Vəli Kiçik Paşa DAK-a görə həbs olunub




Əjdər Tağızadə: "Haqsız yerə paşaya deyirdilər ki, "sən generalsan, DAK-da nə işin var?”

Türkiyənin Jandarma Qüvvələrinin keçmiş komandanı, general-mayor Vəli Kiçik həbsxanada kitab yazıb. Kitabı generalın dilindən həbsdə olan jurnalist Hikmət Çiçək qələmə alıb. "Ergenekon” işi üzrə üst-üstə iki dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən türk paşası "Mən Vəli Kiçik” adlı kitabında hərbi xidmət dövründə və istefaya çıxdıqdan sonra yaşadıqlarını anladıb. Maraqlı faktlar açıqlayan general "Ergenekon”da əsas hədəf kimi seçilərək həbs olunmasının arxasında dünya azərbaycanlılarını birləşdirməyə yönələn fəaliyyətinin və ABŞ-ın Cənubi Azərbaycanla bağlı planlarına dəstək verməkdən imtina etməsinin dayandığını bildirib. V.Kiçik Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri kimi fəaliyyətinin bəzi güclərin xoşuna gəlmədiyini yazıb: "ABŞ-ın əsas hədəflərindən biri Cənubi Azərbaycan idi. Orada qarışıqlıq, üsyan çıxarmaq üçün çox çalışdılar. DAK adına Amerikaya gedəndə bunu mənə açıq-aşkar təklif etdilər. Amma təklifi rədd etdim. Sonra da "Ergenekon” şübhəlisi oldum”.

Türkiyədə ömürlük həbsə məhkum edilən generalın yaxın dostu DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə V.Kiçiyin söylədiklərinin tamamilə doğru olduğunu bildirib. Ə.Tağızadənin sözlərinə görə, paşanın türk dünyasına xidməti danılmazdır: "V.Kiçik PKK kimi güclü bir terrorist qrupun qabağında şir kimi dayananlardan olub. Azərbaycanın güneyi ilə bağlı həmin paşanın çox ciddi fəaliyyəti var idi. Bir neçə dəfə Güney Azərbaycana gəlib. Bir millətçi kimi, alicənab türk kimi DAK-ın rəhbərliyində təmsil olunub və qurumun bütün iclaslarında iştirak edib. Paşa zindana düşənə qədər DAK-ın fəaliyyəti, özəlliklə də Türkiyədəki xidmətləri çox yüksək səviyyədə idi. Həm ictimaiyyətdə, həm də dövlət rəsmiləri arasında paşa xeyli iş görürdü. Amma onun suçsuz yerə həbs olunması ilə aktiv fəaliyyətinin üzərinə torpaq tökdülər”.

DAK rəsmisi qeyd edir ki, ABŞ 1946-cı ildə Azərbaycanın güneyini "qurbanlıq quzuya” çevirdi: "1997-ci ildə həmin dövlətin yetkililəri ilə görüşəndə bunu onların üzünə söylədim. Mənə orada açıq dedilər ki, biz addımlarımızı dövlət maraqlarına uyğun atırıq. Əhmədinejad dönəmində ABŞ rəsmiləri Tehran rejimi ilə gizli söhbət aparırdı. Söhbətin əsas məğzi isə Rəfsəncaninin ağzından çıxdı. Eks-prezident xalqa müraciət edərək dedi ki, amerikalılar Azərbaycanın güneyini parçalamaq istəyir. Xatırlayırsızsa, ardıcıl olaraq ABŞ-ın yüksək rəsmilərinin, senat üzvlərinin Güney Azərbaycanla bağlı açıqlamaları, əzilən türklərin hüquqlarından danışmaqları da məhz bu məqsədə xidmət edirdi. V.Kiçik paşa bunu bilirdi və qarşısını almağa çalışırdı. Onun türk milləti, dövlətçiliyi qarşısında heç bir suçu və səhv addımı olmayıb. Haqsız yerə paşaya deyirdilər ki, "sən generalsan, DAK-da nə işin var? Deməli, ora gedib təxribatla məşğul olursan, insanları ayıldırsan və s”. Onun "təqsiri” bu idi”.

Ə.Tağızadə bildirir ki, V.Kiçiyin qarşısında həm ABŞ, həm Tehran, həm də Türkiyədəki anti-millətçilər dayanırdı. Ona görə də ömürlük həbs edərək "zərərsizləşdirdilər”: "V.Kiçiyin dedikləri həqiqətdir. Biz də DAK üzvü olaraq bunları çox əvvəldən bilirdik. Əgər AKP hökuməti bu həbslərə şərait yaradıbsa, deməli, onlar da həmin qüvvələrə xidmət edir. Türkiyədə "mən türkəm” deyənə irad tutmaqla açıq şəkildə anti-türk siyasəti aparırlar”.