Ölüm ayağında son sözləri “Yaşıllıq … Saxlayın” olan kişi üzlü qadın YAZIÇI...
Xalqın rifahının yaxşılaşdırılması, şüurlu və ziyalı davamçılarının yetişməsi və digər xalqlarla ictimai-siyasi arenada yanaşı dayanmasında cəmiyyətdə kişilər qədər qadınların da böyük rolunun olması danılmaz faktdır. 19-cu əsrdə artıq qadınların hüquqlarının minimuma endirilməsi, müəyyən sahələrin qadınlara aid edilməməsi, yəni bu sahələrdə qadınların fəaliyyət göstərməsinin yolverilməzliyi, kişilərdən çox aşağı səviyyədə qəbul edilməsi cəmiyyətdə kişi və qadın hüquqları bərabərliyinin cücərtilərini meydana gətirdi.
Hələ 19-cu əsrin əvvəllərində Fransada Napoleon qadınların hüquqlarını azaltmasına baxmayaraq bir çox sahədə yeniliklərə məhz qadınlar imza atırdılar. Bu sahələrdən biri də ədəbiyyat idi.
"Səni unudanların çiçəkləri məzar üzərində daha yaxşı bitir” fikirlərinin müəllifi, Fransa mühafizəkar romantizminin Viktor Hüqoyla adı yanaşı çəkilən, əsərlərində qadın hüquqlarının carçısı kimi çıxış etdiyinə görə araşdırmaçılar tərəfindən feminist adlandırılsa da, bunu qəbul etməyən nadir zəka sahiblərindən biri də Jorj Sanddır. Əsl adı Amandina Avrora Lüsil Düpen olan bu xanım Fransanın ilk qadın yazıçısı kimi tanınır. Kişi ləqəbi ilə əsərlər yazdığına görə mətbuatda "kişi üzlü qadın yazıçı” kimi adı çəkilir və elə də tanınırdı.
Avrora 1804-cü ildə Parisdə zadəgan ailəsində dünyaya göz açıb. Hələ körpə ikən atasını itirən Avrora anası tərəfindən ikinci zərbəni alır. Anası onu mirasdan məhrum etmək üçün nənəsinə verir. Neon şəhərində nənəsi ilə birlikdə yaşayan Avrora ilk evliliyini də çox gənc yaşında nənəsinin təkidi ilə məcbur olaraq həyata keçirir. Amma bu evlilik çox çəkmir. 19 yaşında ikinci dəfə evlənən yazıçının bu evliliyi də uğursuz olur. Sonra o, Parisə gedir və burada Jül Sandla tanış olur. Jül Sandla tanış olması ədəbiyyata gəlməsinə təkan verir. O dövrdə Fransada, eləcə də bir sıra Avropa ölkələrində yazıçılıq qadına yaraşmayan peşə hesab edildiyindən Avrora özünə Jorj Sand adını götürərək qarderobunu dəyişir. Kişi kimi geyinməyə başlayır. Öz üzərində çox işləməsi və yazmağa meyilli olması ilə az müddət sonra Fransız ədəbi mühitinin sayılıb seçılən şəxsiyyətlərindən olur. Ona ilk böyük şöhrəti 28 yaşında yazdığı elə ilk romanı olan "İndiana” romanı gətirdi. Bundan ruhlanan yazıçı 1832-ci ildə daha iki romanı "Valentina” və "Melxior” romanları çap olunur. 1842-ci ildə isə "Konsuelo” əsərini qələmə alır. Ümumilikdə 30-dan çox romanın və 70-dən çox nəsr əsərinin müəllifi olan qadın fransız tənqidçilərinin tərif hədəfinə çevrilmişdir.
Gözəl olmasa da, kişiləri özünə aşiq etməyi bacaran Jorj Sandın ən böyük sevgisi dünya şöhrətli polyak bəstəkar Frederik Şopenlə yaşayır. Şopen onunla tanış olduqdan sonra "üzündəki ifadə məni iyrəndirir” desə də, bir müddət sonra Sanda aşiq olur. Şopen vərəm xəstəliyinə tutulanda isə Avrora ondan ayrılır. Ayrılıqdan bir il sonra Şopen gözlənilmədən sağalır və 1848-ci ildə Londondakı konsertində böyük uğur əldə edir. Günlərin birində aşiqlər yenidən qarşılaşan zaman Avrora olub keçənləri yada salaraq Şopenə əl uzadıb münasibətlərinin yenidən yaranmasına çalışır. Şopen isə buna qarşılıq olaraq bir kəlmə də demədən onu tərk edir. Jorj Sandı dünyaya yaradıcılığı qədər sevgi macərası da tanıtdı.
Jorj Sandın 1876-cı ildə vəfat edərkən son vəsiyyəti qəbri üzərində başdaşının qoyulmaması, son sözləri isə "Yaşıllıq … Saxlayın” olmuşdur.
Jorj Sand ən böyük şöhrəti qazandıran 1832-ci ilin aprel ayında çapdan çıxan "İndiana” romanı özündə romantizm, realizm və idealizmi birləşdirir. Sevgi və nigah haqqında olan bu romanın əsas qəhrəmanı cismən zəif, ruhən çox güclü, möhkəm qadın İndianadır. Qoca ərini sevməyən qadın sevgi axtarışındadır. Daxilində kimisə sevmək istəyi o qədər çoxdur ki, saf, təmiz, lakin lal məhəbbətləri görmür. Özünü yalançı birinin mübaliğəli hisslərinə həsr edir. Qadın hüquqlarının carçısı olmağa çalışan Jorj Sand bu əsərdə qadın və kişi psixologiyasının sintezində mətnaltı mənalarla hüquq bərabərliyini təbliğ edirdi. Tək evlilikdə deyil, eləcə sosial cəmiyyətdə qadın hüquqlarını mükəmməl boyalarla təsvir edən, ona əsrarəngiz çalarlar verən Jorj Sand bu ənənəni qismən də olsa, "Valentina” və "Konsuela” əsərlərində davam etdirir. "İndiana” əsərində verilən "iztirab çəkməmiş qəlb xoşbəxtliyi anlamaz” cümləsi də onun amal və məqsədindən heç vaxt dönməyəcəyinə işarədir.
"Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin”.
"Bəzən bircə kişinin ağlına təsir edə bilməyən kişilər qadınların ağlını əlindən alıb ona sonsuz dərəcədə təsir göstərə bilir”.
Müasir dövrümüzdə qadınların kişilərlə bərabər hüquqa malik olması və bu hüquqların beynəlxalq çərçivədə tənzimlənməsi Jorj Sand və onun kimi yazıçılıq və başqa sahələrdə öz sözünü demiş qadınların səyləri nəticəsində olmuşdur.
"Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bunun üçün verilməyib”.
Ramal İBRAHİMOV