“Oğlum günahının nə olduğunu hələ də bilmir”

Bəsti Ağayeva məhkəmələrdən şikayətçidir


Ağayeva Bəsti Əfqan qızı, oğlu Ağayev Sahib Qüdrət oğluna qarşı ədalətsiz məhkəmə qərarından şikayətçidir. "Şərq” redaksiyasına müraciət edən B.Ağayeva oğlunun əsassız suçlamalarla həbsə alındığını bildirib. B.Ağayevanın sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan oğlu "Unibank”da işləyib. 2014-cü ildə Sahib Ağayevin banka borcu yaranıb.

S.Ağayev bankın İdarə Heyətinin sədrindən yaranmış borcun aylara bölünməsini xahiş edib və bildirib ki, borcunu aybaay ödəyəcək. Necə olsa, bankın işçisidir və əmək haqqı alır. Lakin İH sədri bununla razılaşmayıb. Bank rəhbərliyi S.Ağayevlə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə işə baxılıb və S.Ağayev barəsində dələduzluq maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Ali Məhkəmədə isə fərqli qərar çıxarılıb.

 Hakim İlham Cəfərov qərarın düzgün olmadığını və bu işin mülki məsələ olduğunu təsdiqləyərək cinayət işinin ləğvi barədə qərar verib və Apelyasiya Məhkəməsinə işi yenidən araşdırmaq tapşırılıb. 2015-ci ilin yanvarında S.Ağayev Apelyasiya Məhkəməsinin qərarı ilə bəraət alıb və azad edilib. Məhkəmənin qərarı ilə "Unibank” S.Ağayevə təzminat ödəməliydi. Lakin "Unibank” yenidən protestlə çıxış edib. Ali Məhkəmə işi bir daha ibtidai istintaqa göndərib.

 Apelyasiya Məhkəməsi S.Ağayev barəsində 3 il 6 ay həbs cəzası kəsib. Cəzanın bir hissəsi artıq çəkilmiş olduğundan S.Ağayev azad edilməliydi. Həmin müddətdə S.Ağayev "Port-Baku”da xəzinədar vəzifəsində çalışırmış. 2016-cı ilin martında S.Ağayev barəsində bu dəfə "oğurluq” maddəsi ilə cinayət işi açılıb. Ali Məhkəmənin hakimi İlqar Qasımov aprelin 20-si kassasiya şikayətinə baxıb və 1 ay sonra qərar veriləcəyini bildirib. Mayın 18-də məhkəmə prosesi keçirilib. Hakim oğurluq maddəsinin qaldırılaraq "mənimsəmə” ilə əvəz ediləcəyini deyib. Lakin sonra hakimin köməkçisi qərarın qüvvədə saxlandığını bildirib. Bəsti Ağayeva hakimin qərarının niyə dəyişdirildiyini anlamadığını söylədi: "Oğlum hazırda 6 saylı cəzaçəkmə müəssisəsindədir. Amma günahının nə olduğunu hələ də nə özü bilir, nə də mən. Məhkəmələr oğlum barəsində ədalətsiz hökm çıxarır. Bəlkə də burada başqa amil var. Bəlkə də bank rəhbərliyi onlara hansısa yollarla təsir edir. Bilmirəm. Bircə onu bilirəm ki, oğlum günahsızdır. Mən məhkəmələrdən sadəcə, ədalətli qərar gözləyirəm”.

B.Ağayeva məhkəmələrin ədalətsizliyindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət edəcəyini dedi:

- Mən cənab Prezidentin ədalətinə inanıram. Mehriban xanıma da bir ana kimi müraciət edirəm ki, oğlumun işinə ədalətli baxılması barədə göstəriş versinlər.

Məlahət Rzayeva