Komada olan jurnalistin qardaşı xahiş edib

Ailə Sahib İslamovun vəziyyətini “Ümid var” verilişinə çıxarmaq istəyir



Avropa.info-nun avtomobil qəzası nəticəsində koma vəziyyətində olan əməkdaşı Sahib İslamov artıq Şamaxı Rayon Xəstəxanasına köçürülüb. Sahib İslamov Səhiyyə Nazirliyi tərəfindən ayrılmış xüsusi ambulansla Şamaxıda yeni tikilən xəstəxanaya aparılıb. Bu haqda Avropa.info xəbər portalının direktoru Ruslan Bəşirli "Şərq”ə məlumat verib: "Şamaxı Xəstəxanasında Sahib üçün ayrıca palata ayrılıb. Qardaşları ilə əlaqə saxlamışam. Gündən-günə arıqlama, geriləmə halları müşahidə olunur. Vəziyyəti yaxşı deyil”.

R.Bəşirli bildirib ki, Sahib İslamov 3 aydır komada idi. Onun sözlərinə görə, təxminən 100-ə qədər bir qrup jurnalist bununla bağlı ölkə başçısına müraciət etdi: "Müraciətdən sonra Sahibin bütün müalicəsini dövlət öz üzərinə götürdü. Səhiyyə Nazirliyi tərəfindən xüsusi konsilium keçirildi. Sonra səhiyyə nazirinin müavini bizi qəbul etdi. Mən də həmin görüşdə iştirak edirdim. Bildirdilər ki, onun baş qabığındakı hüceyrələr zərbə nəticəsində sıradan çıxıb. Dünyanın heç bir yerində bunun müalicəsi yoxdur. Tibb elmi burada aciz qalır”. R.Bəşirli onu da qeyd edib ki, həkim yaxşı diqqət, qayğı, qulluq göstərilməsi nəticəsində 3-5 faiz beyin hüceyrələri ayıla biləcəyini söyləyib: "Amma tam şəkildə beyin hüceyrələrinin ayılması, ayağa qalxması, danışması nadir hallarda rast gəlinən hadisədir. Mindən bir xəstədə ola bilər. Allah necə istəsə, elə də olacaq. Həkimlər belə deyib”. O, Sahibin qardaşlarının xahişini də unutmayaraq bizim qəzet vasitəsilə Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Ümid Var” verilişinə səsləndi: "Mənə dedilər ki, Zaurla əlaqə saxlaya bilərsənmi ki, bəlkə məsələni ora çıxardaq. Nə isə müsbət bir şey ola bilər. Bu insanlar Allahdan ümidlərini kəsməyərək yenə də nəyəsə ümid bəsləyirlər. Sahibin

1 il 3 aylıq körpə uşağı var. İki ilə yaxındır evlənib. "Ümid var” verilişinə müraciət edərək, Sahibin məsələsini işıqlandırmasını istəyirəm”.

Vüqar Şahinoğlu