“Müsavatın mövqeyini doğru sayıram”

Sərdar Cəlaloğlu: “Qarşıdan gələn parlament seçkiləri prezident seçkilərindən 180 dərəcə fərqlənir”
Müsavat Partiyası qalacağı təqdirdə KXCP-yə 10 yer veriləcək, amma Müsavat olmasa, KXCP iki ayağını bir başmağa dirəyib deputatlığa namizədlik üçün 20 yer alacaq

Milli Şura daxilində baş verən ziddiyyətlər daha ciddi xarakter alıb. Zamanında eyni fikir ətrafında toplaşıb, hədəfləri bəlli olanlar, indi bir-birinə anti-mövqe sərgiləyirlər. Qurumun prezident seçkilərində uğursuzluqla üzləşməsi, Rüstəm İbrahimbəyovun sədrlikdən imtina etməsi, Eldar Namazovun aparat rəhbəri vəzifəsindən istefa verməsi və sonunc olaraq MŞ-də təmsil olunan Müsavat Partiyasının qurumun tərkibindən çıxmaq istəyi adıçəkilən təşkilatı məqsədsiz, məramsız hala salıb. Baxmayaraq ki, hazırda qurumda yenilik iddiaları ilə çıxış edənlər var. Təşkilata yeni nəfəs qatmaq istəyirlər. Amma MŞ-nin əvvəlki nüfuzunun bərpa edilməsi inandırıcı görünmür.

MŞ daxilində baş verən proseslərlə bağlı "Şərq”ə müsahibə verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu kimi neqativ halları növbəti illərdə keçiriləcək parlament və bələdiyyə seçkiləri ilə izah edib: "MŞ prezident seçkiləri ilə əlaqədar yaranmış qurum idi. Onun imperativləri, strukturlaşması, tərkibi və oradakı qüvvələrin münasibətləri də prezident seçkilərinin mahiyyəti ilə bağlı idi. Seçkiləri arxada qaldı. Qarşıdan yeni siyasi gündəm - parlament və bələdiyyə seçkiləri gəlir. Bu seçkilər isə prezident seçkisindən 180 dərəcə fərqlənir. Müxalif düşərgədə şahidi olduğumuz konfliktlər də məhz bu fərqlilikdən irəli gəlir”.

- Müsavat Partiyasının MŞ-dən ayrılması gündəmdədir. Bunu necə dəyərləndirirsiniz?

- Müsavatın mövqeyini doğru sayıram. Sözügedən təşkilat MŞ-dən kənara çıxır. Öz adı ilə seçkilərə getmək istəyir. Bu da normal haldı.

- Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Müsavat Partiyasının MŞ-nin tərkibindən çıxması ilə əlaqədar belə bir fikir söyləyib ki, "kaş ki Müsavat MŞ-nin tərkibindən çıxaydı”. KXCP sədrinin bu fikirlərinin alt qatında nələr dayanır?

- KXCP sədri bunu deməklə düşünür ki, Müsavat getsə, yerdə qalan qüvvələr parlament seçkilərində daha asan uzlaşa bilərlər. MŞ-də nə qədər çox partiya təmsil olunarsa, parlament və bələdiyyə seçkilərində uzlaşma bir o qədər çətin olacaq. Məsələn, Müsavat Partiyası qalacağı təqdirdə KXCP-yə 10 yer veriləcək, amma Müsavat olmasa, KXCP iki ayağını bir başmağa dirəyib deputatlığa namizədlik üçün 20 yer alacaq. KXCP sədrinin istəyi budur. Bütün bu ziddiyyətlər parlament seçkiləri ilə bağlıdır. Müsavat təşkilatdan ayrılsa, KXCP əlavə avantajlar əldə edəcək. M.Mirəlioğlu belə təşəbbüslə çıxış edir ki, bu üstünlükləri əldə edə bilsin. Müsavat çıxandan sonra Milli Şurada iki partiya qalacaq. KXCP və AXCP. 125 yeri öz aralarında böləndə hərəsinə 60 yer düşəcək. Müsavat orda olsa, hərəsinə 30-40 yer düşəcək. Ona görə də Mirmahmud bəy Müsavatın qurumdan getməsində maraqlıdır.

- Müxalif düşərgədə belə fikirlər də səslənir ki, Müsavatın MŞ-dən ayrılması hakimiyyətin tapşırığıdır...

- Müsavatın MŞ-dən çıxmasını istəyən adamların da mövqeyini hakimiyyətin tapşırığı kimi qiymətləndirmək olar. Bunlar yozumlardı. Bilirəm ki, müxalif düşərgədə yaşanan qarşıdurmalar parlament seçkiləri ilə əlaqəlidir. Bunun hakimiyyətlə razılaşdırılıb-razılaşdırılmadığını söyləyə bilmərəm. Hər iki halda baş verənlər parlament və bələdiyyə seçkiləri ilə bağlıdır.

- Ölkə başçısının jurnalistlərlə görüşünə "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun qatılması da bəzi AXCP üzvlərinin hiddətinə səbəb olub. Bu nə dərəcədə düzgündür?

- Məsələyə sözügedən mətbu orqanın maraqları prizmasından baxanda R.Arifoğlu düzgün addım atıb. Çünki o, qəzetinin problemlərini qaldırmaq və müstəqilliyini nümayiş etdirmək istəyir. Dəvət olunub, fikirlərini deyib. Bu, biznes strukturudur. Öz maraqları var. Amma məsələyə "Azadlıq” qəzetinin gözü ilə baxanda, yanlış hərəkətdir. Çünki R.Arifoğlu özünü bir müxalifət təmsilçisi hesab edir. Bir çox hallarda müxalifətin sözçüsü rolunda çıxış edir. R.Arifolu ölkə başçısı ilə görüşdə müxalifətin adından danışıbsa, müxalifətçi kimi çıxış edibsə, bu, yanlış hərəkətdi. Orada bir qəzet təmsilçisi olaraq qəzetinin problemlərini qaldırıbsa, hay-küyə heç bir əsas yoxdur.

- Rüstəm İbrahimbəyovun və Eldar Namazovun istefalarını bəzi siyasilər MŞ-nin fəaliyyətinin sonu kimi dəyərləndirir. Buna münasibətiniz necədir?

- R.İbrahimbəyov faktiki olaraq MŞ-nin sədrlik funksiyalarını yerinə yetirmirdi. E.Namazovun və R.İbrahimbəyovun istefası hay-küyə səbəb olmayıb. Yeni vəziyyət üçün o adamların heç bir dəyəri və önəmi yoxdur. Əslində onların gedişi digər qüvvələr üçün arzuolunandır. Çünki qarşıdan parlament seçkiləri gəlir.

- MŞ parlament və bələdiyyə seçkiləri ilə bağlı hansı işləri görməlidir?

- MŞ təcili islahatlar keçirib özünü yeni seçkilərə uyğunlaşdırmalıdır. Bu zaman tərkibdə, münasibətlər sistemində və idarəçilikdə dəyişikliklər edilməlidir. Bu məsələlər həyata keçirilməyəcəyi halda qurumda çəkişmələr meydana çıxa bilər. İslahatlara müqavimət göstərildiyinə görə MŞ-də münaqişə yaranır.

- Qurum daxilindəki ziddiyyətlərin yoluna qoyulması istiqamətində hansı tədbirlər həyata keçirilməlidir?

- Əslində kiçik məsələlərin qabardılması MŞ-yə daxil olan qüvvələrin yeni gündəmi müəyyənləşdirə bilməməsi ilə bağlıdır. Gündəm müəyyənləşsə, bütün konfliktlər aradan qalxacaq. MŞ yaranmamışdan qabaq gündəm müəyyənləşməmişdi deyə AXCP və Müsavat Partiyaları bir-birini didirdi. Elə ki MŞ yarandı, bütün qarşıdurmalara nöqtə qoyuldu. Hər iki partiya yola getdi. İndi də gündəm müəyyənləşməyib deyə ziddiyyət yaranıb.