüşdə hazır layihələrin müzakirəyə çıxarılması fikirləri və imkanları oldu: "Hiss olunur ki, ölkə prezidentləri bu barədə nazirlərə xüsusi tapşırıqlar veriblər. Yəni belə demək mümkündürsə, hansısa bir sülh sazişi üzərində iş gedir. Amma görüş əvvəlki variantların sintezidir, yoxsa tamamilə fərqli bir yanaşmadır, bunu dəqiq söyləmək qeyri-mümkündür. Çünki görüşün detalları gizlidir. Əslində məxfiliyin qorunması başadüşüləndir. Çünki aralıq mərhələlərdə cəmiyyətə sızan xəbərlər ideoloji cərəyanlar və bəzi maraq qrupları tərəfindən fərqli istiqamətlərdə şərh oluna bilər”.

Deputatın sözlərinə görə, E.Məmmədyarovun nisbətən nikbin aksentindən belə çıxır ki, erməni tərəfi Rusiyanın layihələrini və Türkiyə ilə sərhəd məsələsini nəzərə alaraq əvvəlki davranışlarından fərqli daha yumşaq mövqe sərgiləyir: "Lakin bu yumşaqlığın hara qədər davam edəcəyini, Sarkisyan rejiminin iki dövlətin qəbul edə biləcəyi sazişə sadiq qalacağını söyləmək asan deyil. Sadəcə bir şeyi nəzərə almaq lazımdır ki, Ermənistanın Dağlıq Qarabağdan başqa istifadə edə biləcəyi vasitə qalmayıb. Ölkənin siyasi müstəqilliyi yoxdur, iqtisadi durumu aşağıdır, xarici əlaqələri zəifləyib, lobbiçilər arasında münasibətlər korlanıb. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlara yenidən başlamasında məqsəd başqa da ola bilər. Çünki hələ beynəlxalq aləmdən münaqişənin həllini tapması ilə bağlı bir basqı yoxdur. Əksinə, Rusiyanın son günlərdə regionda güclənməyə çalışması onu göstərir ki, sözügedən münaqişənin həlli daha da mürəkkəb olacaq”.

Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşü adi görüşlərdən fərqləndirmir: "Ermənistan oyuncaq dövlətdir. Qərarı düşmən ölkənin özü deyil, hər zaman olduğu kimi onun ağası verir. Ermənistanın XİN başçısı da ona verilən tapşırığa əsasən hərəkət edir. Mən görüşdən nəsə gözləmirəm. Çünki ölkə başçısı dəfələrlə bəyan edib ki, Ermənistan strateji tərəfdaşları ilə olduğu kimi, beynəlxalq danışıqlarda da qeyri-səmimiliyini nümayiş etdirir. Ermənistan sonuncu dəfə Vilnüs sammitində qeyri-səmimiliyini bir daha göstərdi. "Assosiativ” üzvlük sazişini imzalamağa söz versələr də, sammitə az müddət qalmış sözlərindən döndülər”.

Son zamanlar Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı fəallıq hiss olunduğunu deyən C.Nuriyevin sözlərinə görə, həm ABŞ, həm də Avropa Birliyi ayrı-ayrılıqda bu məsələnin həllində favorit olmağa çalışır. Lakin burada Rusiya faktorunu unutmaq olmaz: "Dağlıq Qarabağ problemi prezidentin şəxsi təşəbbüsləri, təkidi, iradəsini ortaya qoyması nəticəsində həll oluna bilər. Ermənistanın burada hər hansı bir rol oynayacağı boş məsələdir. Etiraf edək ki, problemin açarı Rusiyanın əlindədir. Rusiyanın bu sahədə fəallaşması və sonuncu Gümrü görüşündə Qafqazdan getməyəcəyi ilə bağlı bəyanatı bir arxayınçılıq yaradır. Ermənistan Gömrük İttifaqına girsə belə, Rusiya ilə heç bir sərhədi olmadığına görə, çox ciddi siyasi, iqtisadi problemlərlə üzləşəcək. Rusiya çox gözəl başa düşür ki, Azərbaycan Qafqazda nəinki lider ölkədir, həm də Qafqazın açarıdır. Bu səbəbdən Rusiya məcburdur ki, Qarabağın açarı ilə Qafqazın açarını heç olmasa eyni səviyyəyə gətirsin. Ermənistan Azərbaycanın iradəsini qəbul etmək məcburiyyətində qalacaq. Amma buna zaman lazımdır. Düzdür, Dağlıq Qarabağın ətraf rayonlarının işğaldan azad olunması məsələsi gündəmdədir. Ancaq bunun görüşlərlə heç bir əlaqəsi yoxdur. Bu, ölkə başçısının yürütdüyü ağıllı siyasətlə bağlıdır”.