Cəhalət “ada”ları...

Və ya bəzi bölgələrdə mədəni yüksəliş ehtiyacı


Nadanlıq, cəhalət, mədəni dünya ilə əlaqələrin ləng getməsi, insanın mühafizəkar keçmişdən qopa bilməməsi niyəsə dünyanın bir çox yerində əsasən Cənub hissədə dərin rişələr atır və hər belə faktı taleyin qisməti kimi təsəlli etmək mümkün olmur. Bu coğrafiyanın təqsiri nədirsə, sivilizasiyaya çətin inteqrasiya olur.

Bu günlərdə evdə qalaqlanmış qəzetləri oxumaları üçün vermək istədiyim qonşulardan birində aşkarladığım fakt təkcə çaşdırıcı olmadı. Düz-əməlli oxuya, oxuduqlarını yaxşı anlamadıqlarına görə o evdəki 20-22 yaşlı üç qızın (cənub bölgəsindən) halına acıdım. Sonra bu fakt xəbərlər proqramlarında oxumaq qadağasını aşmaq üçün evdən qaçıb Bakıya qohumlarına sığınan qızın

əhvalatı ilə üst-üstə düşəndə, niyə Axundov, Cəlil Məmmədquluzadə, Sabir ola bilməməyimizə, çağdaş dövrün cəhalətlərini məhv edəcək söz gücümüzün çatışmazlığına təəssüfləndim.

İstər Türkiyənin, istərsə də Azərbaycanın cənubunda, hətta epizodik faktlar olsa da, şimal rayonlarında belə, qız övladlarına münasibət islamaqədərki müsəlman aləmində mövcud olmuş vəziyyətdən heç də köklü şəkildə fərqlənmir. Çünki şərt o deyil ki, qızı diri-diri torpağa basdırasan (islamdan əvvəl ərəblərin ənənəsi), onun təhsil hüququnu tapdalamaq, öz gələcəyi ilə bağlı müstəqil qərar vermək haqqını əlindən almaq, erkən yaşlarından nikaha məcbur etmək də diri-diri torpağa gömmək deməkdir. İslamdan öncəki zamanla indiki zamanda nə dəyişib ki?! Sadəcə cəza yüngülləşib. Biz hansı əsrdə yaşayırıq ki, qadın hüquqsuzluğu faktları ilə üzbəüz dayanmışıq?! Bir tərəfdə qadın parlament tribunasına qalxır, dövlət aparatını idarə edir, digər tərəfdə qadın evin bir küncündə elmə, mədəniyyətə zorla nabələd vəziyyətdə saxlanır. Avropalaşma relsi üzərində sürətlə hərəkət edən Azərbaycan cəmiyyətində kəskin kontrast o qədər utandırıcıdır ki, harmoniyanın pozulması ilə barışmaq zəncirvari sosial bəlalar gətirir, bundan xəbərimiz yoxdur. Ailələrdə artıq üsyanlar baş verir, psixoloji müharibə gedir: müəllimin səsi, sözü necə olur, kitablarda hansı bilgilər var, bilmək istəyib bilə bilməyən qızlar evdən qaçmaqla sərt tabulara təpki göstərir. Onlar bədbinliyə qapılıb, psixoloji "travma” yaşayır. Bəzi təfəkkürü yoxsul valideynlərin öz övladları üçün tapdığı "xoşbəxtlik formulu” mənəvi şikəstlik, qısır gələcək, söyüş, təpik altında keçən ailə həyatı və daha nə bədbəxtliklər vəd etmir?! Çox qəribədir ki, hətta ucqar rayon və kəndlərə teknikanın inkişafı gedib çatır, onlarla televiziya kanalına hamının baxmaq imkanı yaranır, amma mühafizəkar mühit dəyişmir.

Türkiyədə onlarla kino-filmlər idrak kasıblığı nəticəsində neçə-neçə ailədə mənən şikəst edilən qızların təhsildən məhrum qalması, oxuma haqqına çata bilməməsini qabardır və Anadolu türkünün hər bir fərdini sivil həyata çağırır. Biz Türkiyə ilə müqayisədə problemə maarifləndirici proqramlarla da yox, eləcə statistikanı verməklə yanaşırıq. Əgər Axundov, Cəlil Məmmədquluzadə, Sabir bu əsrin mütəfəkkiri olsaydı, 2000-cilər nəsli kimi şəxsi ədavətlərdən, "mavilər”in haqlarından, müxalifətin oyunlarından, iqtidarın səhvlərindən deyil, cəhalətdən, nadanlıqdan "Nobel”ə layiq romanlar yazar və cənub bölgəsindəki, eləcə də şimal rayonlarının bəzilərindəki analoji vəziyyəti sözün qüdrəti ilə dəyişkən bir hala gətirərdilər. Nə yazıqlar ki, problemin ciddiliyi mənasız mövzular üçün xaricdən qrant alan qeyri-hökumət təşkilatlarını belə, cəlb edə bilmir. Bir QHT göstərin ki, regionların bu problemini öz layihəsində ardıcıl diqqətdə saxlayır.

Təhsildən yayınma, qızı ər evinə göndərməklə başdan etmə hallarının gerçək səbəbləri maddi sıxıntı, ehtiyac bəhanələri ilə pərdələnsə də, həmin ailələrin canaq antenalara, yaşadığı mənzilin müasir istilik sistemi ilə təminatına xərclədiyi vəsait irəli sürülən əsasları çox parlaq ifşa edir. Heç də hər ailədə bunun səbəbi maddi durumdan qaynaqlanmır. Qızın məktəbə gedib-gəldiyi vaxtlarda əxlaqında yaranacaq deformasiya qorxusu və beləliklə, onu primitiv metodlarla qorumaq, hətta mümkün qədər tez ərə vermək ki, adına çirkab bulaşmasın-bunun adı yalnız və yalnız cahillikdir, həmin yerlər üçün əməlli-başlı mədəni inqilab tələb edir. Təsəvvür edin ki, cənub bölgəsindən gəlib 15 il içərisində Bakıda qərar tutan ailənin üç qız övladından biri məktəbə buraxılmır və bu, onların müasir Bakının ənənələrimizi aşan inkişafından qorumaq səbəbi ilə izah olunur. Maraqlı olan nədir? Bu insanlar hətta Avropa dəyərlərinə qovuşan, Avropa dəbini qəbul edib, tamamilə dəyişən şəhər mühitində belə yaşayır, amma mühafizəkarlığını, ailə ənənələrini assimilyasiya olunmaqdan mühafizə edə bilir. Nəyə görə? Çünki ictimai qınaq güclü deyil. Hər belə ailə bugünkü sivilizasiyanın ortasında bir cəhalət "ada”sıdır və bu "ada”lara araşdırma üçün gedib-gələn məsul insanlar yoxdur. Çünki bu mövzu televiziyaların silsilə evlilik, yaxınlarını axtarma proqramlarının yerini tuta bilməyib. Qanunvericilikdə ciddi boşluqlar var. Məsuliyyət və cəza məsələsi qanunlarda formal xarakter daşıyır. Səlahiyyətli qurumlar ailə içində pozulan insan haqlarına müdaxilə etmək həvəsində olmur. Amma cəhalət "adaları”nı sivilizasiya sahilləri ilə birləşdirmək həqiqətən də çox vacibdir. Birincisi, hüquqsuz qızlara kömək etmək, ikincisi, Avropaya qovuşmaq yolunda başıaşağı yürüməmək üçün...

Vəfa Allahverdiyeva