Leyla Yunus kimlərin sifarişini yerinə yetirir?

Hüquq müdafiəçisi qarayaxma kampaniyası ilə anti-Azərbaycan qrupların silahına çevrilib


Azərbaycanın dövlət imicinə zərbə vurmaq üçün "növbə” gözləyənlərin sırasında birincilərdən olan, dövlətimizin hansısa iqtisadi-siyasi, mədəni uğurlarına ləkə yaxmaq üçün bütün yollara əl atan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus xəyanətkar mövqedə olduğunu öz əməlləri ilə dəfələrlə "sübut” edib. Qondarma "siyasi məhbus” siyahısını təqdim etməklə isə Leyla Yunus bu qəbildən olan analoji xəyanətini bir daha təkrarlayıb. Heç kəsə sirr deyil ki, puldan ötrü hər yola baş vuran, xarici ianələrin qarşılığında dövlətinə və xalqına belə asan şəkildə xəyanət edib qarayaxma kampaniyasına başlayan Leyla Yunus və dostları hər zaman sifarişlər yerinə yetirir, yalan, pafos dolu təbliğat qurmağa, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışıblar.

Bəli, təəssüflə də olsa, vurğulamalıyıq ki, Leyla Yunus və onun xarakterində, düşüncəsində olan insanlar hələ də Azərbaycanda var. Həmin insanlar zaman-zaman ölkəmizə qarşı qarayaxma kampaniyası aparıblar və Azərbaycanın inkişafını, real həqiqətlərini qara şəkildə qələmə veriblər. Qeyd edək ki, Sülh və demokratiya pərdəsi altında anti-Azərbaycan siyasəti yürüdən L.Yunusun növbəti dəfə qondarma "siyasi məhbus” siyahısını ictimaiyyətə təqdim edib və guya ki, Azərbaycanda 97 siyasi məhbus, 38 vicdan məhbusunun olduğuna dair siyahı açıqlayıb. L.Yunusun iddiasına görə, həmin məhbuslardan 116 nəfəri barəsində məhkəmə hökmü çıxarılıb, 12 nəfərin hazırda məhkəməsi gedir, 6 nəfərin isə istintaqı aparılır.

Həmişə olduğu kimi hüquq müdafiəçisinin budəfəki addımı da ictimaiyyət tərəfindən kəskin qınaqla qarşılanıb.

Leyla Yunus kimilərinin xarici maraq dairələrinin əlində mühüm bir silaha çevrildiyini vurğulayan millət vəkili Zahid Oruc bildirib ki, həmin dairələr bu insanları müxtəlif cür mükafatlandıraraq bir növ stimul verirlər: "Leyla Yunusun nə vicdanı var, nə də siyasətçidir. Ona görə də onun məhbus kriteriyası özünün kriteriyası əsasında müəyyənləşir. O, 90-cı ildən anti-Azərbaycan istiqamətdə fəaliyyət aparan bir insandır. Leyla Yunus xarici ölkə

səfirliklərinin, agentura şəbəkələrinin, anti-Azərbaycan qruplarının əlində çox yaxşı bir silahdır. O, özü-özünü haqq-ədalət carçısı kimi saya bilər, amma hər kəsə bəllidir ki, Leyla Yunusun evində kiçik bir əşyası oğurlansa, həmin adama qarşı ən qəddar mövqe sərgiləyər, ən ağır cəzanın verilməsinə çalışar. Ona görə də onun bu siyahılarını və bu istiqamətdəki fəaliyyətini ciddiyə almağa ehtiyac yoxdur”. Zahid Oruc onu da qeyd edib ki, onun bu addımı növbəti qrant layihəsi üçündür: "250 min avrodan çox qrant layihələri fonunda Leyla Yunus özünü dünyamiqyaslı sülh carçısı, insan haqlarının müdafiəçisi kimi təqdim edir. Ona görə də Leyla Yunusun yaydığı hesabatları onun xidmət etdiyi xarici dairələrin niyyətlərinin və məqsədlərinin kontekstində analiz etmək lazımdır. Onun ölkə daxilində gedən siyasi vəziyyətə heç bir aidiyyəti yoxdur”.

Millət vəkili eyni zamanda Leyla Yunusun ta əvvəldən Azərbaycan maraqlarına xidmət etmədiyini və ümumiyyətlə, dövlətimizin əleyhinə çalışan bir şəxs olduğunu bildirib: "Onun ölkəmizdə çox nadir hallarda görünməsi də bu səbəblərlə bağlıdır. Bu şəxs agentura mərkəzləri ilə yaxından iş birliyində fəaliyyət göstərməyə meyllidir. Xidmətini sataraq müəyyən vəsait hesabına yaşayır”. Zahid Oruc onu da vurğulayıb ki, cənab Prezident Brüsselə işgüzar səfəri zamanı siyasi məhbus məsələsinə toxunarkən bəyan etdi ki, Avropa Şurasının Parlament Assambleyasında aparılan müzakirələrdə siyasi məhbus məsələsinə nöqtə qoyulub: "İndi yenidən məsələni gündəmə gətirmək doğru deyil. Leyla Yunusun ölkə əleyhinə verdiyi qiymətlər hüquqi xarakterdə deyil, sırf özünün xidmət etdiyi agentura mərkəzlərinin işi üçündür”. Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə isə Leyla Yunusun hüquq müdafiəçisi adı altında heç bir fəaliyyəti olmadığını bəyan edib: "Bir açıqlama versin ki, Azərbaycan vətəndaşlarından kimin problemini həll edib”.

Onun sözlərinə görə, bu insanın hardansa məlumat toplamaqla siyasi məhbus siyahısı tərtib edibsə, bu, hüquq müdafiəçiliyi deyil, öz maraqlarına xidmət etməkdir: "Leyla Yunus gah Milli Şuranın tərkibində fəaliyyət göstərir, gah Milli Şuranı birləşdirmək üçün addımlar atmağa səy göstərir. Bu adam ancaq şəxsi ambisiyalarına görə hərəkət edir. Bu cür yalan siyahılar hazırlamaq müəyyən dairələrin sifarişinə xidmət etməkdən başqa bir şey deyil”. Millət vəkilinin sözlərinə görə, onun hazırladığı siyahılar ancaq dağıdıcı, radikal mövqedən çıxış etməkdir: "Ona görə də bu cür siyahılar cəmiyyətdə ciddi qəbul edilmir. Bu cür qrupların, təşkilatların təsiri altında siyahıların hazırlanması yolverilməzdir”. Ç.Qənizadə qeyd edib ki, hüquq müdafiəçisi olaraq, onlar hər zaman müvafiq beynəlxalq təşkilatlara qərəzli tərəflərin fəaliyyətləri haqqında məlumatlar verirlər: "Biz də öz növbəmizdə bu insanın kimliyi, qərəzli fəaliyyəti haqqında beynəlxalq təşkilatlara məlumatlarımızı veririk”.

Milli Məclisin üzvü Azay Quliyev Leyla Yunusun mətbuat konfransında Azərbaycanda siyasi məhbusların olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib: "Leyla Yunus bu mövzunu sadəcə istismar edir, bu onun yaşam tərzidir”. A.Quliyev hesab edir ki, L.Yunusun bu açıqlamaları qərəzlidir və məqsədyönlü şəkildə bunu həyata keçirir: "Çünki onun üçün məqsəd məhbusların taleyi deyil, biznesdir və bu işi bir biznesə çevirib. Göstərin görüm, bu adam bir dənə başqa işlə məşğul olurmu? Bir qaçqının, məcburi köçkünün həqiqətən tapdanmış hüququnu qoruyurmu? Bu adam özünün əmlakı zərbə altında olanda, maraqları tam təmin olunmayanda əmlakla bağlı hüquqları pozulmuş insanların hüquqlarını müdafiə etməyə başladı, indi də vicdan məhbusları mövzusunu biznes marağına çevirib”.

Bu cür qondarma siyahılarla L.Yunusun məhbusların özlərinə zərər vurduğunu deyən, millət vəkili hesab edir ki, bu gün heç bir məhbusun Leyla Yunusun müdafiəsinə ehtiyacı yoxdur: "Lazım gələndə, cənab Prezident onların ərizəsi əsasında onların işlərinə baxıb əfv etmək imkanına malikdir və dəfələrlə şahidi olmuşuq ki, dövlət başçısı humanistlik göstərərək, siyasi baxışından, dünyagörüşündən, platformasından asılı olmayaraq, hər kəsə eyni şəkildə yanaşaraq, onların əfv edilməsinə nail olub. İndi Leyla Yunus bundan istifadə edərək gündə özündən bir siyahı düzəldib atır ortalığa, cinayətinin ağırlığından asılı olmayaraq, hər bir şəxsi vicdan məhbusu elan edir. Nəyə görə belə etməsi bəllidir və buna görə də mən ona o qədər də əhəmiyyət verilməsinin tərəfdarı deyiləm”.