Natiq Cəfərli: "Doğrudan da üzən məzənnə rejiminə keçmişiksə, Elman müəllim 1 ay sonra bazarın nə müəyyən edəcəyini əvvəldən deyə bilməz"
"Keçmiş təcrübələr göstərir ki, baş bankir Elman Rüstəmovun açıqlamalarından sonra manatla bağlı ciddi proseslər baş verib”.
Bunu Sherg.az-a Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun ilin sonuna qədər manatın ucuzlaşmayacağı barədə proqnozuna münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, sədrin sözləri elə də ürəkaçan açıqlama deyil:
"Açıqlamanın özündə də təzadlar var. Çünki Elman Rüstəmov manatın tam üzən məzənnə rejimində olduğunu qeyd edib. Məzənnəni ancaq bazardakı münasibətlər, tələb və təklif arasındakı məsələlər müəyyənləşdirir. Bu, doğrudan da belədirsə, bazar qaydalarına uyğun olaraq ehtimal etmək olar ki, manatın həm ucuzlaşması həm də bahalaşması realdır. Bazar müəyyən edəcəksə, Elman müəllim 1 ay sonra bazarın nə müəyyən edəcəyini əvvəldən deyə bilməz. Bu tədbirlər inzibatidirsə, o zaman üzən məzənnə rejimində olması haqqında məlumatı doğru deyil.
Dəfələrlə qeyd etmişik ki, Azərbaycanda manatın məzənnəsi üzən məzənnə rejimi deyil, sırf inzibati qaydada müəyyən olunur. Bazarda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) başqa oyunçu yoxdur. Bazarda cəmi bir oyunçu valyuta satırsa, orada üzən məzənnə rejimi mümkün deyil. Çünki üzən məzənnə olması üçün ən azı bazarda onlarla, yüzlərlə oyunçu olmalıdır. Misal olaraq deyim ki, Rusiyada banklararası birjada rublun məzənnəsini müəyyən etmək üçün, gün ərzində təqribən 11 min hüquqi və fiziki şəxs valyuta alışı, satışı ilə məşğul olur. Azərbaycanda isə yalnız Neft Fondu valyuta satır, 30-a yaxın bank da valyutanın alıcısıdır. Burada üzən məzənnə mümkün deyil.
Məzənnə doğrudan da üzəndirsə, Elman müəllim bilə bilərmi ki, 1 aydan sonra manat özünü necə aparacaq, bazarda hansı proseslər baş verəcək?”
Dünyada gedən prosesləri də diqqətə çatdıran N.Cəfərlinin sözlərinə görə Amerikada ilin sonuna qədər faiz artacaq, bu, dollar indeksini də yüksəldəcək:
"Neftlə bağlı ciddi proseslər gedir. OPEK-in qərarına baxmayaraq neftə ucuzlaşma var, bu gün də davam edir.
Dünyada və Azərbaycanın daxilində gedən proseslər onu deməyə əsas verir ki, manatın ucuzlaşması üçün kifayət qədər zəmin var. Bunun hansı formada baş verəcəyini demək çətindir. Bir şey dəqiqdir ki, hökumət və Mərkəzi Bank aşağı həddi artıq müəyyən edib. Yəni manatın 1.70-dən çox bahalaşmasına imkan vermir. Aşağı hədd artıq budur.
Yuxarı həddi isə yanvar ayında – qeydə alınan 1.92 manat həddində görmüşük. Deməli, yuxarı həddə qədər bahalaşma ehtimalı hələ də qalmaqdadır. İlin sonuna qədər ola bilər ki, xaricdə və daxildə gedən proseslərə görə manatın məzənnəsi ucuzlaşsın və köhnə səviyyəyə qədər ucuzlaşma müşahidə edə bilərik.
Bir məsələni Elman müəllimlə razılaşmaq mümkündür ki, manatla bağlı kəskin addımlar olmayacaq. Baş verən kəskin devalvasiyalardan hökumət də Mərkəzi Bank da düşünürəm ki, dərs çıxarıb. Amma yumşaq şəkildə manatın dəyərdən düşməsi, ilin sonuna qədər davam edəcək”.
Qeyd edək ki, Elman Rüstəmovun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası tərəfindən planlaşdırılan tədbirlər nəticəsində bu ilin əvvəlində üzən məzənnə rejiminə keçid edilib. İlin sonunadək manatın ucuzlaşmasının gözlənilmədiyini deyən baş bankir tam məsuliyyətlə bildirib ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır.
Ayyət Əhməd