“Cəbhədəki hadisələrdə Putinin “barmağı” var”

Sərdar Cəlaloğlu: “Proseslərin müharibə ilə nəticələnməsinə imkan vermək olmaz”


Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca başlanan intensiv atışmaları şiddətlənməkdədir. Bədnam qonuşlarımız ordumuzun mövqelərini iriçaplı silahlardan atəşə tuturlar. Atışmalar nəticəsində iki zabitimiz şəhid olub. Ermənistan tərəfinin də itki verdiyi bildirilir. Sərhədyanı məntəqələrdə yaşayan soydaşılarımız qorxu və təlaş içindədir. Sakinlər həyatlarının təhlükə altında olduğunu düşünürlər. Hökumətdən paytaxta və ətraf rayonlara köçürülmələrini tələb edirlər.

İşğalçı ölkə atəşkəs rejimini dəfələrlə pozsa da, hadisələr indiki kimi təhlükəli olmamışdı. Ötən günlərdə ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 201 dəfə atəşkəs rejimini pozublar. Tərtər, Tovuz, Qazax və Gədəbəy rayonlarında vəziyyət gərgin olaraq qalır. Separatçı rejimin başlatdığı silahlı toqquşmanın ilkin səbəbləri barədə ekspertlər birmənalı rəy verə bilmirlər. Bəziləri münaqişəni düşmənlərin ölkəmizə növbəti işğal cəhdi kimi yozsa da, bunu Rusiyanın Amerikaya mesajı və Cənubi Qafqazda möhkəmlənməsi kimi dəyərləndirənlər də var. Total toqquşmaların müharibə fazasına keçəcəyini söyləyənlər də az deyil. Hətta bu günlərdə rəsmi Bakı da hərbi əməliyyatların başlamasını istisna etmədi.

Cəbhədəki hadisələrlə bağlı "Şərq”in suallarını Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu cavablandırıb.

- Olayları bölgədə baş verən hadisələrdən ayrılıqda təsəvvür etmək düzgün yanaşma deyil. Sözügedən olaylar, Ukraynada yaşananların Cənubi Qafqazdakı əks sədasıdır. Söz yox ki bu, Rusiyanın Amerikaya mesajıdır. Ermənistan tərəfinin Rusiyanın nəzarəti altında olması hər kəsə məlumdur. Rusiyanın dəstəyi olmayacağı halda işğalçı rejim Azərbaycana qarşı hər hansı bir addım ata bilməz. Düşünürəm ki, oyunların başında Putinin "barmağı” var.

-Cəbhədəki gərginliyi rəsmi Moskvanın dolayısı ilə Amerikaya mesajı olduğunu söylədiniz. Amma ABŞ tərəfi müharibənin başlanmasında optimist görünür...

- Qətiyyən belə deyil. Rəsmi Vaşinqton başlanan proseslərdən narahatdır. Amerikanın Cənubi Qafqazla bağlı maraqları bölgədəki sabitlikdən keçir. Bölgədə müharibə alovlanarsa, Qərb nə qazanacaq ki?

- Söhbət hansı maraqlardan gedir?

- İqtisadi maraqlardan. Azərbaycanla Qərb ölkələri arasında neft, qaz və digər sahələrdə əməkdaşlıq var. Üstəgəl, Azərbaycan yaxın və uzaq Şərq üçün çox əlverişli geopolitik mövqeyə malikdir. Digər tərəfdən, Azərbaycan stabil ölkədir. Faktiki olaraq, bütöv Azərbaycan ideyası dünya xəritəsini dəyişə bilər. Azərbaycan Türkiyənin strateji müttəfiqidir. Türkiyədə NATO-nun üzvü olduğuna görə, biz də dolayısı ilə həmin təşkilatın üzvü sayılırıq. Maraqlar çoxdur. Amerikanın bölgə ilə bağlı maraqlarının əsas təminatçısı isə Azərbaycandır.

- Bəzi siyasilər iddia edirlər ki, cəbhədəki atışmalar Rusiya Ukraynananı itirdikdən sonra intensivləşdi...

- Ukraynada bir neçə aydır ki, xalq hərəkatı başlayıb. 50 milyon əhalisi var. Rusiya bizə müdaxilə edə bilər. Ukrayna kifayət qədər güclü dövlət olduğu üçün şimal qonşumuz onların daxili işlərinə qarışa bilməz. Rusiyada çoxlu sayda ukraynalı yaşayır. Rusiyanın ictimai-siyasi həyatında üstün mövqelərə malikdirlər. Onlar da seçim qarşsında qalsalar, Rusiyanı deyil, rəsmi Kiyevi dəstəkləyəcəklər. Bu baxımdan, şimal qonşumuz olduqca ehtiyatlı davranır.

- Türkiyə məsələlərdə susqunluq nümayiş etdirir. Ehtimal olunur ki, Ərdoğan iqtidarını sarsıdan anti-korrupsiya əməliyyatları buna hesablanıb?

- Qardaş ölkə anlayır ki, cəbhədəki toqquşmalar Rusiyanın təxribatıdır. Azərbaycan tərəfi də belə təxribatlara getməli deyil. Əks halda, çox arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hesab edirəm ki, Türkiyənin bu işlərə bitərəf qalması doğru yanaşmadır.

- Türkiyə mətbuatı məlumat yayıb ki, silahlı toqquşmlar Ermənistan hökumətinin özünün israrıdır. Rusiyanın heç bir rolu yoxdur...

- Bu, Ermənistanın öz hünəri deyil. Ərazilərimizi Ermənistan deyil, Rusiya işğal edib. Təcavüzkar rejim bölgədə müstəqil siyasət aparmaq imkanına malik deyil. Ermənistanın başlatdığı hər bir təşəbbüs Rusiyanın addımı kimi dəyərləndirilməlidir.

- Rəsmi Bakı hadisələrin bu şəkildə davam edəcəyi halda müharibənin başlanmasını istisna etmədi...

- Belə bəyanatları doğru saymıram. Ehtimal olsa belə, indiki halda bu cür bəyanat vermək olmaz. Sözügedən bəyanatı siyasi səhv hesab edirəm. Çünki hərbi əməliyyatların başlanması Azərbaycana müsbət heç nə vəd etmir.

- Cəbhədəki gərginlik müharibə fazasına keçə bilərmi?

- Proseslərin müharibə ilə nəticələnməsinə imkan vermək olmaz. Rusiya dəfələrlə bəyan edib ki, münaqişə alovlanacaqsa, Ermənistanı dəstəkləyəcək.

- Azərbaycan müharibəyə hazırdırmı?

- İndiki şərtlər daxilində ölkəmiz Rusiya ilə müharibə apara bilməz.

- Atəşkəs rejiminin bərpası üçün Azərbaycan tərəfi hansı addım atmalıdır?

- Qərbin gücündən beynəlxalq qaydada istifadə etməlidir. Beynəlxalq təşkilatlar məlumatlandırmalıdır.

Ayyət Əhməd