Avropanın böyük aktyorları Qarabağ problemini nə vaxt çözəcəklər?

Aydın Mirzəzadə: “Əgər münaqişəni böyük dövlətlər həll edəcəksə, sual olunur, beynəlxalq təşkilatlar nəyə lazımdır?”


Dağlıq Qarabağ problemini Avropada həllini tapmamış münaqişələr sırasına aid edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Tarbyorn Yaqlandın problemə yanaşması, Azərbaycanda birmənalı qarşılanmayıb. Dağlıq Qarabağ münaqişəsində tərəf olmağın daha çox qarışıqlıq riski yaratdığını vurğulayan baş katib problemin həlli ilə ATƏT-in Minsk Qrupunun məşğul olduğunu deyib:

"Münaqişə tərəflərindən heç biri bizi nəsə bir iş görməyə dəvət etməyib. Biz dilemma qarşısındayıq. Əgər tərəflər bunu arzu edərlərsə və Avropada digər böyük aktyorlar bunu arzu edərsə, biz bunu edə bilərik”.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Aydın Mirzəzadə isə "Şərq”ə açıqlamasında bildirib ki, bu cür bəyanatlarla AŞPA, sadəcə, yaxasını kənara çəkməyə çalışır: "Avropa Şurasının əsas funksiyası demokratiya və insan hüquqlarının müdafiəsidir. Bir ölkənin digər ölkənin ərazilərini işğal edərək bir milyon insanı təbii hüquqlarından məhrum etməsi isə ən böyük qanun pozuntusudur. Buna baxmayaraq, biz hələ də AŞPA-nın bu məsələdə obyektiv mövqeyini görməmişik. Necə ki, AŞPA öz monitorinqlərində Azərbaycanın qurum qarşısındakı öhdəlikləri ilə bağlı tənqidi mövqeyini göstərir. O cümlədən də Ermənistanın əməlləri ilə bağlı həmin qurumun kəskin mövqeyini göstərməsi arzuolunandır”.

Millət vəkilinin sözlərinə görə, Avropa Şurasının baş katibi Dağlıq Qarabağın həllinin Avropanın böyük aktyorlarının əlində olduğunu deməklə, sadəcə olaraq məsuliyyəti AŞPA-nın

üzərindən atmağa çalışır. Əslində, Azərbaycan nümayəndələri tərəfindən Qarabağ münaqişəsinin həlli ilə bağlı qaldırılan məsələləri tamam başqa istiqamətə yönəltmək onlarda adət halını alıb. Lakin bu heç də problemə adekvat yanaşma deyil. Ermənistan Avropa Şurasının üzvüdür. Ona qarşı sanksiyalar tətbiq etmək və onların öhdəliklərinə torpaqlarımızı boşaltmaq kimi tələblər də əlavə etmək olar. Ancaq çox təəssüf ki, biz bunların heç birinin şahidi olmamışıq.

A.Mirzəzadənin sözlərinə görə, beynəlxalq güclər Qarabağ münaqişəsinin həllinə nail olmaq iqtidarında deyilsə, sakitcə kənara çəkilsinlər: "Baş katibin Dağlıq Qarabağın həlli Avropanın böyük aktyorlarının əlindədir ifadəsi ilə razı deyiləm. Əgər Dağlıq Qarabağ problemi Azərbaycan və Ermənistan arasında həll ediləcəksə, o zaman beynəlxalq təşkilatlar birmənalı şəkildə danışıqlar prosesində "kənar oyunçu” olduqlarını bəyan etməlidirlər. Yox, əgər münaqişəni böyük dövlətlər həll edəcəksə, sual olunur, beynəlxalq təşkilatlar nəyə lazımdır? Əllərindən bir iş gəlmirsə, özlərini niyə yorurlar?”

Şəymən