Haydı gənclər, irəli!

Binəqədi icra başçısının təyinatı gənclərdə ümid oyadıb

Dövlət qurumlarında yüksək vəzifələrə tədricən gənclər də təyinat alır. Belə deyək, artıq gənclərə də etimad göstərilir. Bu da onu təsdiq edir ki, gənclərin bilik və bacarıqlarından dövlət müsbət yöndə faydalanmaq niyyətindədir. Bunun bariz nümunələrindən birini bu yaxınlarda gördük. Belə ki, YAP-ın Binəqədi Rayon Rayon Təşkilatında baş təlimatçı vəzifəsində çalışan 25 yaşlı Əliyeva Aygün Nəzif Qızı Binəqədi rayon icra başçısının müavini təyin olundu.

Təyinatla bağlı "Şərq”ə öz mövqeyini bildirən Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bu qərarı yüksək qiymətləndirərək çox yaxşı tendensiyanın başlanğıcı olduğunu düşünür: "Doğrudan da, məmurlarımız gəncləri idarəetmə prosesi və rəhbər vəzifələrə cəlb etməyə çalışmalıdırlar. Əgər biz ölkəni daha da inkişaf etdirmək istəyiriksə, şübhəsiz ki, burada gənclərin potensialından daha səmərəli istifadə etmək lazımdır. Çünki gənclər yenilikçiyə meyilli olur, innovasiyaları tətbiq etməyə çalışır və təşəbbüskar olurlar.

Ümumiyyətlə, son illərdə dövlət başçısı tərəfindən gənclərin müxtəlif ən məsul vəzifələrə təyin olunması prosesi genişlənməkdədir. Elə Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Təhsil Nazirliyinin, Dini Məsələlər üzrə Dövlət Komitəsinin rəhbərliyinə, habelə Prezident Administrasiyasına bir çox vəzifələrə gənclərin təyin edilməsi çox mühüm və vacib olan bir tendensiyanın genişlənməsini göstərir. Eyni zamanda digər məmurlar da bu nümunəni götürür, idarəetməyə gəncləri dəvət edirlərsə və məsul vəzifələri onlara tapşırırlarsa, bu çox yaxşı prosesdir”.

Binəqədi rayon icra başçısını kənardan bir qədər tanıdığını söyləyən Ə.Nuriyev BİH-nin başçısının bundan əvvəl çalışdığı sahədə də təşəbbüskar olduğunu bildirdi: "Hesab edirəm ki, onun bu təşəbbüsü digər yerli icra hakimiyyəti orqanları üçün bir nümunə ola bilər. Bacarıqlı, qabiliyyətli insanları idarəçiliyə gətirmək lazımdır. Bundan yalnız həm yerli idarəetmə strukturları, həm də gənclər qazanacaq. Bu, bütövlükdə ölkənin gələcək inkişafına da mühüm töhfə verə biləcək şərtlərdən biridir. Bu baxımdan, əlbəttə ki, bu istiqamətdə bütün cəhdləri yüksək qiymətləndirirəm”.

BAXCP-nin sədr müavini, "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə gənclərin irəli çəkilməsinə müsbət yanaşdığını söylədi: "Bu baxımdan eyni zamanda zərif cinsin nümayəndələrinin də yüksək postlarda təmsil olunmasını müsbət dəyərləndirirəm. Təyinatla bağlı neqativ fikirlər səsləndirən insanları da anlaya bilmirəm. Çünki mütəmadi olaraq cəmiyyətdə "gənclərə, zərif cinsin nümayəndələrinə etimad göstərib, irəli çəkmək lazımdır” kimi fikirlər səsləndirirlər. Ancaq həmin bu fikirləri səsləndirən şəxslər də bu təyinatla bağlı arzu olunmayan fikirlər ortalığa qoyurlar. Müxtəlif fikirlər səsləndirilir. Dünən təyinatdan sonra dərhal müzakirələr başlanmışdı, sosial şəbəkələrdə bununla bağlı diskussiyalar gedir. Qısa müddət ərzində həmin fikirlərlə tanış olub, izləyə bildim. Amma səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Təəssüf edirəm. Düşünürəm ki, layiq olduğu üçün ona belə bir etimad göstərilib.

Dünyanın hər yerində gənc insanların yüksək vəzifələrə çəkilməsi normal qəbul olunur. İstedad əsas göstəricidir, yaş deyil. Doğrudur, təcrübədə əhəmiyyət kəsb edir. Amma gəncliyində daha müsbət tərəfləri var. Bu onların daha dinamik və çevik olmasından irəli gəlir. Təcrübə isə zamanla əldə olunan bir məsələdir.

Yeni təyin olunan xanıma da öz işində uğurlar arzu edirəm. Hesab edirəm ki, Azərbaycan gəncləri, qadınları daha yüksək vəzifələrə irəli çəkilməyə layiqdirlər”.

Deyilən fikirlərdən belə nəticəyə gəlmək olar ki, gənclərimizin hökumətdə təmsil olunması yeni fərqli yanaşmaların, plüralizmin inkişafına, ölkəmizin daha da tərəqqisinə xidmət edəcək.