“Hesab edirəm ki, şeyxin açıqlamaları MTN-nin nəzərindən qaçmayacaq”

“Qurum, ən qısa zamanda əməliyyata başlamalıdır”


Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələri sosial şəbəkələrdə ayrı-ayrılıqda bəyanat yayıblar. Bunlar "Meşə Qardaşları” və "Ceyşullah” təşkilatıdır. Radikal dini qruplaşmaların bəyanatında qeyd olunub ki, onlar bir təşkilat olaraq Azərbaycanda hərbi əməliyyatlara start verəcək və tezliklə ölkədə "cihad” elan edəcəklər.

Bəyanatdan dərhal sonra MTN dini qruplaşmaların hədələrinə reaksiya bildirib. Qurum rəsmisi vəziyyətin nəzarətdə olduğunu qeyd edərək qabaqlayıcı tədbirləriin görüldüyün bəyan edib. Radikal dini təşkilatların terror hədəsini şərh edən siyasi şərhçi Elşən Manafov sələfi-vəhhabi terror təşkilatlarının son günlərdəki fəallaşmasına qərb prizmasından yanaşır. Politoloqun sözlərinə görə, vəhhabiliyi yaradan və maliyyələşdirən Səudiyyə Ərəbistanı ABŞ-ın ən yaxın və stabil müttəfiqidir: "Hazırda Azərbaycanın ictimai-siyasi həyatında dini müstəvidə baş verənlərdən istifadə edib ölkədə sabitliyi pozmağa çalışan qüvvələr var. "Meşə Qardaşları” da kifayət qədər strukturlaşmış, maliyyə resurslarına və beynəlxalq dəstəyə malik olan bir təşkilatdır. Bildiyimiz kimi Azərbaycanın məhz şimal bölgəsində, xüsusi ilə də Xaçmaz, Quba ərazisində, son vaxtlar isə Balakən və Zaqatalada çox ciddi bazaya malikdirlər. Güman edirəm, Azərbaycanın müvafiq dövlət qurumları bu cür bəyanatların arxasında konkret əməllərin dura biləcəyini nəzərdən qaçırmayacaqlar. "Əbu Bəkr” məscidindəki partlama, ilahiyyatçı Hacı Şahinin ölümlə təhdid edilməsi və s. hadisələri unutmaq olmaz. Ölkədə ictimai-siyasi sabitliyin pozulması üçün nəzərdə tutulan bu kimi ciddi olaylar zəncirin halqalarıdır. Əsas məsələ zəncirin kimin əlində olmasını müəyyən etməkdir. Çünki MTN tərəfindən vəhhabi terror qruplaşmalarının bir hissəsi zərərsizləşdirilsə də, təhlükənin tamamilə ortadan qaldırıldığını demək olmaz. Məsələ kökündən həll edilməlidir”. E.Manafovun sözlərinə görə, ötən gün QMİ-nin toplantısında Şeyxülislam H.A.Paşazadənin  bəzi məmurların  övladlarının adı çəkilən həmin radikal qruplaşma ilə təmasda olduqlarını deməsi boş yerə deyildi. Şeyx dövlətə və ictimaiyyətə çatdırmaq istəyirdi ki, yüksək məmurlar tərəfindən maliyyələşdirilən vəhhabi qruplaşmaları ölkə üçün ciddi fəsadlar törədə bilər: "Hesab edirəm ki, kifayət qədər məlumatlı və hörmətli bir şəxsin, dini liderin bu cür açıqlama verməsi MTN-nin nəzərindən qaçmayacaq və qurum ən qısa zamanda əməliyyatlara başlayacaq. Bir şeyi də qeyd edim ki, adı çəkilən təşkilatların İranla heç bir bağlılığı yoxdur. Bu təşkilatlar birbaşa vəhhabi təriqəti ilə bağlıdır. Suriyada gedən müharibədən dolayı vəhhabiliyin parçalanması, aralarında ziddiyyətin yaranması isə Azərbaycan üçün əlavə təhlükə deməkdir”.

İsmayıl