Siyasətdə keyfiyyət ölçüsü...Mövqe deformasiyası müxalifətdəkiləri ən pis epitetlərə qədər aparıb çıxarır

Vəfa Allahverdiyeva


İnsanın boyu və çəkisini konkret ölçü vahidləri ilə ifadə etmək mümkün olsa da, onun keyfiyyətini, başqa sözlə dəyərini müəyyənləşdirə biləcək nə ölçü vahidi var, nə də cihaz. Siyasətlə məşğul olanlar isə öz çevrəsində istənilən insanın keyfiyyət standartlarına cavab verib-vermədiyini ölçməyə başlayıblar. Təbii ki, öz metodları ilə. Bu metodun konkret adı belədir: birlikdəyiksə keyfiyyətlisən, birlikdə olmadığımız halda, keyfiyyətsiz.

Məlumdur ki, Milli Şuranın hörgüsündən daşlar bir-bir qopmağa döğru gedir və bu uçuq-sökük binanın yerdə qalan sahibləri qopan hissələrin keyfiyyət standartını şübhə altına alır. Gedənlər Milli Şuraya bərk-bərk sarılıb, onun təəssübünü çəkənlər, bu insanlarsa, formata xəyanət edənlər haqqında kompromat qovluğu ortaya qoymağa çalışır. Daha doğrusu, qoyurlar və bilavasitə özləri öz davranışlarında ictimaiyyətə məlum edirlər ki, heç demə,müxalifət keyfiyyətsiz insanlar yığını imiş. Bilənlər bilib keyfiyyəti olmayan tərəfdaşlarını Milli Şura çətiri altında zorən "həzm” edib, bilməyənlər isə siyasi şəxslər arasında səviyyə uyğunsuzluğunu indi görməyə başlayıb.

Əslində bir-birinə beləcə ikiüzlü, saxta yanaşma yeni mərhələdə meydana çıxmayıb və yalnızca müxalifətin təbiətinə xas deyil. Vaxtilə iqtidar düşərgəsində hakimiyyətin maraqlarının alovlu təbliğatçısı olanlar da ömürlərinin taxtdan düşmüş səhifəsinə keçəndə az qala keçmiş siyasi şəcərəsinə qarşı əzrayıla çevrilirlər. Əli İnsanovu xatırlayırsınız: iqtidarda olanda hünəri var idi, bir jurnalist ona hakimiyyətin səhvindən, yaxud, səhiyyədəki özbaşınalıqdan sual verəydi. Həmin jurnalist ya sinəsindən geri itələnəcək idi, ya da sualına iqtidarı müdafiə xarakterli cavab alacaqdı. İndi isə hakimiyyət onun baxışınca keyfiyyətsizdir, çünki Əli İnsanovun vəzifəsini əlindən alıb. Gültəkin Hacıbəyli-nə qədər ki, millət vəkili idi, hakimiyyət gül kimi hakimiyyət idi. Elə ki, şəxsi maraqları təhlükə altına düşdü, iqtidarla bağlantıları qırıldı, əski düşərgəsinə qarşı qara piara keçdi, ona keyfiyyətsizlik "sertifikat”ı verməyə başladı. Belə misallardan uzun bir siyahı yaratmaq mümkündür, çünki itirdiklərinin, küskünlüklərinin müqabilində susan, yeni dostlarını müxalifət içərisində axtarmaq istəyənlər elə də çox deyil. Onlar ya İnterpol

axtarışındadır, ya da, uzaq-yaxın bəlli məkanlarda dilsiz-ağızsız, lal baxışlarla həyatadavam edirlər. Qayıdaq müxalifətə.

Mövqe deformasiyası müxalifətdəkiləri ən pis epitetlərə qədər aparıb çıxarır. İsa Qəmbərdən sonra Milli Şurada başlanan sürətli istefaların sahibləri bu formatı saxlamaq istəyənlərin təhlilində keyfiyyətsiz, zay insanlar kimi xarakterizə olunur.

Zəfər Quliyev Cəmil Həsənlinin axırıncı açıqlamalarına dayanıb, onda ziyalılıq əlamətlərini şübhə altına almaq istəyir. Halbuki seçki ərəfəsində prezidentliyə namizədləri kristal kimi bir insan idi. Eldar Namazov siyasi qüvvələrin blokunda nifaqın səbəblərinə daha uzaqdan deyil, yaxından-Həsənlinin ortaq məxrəc yarada bilməyən fiqur olmasından yanaşır. Dünənsə Həsənli Azərbaycanın çox dəyərli aydını, hakimiyyətlə mübarizədə çox cəsarətli fiqur idi. Namazovun adını fəxarətlə çəkən MŞ sədri öz növbəsində bu gün onun barəsindəki yepyeni mövqeyini istehza çalarlarına bələyir. MŞ-nın hazırkı idarəçilərinə yaxın mətbu imzalar İsa Qəmbərin satqınlığı, Mirəlioğlunun arxasının dini liderə bağlılığı, Namazovun SSRİ KQB-si tərəfindən "verbovka” olunması, indisə Rusiya Federal Təhlükəsizlik xidməti ilə əməkdaşlıq etməsi faktlarını bir yerdə təqdim etməklə, gedənlərin, getməyə hazırlaşanların keyfiyyətsizlər kateqoriyasında yer almasına diqqət cəmləmək istəyir. Amma bu məsələdə kifayət qədər cavabsız suallar buraxılır.

Birincisi, siyasi insanların pozitiv məziyyətləri sıfır səviyyəsində idisə, onlar eyni koalisiyada necə birləşmişdi?

İkincisi, kimsə hakimiyyətlə, xarici qüvvələrlə separat əlaqədə idisə, bu qüvvələrin ayağısürüşkənliyi ilə bağlı niyə istefalardan qabaq təhqiqat aparılmamışdı? Yaxud, jurnalist təhlilləri bu ehtimalları deyəndə, onlar niyə qamçılanırdı?

Üçüncüsü, əgər gedənlər, yaxud qalanlar keyfiyyət baxımından yararsızsa,müxalifətin əməkdaşlıq modelini həmin tərkibdə qoruyub saxlamaq çabası nəyə lazım idi?

Demək, seçki zamanı hakimiyyətin əsas alternativi dəyərsiz insanların təmsilçisi olub. Milli Şuranın ziyalı, millətsevər, təəssübkeş, "qızıl” kimi insanların bloku olması fikirləri cəfəngiyyatdan başqa, bir şey deyilmiş. Demək, insan sərrafı ola bilməyənlər 2013-cü ildə hakimiyyət idarəçiliyinin sərrafı olmaq istəyibmişlər.

Siyasi və ideoloji potensialı tükənən müxalifət öz arasında sərt rüzgarlar əsdirməklə, xırda məsələlər səviyyəsinə düşməklə, ən lazımsız məqamların hesabını aparmaqla, özünü uzunmüddətli bir vakumun içərisinə salıb. Şəxsi münasibətlərdə özləri üçün imperativ normalar müəyyənləşdirməyən siyasətçilər və psevdosiyasətçilər bir-birləri üçün keyfiyyət sertifikatı müəyyənləşdirərkən, təkcə,mənfi cizgilərlə mükəmməlləşmiş portretlərini ortaya qoymur, eyni zamanda, hansısa vaxtdan sonrakı barışıqda, tapılacaq yeni inteqrasiya modellərinin də altını cızır-keyfiyyətsizlər ittifaqı...