Evdə öz-özünə yanğın ola bilməz

Ağdaşda o evi saxta pirə çevirib pul qazanmaq istəyirlər


Ağdaş rayonunda fərdi evlərdən birində mütəmadi yanğın baş verməsi qeyri-adi, təəccüblü hadisə kimi təqdim olunur. Yerli telekanallar bu olayı "şok”, "görünməmiş hadisə” başlığı altında yayırlar. Deyilənə görə, fərdi evdə baş verən yanğının səbəbi bilinmir. 3 gün ərzində evdə 3 dəfə yanğın olub, hər dəfə də Ağdaş Rayon Yanğından Mühafizə Hissəsi əraziyə gəlib, yanğını söndürüb, alovun genişlənməsinin qarşısını alıblar. Ev sakinləri yataq otağındakı döşəklərin, kreslonun, pərdələrin, soyuducunun yandığını deyir. Amma yanğının nədən baş verdiyini bilmirlər. Deyirlər, əşyaların yandığı otaqlarda elektrik naqili, soba yoxdur. İndi evin sakinləri gecə-gündüz keşik çəkir ki, yanğının nədən baş verdiyini bəlkə çözə bilsinlər.

Ağdaşda baş verən bu "qeyri-adi” hadisə qonşu Türkiyədə də son vaxtlar tez-tez rast gəlinir. Amma bizdən fərqli olaraq Türkiyədə bunun səbəbini tapıblar. Müəyyən müddət aparılan izləmə və araşdırmalar əşyaları sakinlərin özlərinin yandırdığını üzə çıxarıb. Türkiyədə də bu "qəribə” yanğın olaylarını hansısa "ilahi, gözügörünməz qüvvə” ilə bağlamaq istəyirdilər. Az qalmışdı ki, yanan ev ocağa, pirə çevrilsin. Amma hökumət daha fərasətli çıxdı. Və sakinlərin oyununu faş etdi. Bizimkilər isə hələ gözləyir. Gözləyirlər ki, Ağdaşdakı həmin ev "müqəddəs ocaq” elan olunsun. Əks halda, telekanallarımız bu hadisəni görünməmiş hadisə kimi qələmə verib, "qəribə haldır” diaqnozu qoymazdılar.

Hadisə ilə bağlı "Şərq”ə açıqlama verən mütəxəssis, "Azəriqaz” İstehsalat Birliyinin sabiq rəisi Nüsrət Qasımov bildirdi ki, evdə, mənzildə öz-özünə yanma hadisəsinin baş verməsi qeyri-mümkündür:

- Bunun heç bir elmi əsası yoxdur. Dünya praktikasında da belə hal mövcud deyil. Belə fırıldaq şeylər ancaq bizdə mümkündür. Telekanallarımız da falçıları, cindarları reklam edir, mütəxəssis qismində onlara müraciət edirlər. Necə olur ki, şeytan tutan, cin çıxaran, fala baxan elə bizimkilər olur? Biri çıxıb deyir, cinlərlə söhbət edirəm, biri ölüb getmiş adamın sağlığında hansı işlərlə məşğul olduğundan danışır, meyxanaçı deyir, göydən yadplanetlilər gəliblər, bizimlə danışırlar, biri deyir, gecələr evimizə ceyranlar gəlir, bura pirdir, bir başqası deyir, evimdə ilanlar yuva salıb, bura müqəddəsdir, indi də guya ki, hansısa mənzildə əşyalar öz-özünə yanır. Yadınızdadı, bir vaxtlar Dağıstanda bir uşaq peyda olmuşdu, deyirdilər bədənində Qurandan ayələr yazılıb. Sonra məlum oldu ki, fırıldaqçının, möhtəkirin biriymişlər. Belə fırıldaq, yalan-palan bizim millətdən, müsəlmandan çıxır. Elmdə öz-özünə alışma adında bir şey yoxdu. Alışma olması üçün mütləq iki elementin sürtünməsi lazımdı. Kibriti əlimizdə ha saxlayaq, onu kükürdə sürtməsək, kibrit alışarmı? Sənayedə, məişətdə alışma hallarının olması yalnız sürtünmə, qığılcım zamanı mümkündür. Fikir vermisinizsə, sintetik tərkibli geyimləri əynimizdən çıxaranda bəzən qığılcım görürük. Sanki tok yaranır, elektrik enerjisi kimi işıq saçır. Bu onun nəticəsidir ki, sintetik tərkibli materialda sürtünmə əmələ gəlir.

Bədənimizə, ya da material bir-birinə dəyir. Məsələn, plastmas qablarda benzin saxlanılırsa, orada müəyyən statik yük əmələ gəlir, əgər çalxalanma baş verirsə, qabdakı benzini maşının benzin bakına tökəndə orada alışma baş verə bilər. Plastmas qab sintetik materialdan olduğu üçün çalxalanma zamanı əmələ gələn sürtünmə yanğına səbəb ola bilər. Ona görə də yanacaq

məhsullarını plastmas qablarda saxlamağa icazə vermirlər. Bunlar elmi əsası olan hallardır. Amma mənzildə əşyalar durduğu yerdə alışdı, nə bilim, ev öz-özünə yandı, bunlar əsassız, mənasız, boş-boş söhbətlərdir. Fırıldaqçılığa, cindarlığa xidmət edən şeylərdir. Nə yazıq ki, bizim millətin də belə şeylərdən xoşu gəlir, o dəqiqə nəsə bir qeyri-adi hal görməyə meyl edirlər. Mövhumatla məşğul olmağı, reallıqla yaşayıb, real həyat sürməkdən üstün tuturlar.

N.Qasımov Ağdaş olayında yerli icra strukturlarını da qınadı:

- Əgər yanğından mühafizə idarəsi 3 gün o evi söndürməyə gedibsə, onlar artıq bilməli idilər ki, bu yanğın nədən baş verir. Bunu araşdırmaq iki vur-ikidir. Ola bilər, sakinlər mənzili qəsdən yandırır, nəsə gözləntiləri var, yeni ev tikilməsini istəyirlər və s. Ya da məqsədləri budur ki, o evi saxta pirə çevirib pul qazansınlar. Mif yaratmaq istəyirlər. Amma bu da mümkündür ki, o evdə hardansa qaz sızması olsun. Rayon Qaz İstismar İdarəsi də, Yanğından Mühafizə Xidməti də evdəki bütün qaz, elektrik xətlərini yoxlamadan keçirməlidir. Yadıma gəlir ki, 1979-cu ildə Yasamal rayonu, Şərifzadə küçəsində 73 saylı binada güclü partlayış baş vermişdi, 59 nəfər həlak olmuşdu. Partlayışa səbəb isə binanın qaz xəttindəki nasazlıq deyildi, bir neçə yüz metr kənarda baş vermiş qaz sızması gəlib o binanın qaz xəttinə dolmuşdu və partlayış baş vermişdi. Ona görə də insanların təhlükəsizliyi baxımından həmin fərdi ev də, ətrafdakı tikililər də ciddi yoxlanmalıdır. Əgər hər hansı qaz sızması, qaz xətlərində, yaxud elektrik naqillərində nasazlıq varsa, dərhal aradan qaldırılmalıdır.

Məlahət Rzayeva