Avtobuslara güvən qalmadı

“Əli ürəyində” olan sərnişinlər hər gün faciə eşidirlər


Yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının statistikası durmadan artır. Bura təkcə avtomobil qəzaları deyil, həmçinin ictimai nəqliyyat, sərnişin avtobuslarında baş verən qəzalar da daxildir. Növbəti belə hadisə Binəqədi rayonunda, 165 saylı xətt üzrə hərəkət edən avtobusda baş verib. Sürücünün avtobusun əyləcini qəfil basması səbəbindən, salonda ayaqüstə dayanmış sərnişin, 25 yaşlı Vasif Vidadi oğlu Abdulhəşimov irəli sıçrayıb və sürücünün arxa tərəfindəki metal dirəyə çırpılıb.

Döş qəfəsindən zədə alan gənc travmatologiya şöbəsinə müraciət edib. Həkim müayinəsindən keçirilən gəncin vəziyyəti "normal” qiymətləndirilib və o, evə buraxılıb. Ertəsi gün isə gəncin vəziyyəti qəfil pisləşib, onu xəstəxanaya çatdırıblar, lakin artıq həyatını xilas etmək mümkün olmayıb.

Bu, demək olar, hər gün rastlaşdığımız avtobus olaylarından biridir. İctimai nəqliyyatdan istifadə edənlər sürücülərin avtobusları necə idarə etdiyini yaxşı bilir. Sərnişinlərin "a kişi, yavaş sür, kartof daşımırsan” iradlarına sürücülərin "xoşun gəlmir, düş taksi ilə get” cavabını çoxumuz eşidirik. Burada ictimai qınağın rol almaması ayrı söhbətin mövzusudur. 25 yaşlı gəncin ölümü ilə nəticələnən hadisədə isə cavabdeh olan bir neçə tərəf var.

"Şərq”ə açıqlamasında hüquqşünas Ərşad Hüseynov qeyd etdi ki, bu tip yol-nəqliyyat hadisələri zamanı mütləq cinayət işi açılmalıdır:

- Bu, tipik yol-nəqliyyat hadisəsidir. Bəzən insanlar yanlış olaraq belə təsəvvür edirlər ki, yol-nəqliyyat hadisəsi avtomobillərin toqquşması, avtomobilin qəza törətməsi, piyadanın yolda vurulmasıdır. Sərnişin avtobusunda baş verən hər hansı bir insident də yol-nəqliyyat hadisəsidir, xüsusən də əgər orada sərnişinin zədələnməsi, yaxud ölüm faktı varsa. Konkret 165 saylı xətt üzrə hərəkət edən avtobusda baş vermiş hadisəyə görə, AR CM-nin 263-cü maddəsi ilə cinayət işi qaldırılmalıdır. Əgər sürücünün vəsiqəsi olmayıbsa, sürücü sərxoş vəziyyətdə avtobusu idarə edibsə, 263.1 maddəsi ilə cinayət işi qaldırılmalıdır, istintaq aparılmalıdır və 25 yaşlı gəncin zədə almasının səbəbləri aydınlaşmalıdır. Ola bilər, sürücü avtobusu yüksək sürətlə idarə edirmiş, önünə qəfil avtomobil çıxıb, bəlkə də işıqfora diqqət etməyib, bəlkə də adət etdiyimiz bir hal - avtobusların biri-birini təqib etməsi, ötüşməsi baş verirmiş, qəza törətməsin deyə, sürücü qəfildən əyləci basıb, nəticədə ayaq üstə dayanmış sərnişin müqavimətini saxlaya bilməyib və metal dirəyə çırpılıb, güclü zədə alıb. İstintaq araşdırmalıdır ki, həmin avtobusun salonu qaydalara uyğun haldadırmı, həmin metal dirək sürücünün arxa tərəfində olmalıdırmı, yoxsa bu, sonradan əlavə edilən konstruksiyasıdır. Çünki çox zaman şahidi oluruq ki, avtobus salonlarının quruluşu xətti işlədən şirkət sahiblərinin, eləcə də sürücülərin istəyi ilə dəyişdirilir. Gah oturacaqlar çıxarılır, gah nəzərdə tutulmayan metal konstruksiyalar quraşdırılır. Bunlar hamısı sərnişinlərin təhlükəsizliyini təhdid edir. Bəzən avtobus salonlarında ayaq üstə dayanan sərnişinlər üçün tutacaq da olmur. Ötən dəfə də bildirdim ki, avtobusun texniki vəziyyətinə marşrut xəttini işlədən şirkətlər cavabdehdir. Səhər-səhər avtobus xəttə buraxılarkən texniki müayinədən keçirilməlidir, avtobusun hansı texniki vəziyyətdə olduğu yoxlanmalıdır. Bu yoxlamanı baş mühəndis, baş texnik həyata keçirməlidir. Həmçinin onlar avtobusun salonunu da yoxlamalıdırlar, texniki şərtlərə cavab verməyən nəqliyyat vasitələri xəttə buraxılmamalıdır. Sərnişin avtobusu yeganə nəqliyyat vasitəsidir ki, orada ayaq üstə sərnişin daşınmasına və təhlükəsizlik kəmərlərindən istifadə edilməməsinə icazə verilir. Amma bu şərtlər yalnız

şəhərdaxili marşrutlar üçün keçərlidir. Şəhərətrafı və şəhərlərarası avtobuslarda hər bir oturacağın təhlükəsizlik kəməri olmalıdır və orada ayaq üstə sərnişin daşınması qadağandır. Şəhərdaxili marşrutlarda sərnişinlərin ayaq üstə daşınmasına icazə verilir deyə sürücülər xüsusilə ehtiyatlı olmalıdır ki, sərnişinlər yıxılıb xəsarət almasın. Avtobus sürücüləri xüsusi kurs keçməlidirlər. Avtomobilin idarəolunması ilə yanaşı, sərnişinlərlə davranış qaydalarını da bilməlidirlər. Bizim sürücülərsə sükan arxasında əyləşəndə özlərini avtobusun sahibi hesab edirlər. Özlərinə sərf edən şəkildə idarə edirlər. Hər bir avtobusun texniki sənədində parametrləri qeyd olunur və orada avtobusun nə qədər sərnişin daşımasına icazə verildiyi göstərilir. Elə "ças-pik” vaxtıdır deyib, avtobusu sərnişinlə doldurmaq olmaz. Hər bir nəqliyyat vasitəsinin yükgötürmə qabiliyyəti var. Sürücülər avtobusu "ağzına kimi doldurur”, sərnişinlər pillələrin üzərində dayanır, qapıların açılıb-bağlanması çətinləşir, sərnişinlər əziyyət çəkir, hətta zədələnirlər də. Bütün bu məsələlərə yol polisləri də nəzarət etməlidir.

Ə.Hüseynov 25 yaşlı gəncin həyatını itirməsində həkimlərin də məsuliyyət daşıdığını bildirdi:

- Burada sürücü ilə yanaşı, gənci müayinə edən həkim də məsuliyyət daşıyır. O necə həkimdir ki, xəsarət almış insanın daxili orqanlarını müayinədən keçirmədən, aparata salmadan evə buraxır ki, yaxşısan, get?! Həkimin səriştəsi, biliyi, savadı olsaydı, gənci mütləq rentgenə, kompyuter tomoqrafiyasına göndərməliydi. Çünki daxili zədələnmə ilk vaxt özünü büruzə vermir, sonradan fəsadlar baş qaldırır və ağrılar başlayır. Adətən insan qabırğa hissəsindən ağır xəsarət alanda daxili orqanlar zədələnir və bəzən də partlayır. Daxili orqanlar sümüksüz olduğu üçün ağrı hiss olunmur, amma daxildə qanaxma başlayır. Qan qarın boşluğuna yığılır, sonra onu təmizləmək çox çətin olur. Amma o gənci əvvəldən ciddi müayinə etmiş olsaydılar, əməliyyat keçirib qanaxmanı dayandıracaqdılar, o gənc də həyatını itirməyəcəkdi.

Ə.Hüseynov baş vermiş hadisə ilə bağlı gəncin ailəsinə prokurorluğa şikayət etməyi məsləhət gördü:

- Burada həm sürücü, həm həkimlər, həm də sərnişindaşıma şirkəti məsuliyyətə cəlb edilməlidir. Və şirkət gəncin ailəsinə kompensasiya ödəməlidir. Təəssüf ki, bizdə şirkətlərin məsuliyyətə cəlb olunması praktikası tətbiq edilmir. Yol-nəqliyyat qəzalarında müstəntiqlər "gedin, biri-birinizlə dil tapın” deyib özlərini işdən kənara çəkirlər. Əslində isə, bu kimi hallarda sərnişin daşımanı həyata keçirən şirkətlər ailəyə dəymiş maddi ziyanı ödəməlidir. Vəfat edən ailə başçısı olduqda isə ailənin ehtiyaclarını ödəməyi üzərlərinə götürməlidirlər.

Məlahət Rzayeva