Gülünc açıqlamalar verilir

“Biz əsgərlərimizi Türkiyədə, İranda yoxlatdırıb, sonra xidmətə aparmalıyıq?”


Son günlər hərbi xidmət keçən xeyli sayda əsgərin xidmətdən geri çağırılması hərbi tibb komissiyaların işinin öhdəsindən necə gəlməsi məsələsini gündəmə gətirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov çağırış prosesi zamanı ilk növbədə tibbi prosedurun həyata keçirildiyini bəyan edərək gənclərin tibbi yoxlamadan yerli poliklinikalarda keçdiklərini bildirib.

Yerli poliklinikalardan isə bildiriblər ki, çağırışçılar poliklinikada yalnız 3 cür yoxlamadan keçirilir. Kardioloji, rentgen və laborator-qan analizləri hərbi tibb komissiyalarında olmadığı üçün poliklinikalarda aparılır. Digər yoxlamalar, burun-qulaq, göz, psixiatrik, travmatoloq-cərrah və s. hərbi tibb komissiyalarında həyata keçirilir. Xidmət rəisi A.Rəhimov həmçinin onu da qeyd edib ki, bir sıra gənclər ilkin həkim komissiyasından keçərkən öz xəstəlikləri barədə məlumatları gizlədirlər. Bu da onların ordu sıralarında xidmət etmək istəyindən irəli gəlir: "Onlar bəzən xəstəlikləri barədə ona görə məlumat vermirlər ki, hərbi xidməti çəkib, sonradan hüquq-mühafizə orqanlarında, digər qurumlarda işə düzəlsinlər”.

Generalın açıqlamalarına münasibət bildirən "Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik-leytenant Üzeyir Cəfərov xidmət rəisinin məsələyə çox bəsit yanaşdığını deyib. Hərbi ekspertin sözlərinə görə, gənclərin ordu sıralarına gedərkən öz xəstəliklərini gizlətməsi amili qeyri-ciddi yanaşmadır: "Sovet vaxtında da, müstəqillik zamanında da çağırışçılar hərtərəfli yoxlanılıblar. Onların bütün müayinələri, hətta ən kiçik analizləri belə yüksək səviyyədə aparılıb. Generalın sözlərinin heç bir hüquqi və mənəvi əsası yoxdur. Prezidentin sərəncamından sonra Çağırış Komissiyası yaradıldı və həmin komissiyada bütün güc strukturlarının nümayəndələri təmsil olundu. Səhiyyə Nazirliyi tərəfindən ayrılmış mütəxəssislər, yerli şəhər və rayon həbri

komissarlıqlarına təhkim olunmuş təcrübəli həkimlər komissiya tərkibində çağırışçıları çox ciddi yoxlayırlar.

Amma o gün tanınmış bir şəxs deyir ki, əsgərlər saçlarını qırxdırırlar, başıaçıq gəzirlər, buna görə də, onlar "miningit” olurlar. Axı bu nə cür təfəkkürdür, necə yanaşmadır? Harda görünüb ki, əsgər başıaçıq gəzir. Hərbi xidməti başa vurana qədərə əsgərlərin başından papaq çıxmır”. Ü.Cəfərov qeyd edir ki, Azərbaycanda son illər kifayət qədər diaqnostika mərkəzləri yaradılıb. Ölkəmizdə olan tibbi-texniki avadanlıqlar dünyanın bir çox ölkəsində yoxdur: "Ancaq qurum rəhbərinin sözündən belə çıxır ki, biz əsgərlərimizi Türkiyədə, İranda yoxlatdırıb sonra xidmətə aparmalıyıq. Bu absurd və gülüncdür. Çox təəssüflənirəm ki, bəzi yüksək vəzifəli şəxslər dövlətin onlara həvalə etdiyi səlahiyyətlərdən sui-istifadə edirlər. Onlar çağırışçılara öz doğma övladları kimi yanaşmaq əvəzinə, əsgərlərə ögey münasibət göstərirlər, əsgərlərin sağlamlıqlarının qeydinə qalmırlar”. Ekspert sual edir ki, bir-iki nəfəri başa düşmək olar, bəs 17 nəfər vərəm daşıyıcısının hərbi xidmətdə nə işi var? "Yoluxucu xəstəlik daşıyan 17 nəfər əsgər orduya düşmənin belə vura bilməyəcəyi zərbəni vurar. Bu, bağışlanmaz səhvdir. Biz xəstə əsgəri orduya çağırmaqla ordunu xəstələndiririk. Məsul şəxslər oturub düşünməlidir ki, niyə 10 günün əsgəri dünyasını dəyişir? Xidmətdən geri qaytarılan 157 nəfər haqqında da Respublika Prokurorluğunda ciddi təhqiqat aparılmalıdır. Bu işdə "əməyi” olanlar, hansılar ki, "hərbi xidmətə yararlıdır” əmrinin altına imza atıblar, onlar məsuliyyətə cəlb olunmalıdır. O əsgərlər bizim övladlarımızdır”.

İsmayıl