Mülki əhali müharibəyə hazırlanmalıdır

Seyran Səxavət: “Azərbaycan əsgəri şəhərin görkəmli yerində şux geyimli əsgərin portretini niyə görməməlidir?..
Azad İsazadə: “Müharibəyə hazırlıq ilk növbədə sərhədyanı bölgələrdən başlamalıdır”


Son günlər cəbhə xəttində baş verən hadisələr Qarabağda müharibənin yenidən alovlanma ehtimalını hər gün bir az daha artırır. Bəs cəmiyyət psixoloji cəhətdən müharibəyə hazırdırmı? Bu sualla psixoloq və ziyalılarımıza müraciət etdik.

Müharibənin arzuolunmaz olduğunu deyən yazıçı Seyran Səxavətin sözlərinə görə, heç kəs döyüşlərin olmasını istəmir: "Çünki müharibə aclıq, səfalət, ən dəhşətlisi isə qan deməkdir. Amma ermənilər Azərbaycan torpaqlarını illərdir ki, işğalda saxlayırsa və heç bir sülhü qəbul etmirsə, məsələni yoluna qoymaq əvəzinə cəbhədə atəşkəsi pozursa, o zaman müharibə qaçılmaz ola bilər. Xalq hər zaman müharibəyə, döyüşə hazır olmalıdır. Ona görə ki, bu xalqın torpaqları işğaldadır, qaçqın-köçkünü var. Müharibə şəraitində olan dövlətin böyük təbliğat vasitəsi olan televiziyalarda bayağı müğənnilərin təkrar-təkrar nümayişindənsə, hərbi vətənpərvərlik ruhlu layihələr işlənməli, gənclər bu layihələrə cəlb olunmalı və onlarda vətənə sevgi artırılmalıdır. Təbii ki, bu tip problemlər kompleks həll olunmalıdır. Təhsildən tutmuş mətbuata qədər, hər bir şey ölçülüb-biçilməlidir. Yəni bu problemi tək televiziyanın, yaxud hansısa bir sahənin üzərinə atmaq da düz olmaz. Bəyəm paytaxtın, elə rayonların görməli yerlərində vətənpərvərlik ruhunu aşılayan plakatlar asmaq mümkün deyil? Əlbəttə, mümkündür, özü də yüksək səviyyədə. Paytaxtda yerləşən bütün lövhələrdə ayrı-ayrı firmaların reklamları asılır. Yəni bu məsələdə də biznes maraqları daha üstün tutulur. Kimlərsə, böyük biznes əldə etmək üçün reklamını yerləşdirir, dövlət qurumları isə reklamdan böyük gəlir götürmək üçün həmin reklamları şəhərin görməli yerlərində asır. Azərbaycan gənci şəhərin gəzməli, görməli yerlərində şux geyimli bir əsgərin portretini niyə görməməlidir? Bəyəm belə bir portretin asılması kimlərəsə utanc gətirə bilər? Əksinə, belə bir portretlə rastlaşan ölkəmizə qonaq gəlmiş hansısa əcnəbi müharibə şəraitində olduğumuzu anlayar və müharibəyə necə hazır olduğumuzu görər. Lakin reklam lövhələrində sıradan bir qızın çılpaq şəklini görən xarici qonaq tamam başqa şeylər fikirləşir”.

Politoloq Qabil Hüseynli isə öncə müharibəyə hazırlıq mərhələsində tələb olunan şərtlərdən danışıb. Onun sözlərinə görə, müharibədə iqtisadiyyat və siyasətdən tutmuş həyat tərzinə qədər hər şeyin dəyişməsi tələb olunur: "İqtisadiyyat cəbhənin ehtiyaclarının ödənməsinə yönəlir. Ölkədəki siyasi partiyaların fəaliyyəti dondurulur. Ümumi səfərbərlik elan edilir. Ehtiyatda olanlar da yaş məhdudiyyəti qoyulmadan səfərbərliyə cəlb olunur. Bütün təbliğat vasitələri də bu yönə istiqamətlənir. İnsanlar siyasi mənsubiyyətə bölünmür. Müharibə cəmiyyətin bu yöndə dəyişməsini istəyir. İnsanlar vətəni və milləti qorumaq hədəfinə köklənir. Bu şəraitdə işğal altındakı torpaqların azad edilməsinə və ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq olar”.

Məmurların özləri üçün xeyli imtiyazlar yaratdıqlarını deyən politoloq qeyd etdi ki, bu imtiyazlardan biri də onların övladlarını hərbi xidmətdən yayındırmalarıdır: "Onlar övladlarına saxta hərbi bilet alırlar. Müharibə elan olunsa, bu cür ayrı-seçkilik olmamalıdır. Bunlar cəmiyyətin əhval-ruhiyyəsinə pis təsir edən amillərdir. Məmur övladı döyüşdə olmayacaqsa, yoxsul balası yüksək vətənpərvərliklə vuruşmayacaq. Hamı hərbi şəraitin ağır şərtlərini aradan qaldırmaq üçün toqqanı da eyni ölçüdə sıxır, çiynini də yük altına hamı ilə bərabər verir. Siyasi elita iradə ortaya qoyub bunu reallaşdırsa, düşmən üzərində qələbəni təmin edə bilərik”.

Son günlər cəbhədə baş verənlərin doğrudan da ciddi xarakter aldığını vurğulayan hərbi ekspert- psixoloq Azad İsazadənin sözlərinə görə, müharibəyə hazırlıq ilk növbədə sərhədyanı bölgələrdən başlamalıdır: "Qarabağ savaşı ətrafında həlqə artıq daralıb. Hər bir atəşkəs pozuntusu müharibəyə çevrilə bilər. Doğrudur, mövcud şəraitdə cəbhədə vəziyyət kifayət qədər kəskinləşib. Lakin hələlik biz fikirləşdiyimiz müharibə riski o qədər də yüksək deyil”.

Müharibəyə hazırlıqla bağlı məsələyə toxunan psixoloqun sözlərinə görə, bu istiqamətdə təxirəsalınmaz addımlar atılmalıdır. Onun sözlərinə görə, Azərbaycan dövləti hər an müharibə təhlükəsi ilə üz-üzə olduğu üçün cəmiyyəti də buna hazırlamalıdır: "Bu gün ölkəmizdə bir- birinə zidd iki fikir formalaşıb. Cəmiyyətin bir hissəsi hesab edir ki, Qarabağ probleminin həlli yolu yalnız hərbdən keçir. Onlara görə, Azərbaycan tez zamanda cəbhə xəttində genişmiqyaslı hərbi əməliyyatlara başlamalı və torpaqlarımızı düşməndən təmizləməlidir. Cəmiyyətin bir hissəsi isə müharibədən qorxur. Çünki onlar üçün müharibə itki, ölüm deməkdir. Odur ki, müharibə oldu- olmadı insanları müharibəyə kökləmək lazımdır. Bu tədbirlər isə ilk növbədə cəbhə xəttinə yaxın olan məntəqələrdə aparılmalıdır. 1-ci Qarabağ savaşının acı təcrübəsindən də məlumdur ki, müharibə zamanı məhz sakinlər yaşayış məntəqələrini boşaltdığı üçün ordumuz da oranı tərk edib. Bu səbəbdən də təxirəsalmadan mülkü əhali arasında müharibəyə hazırlıqla bağlı ciddi müzakirələr aparılmalı, cəbhəyanı rayonlarda infrastruktur bərkidilməli və əlavə tibbi yardım məntəqələri salınmalıdır. İdeloji təbliğat isə gücləndirilməlidir”.

Şəymən