Bölgə bazarlarında mal-qara ucuzlaşıb, amma PAYTAXTDA...

Natiq Cəfərli: "Payız aylarının sonundan yenidən qiymətlər bahalaşacaq"


"Regionlarda müşahidə olunan mal-qaranın qiymətindəki ucuzlaşma mövsümi xarakter daşıyır”.

Bunu Sherg.az-a regionlardakı mal bazarlarında iri və xırda buynuzlu heyvanların qiymətinin ucuzlaşmasına münasibət bildirərkən Natiq Cəfərli deyib. 

O bildirib ki, yazın gəlməsi ilə əlaqədar heyvanlara verilən yem problemi həll olundu və bu da ət məhsullarının ucuzlaşmasına gətirib çıxardı:

"Mal-qara saxlayan şəxslər artıq yemə pul vermirlər. Bu da qiymətlərə təsir edib. Amma ucuzlaşmanın mövsümi xarakter daşıdığını mal-qara saxlayan və satıcılar da yaxşı bilir. Bölgələrdəki ucuzlaşmanın paytaxtda ət satışına bir müddət sonra cüzi də olsa təsirlərini görə biləcəyik. Amma ciddi ucuzlaşmanın olmasını demək mümkün deyil. Çünki təkliflə tələb arasındakı disbalans hələ də qorunur. Tələb hələ ki, var, ət məhsullarının alıcıları çoxdur. Ona görə də, hələlik qiymətlərin nəzərə çarpacaq dərəcədə ucuzlaşmasını görməyəcəyik. Amma ola bilər ki, yaxın həftələrdə cüzi, məsələn, 50 qəpik civarında ucuzlaşma mümkün olacaq”.

Payız aylarının sonundan yenidən qiymətlərdə bahalaşma olacağını deyən N. Cəfərlinin fikrincə, bu zaman artıq paytaxtda da qiymətlər bahalaşa bilər:

"Bunun səbəbi isə mal-qara otlağı kimi nəzərdə tutulmuş ərazilərdə texniki bitkilərin əkilməsini görürük. Bu da yem bazasının zəifləməsinə gətirib çıxarır. Payız aylarının sonu, qış aylarında isə hətta diri mal-qaranın qiymətlərində yenidən bahalaşma müşahidə olunacaq. Yem problemi həll olunmamış qalır və mal-qaranın sayına görə istehsal olunan yem azlıq təşkil edir. Yemin qiymətinin artması isə təbii ki, bütün qiymətlərə təsir göstərəcək”.

Qeyd edək ki, bölgə bazarlarında satıcıların sözlərinə görə, qiymətlərin enməsi satışa da təsir edib. Satıcılar mal-qaranın ucuzlaşmasını bazarda heyvanın bol olması ilə əlaqələndirirlər.

Aysel Aslan