Məkan dəyişir...

Suriyadan sonra Əfqanıstandan da azərbaycanlıların döyüşdüyü məlum oldu

Məkan dəyişir...


Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Sumqayıt şəhər sakini, 36 yaşlı İmran Qasımov koalisiya qüvvələri tərəfindən öldürülüb.

Onun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib. Məlumata görə, İ.Qasımov respublikanın hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Qeyd edək ki, bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar Füzuli rayon sakini Müşfiq Bayramovun və Şəki rayon sakini Azər Yusubovun Əfqanıstanda öldürülməsi xəbəri yayılıb. Suriyaya döyüşməyə gedən azərbaycanlılar müəyyən mənada özlərinə bəraət qazandıraraq, hansı məqsədlə döyüşə getdiklərini açıqlayırlar. Bəs görəsən, Əfqanıstanda azərbaycanlıların nə işi var? Onları əfqan bataqlığına aparan səbəblər nədir? "Cihad” anlayışı, yoxsa hansısa terror qruplaşmasında muzdlu əsgər kimi savaşmaq niyyəti..

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc qeyd edir ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara əsasən, azərbaycanlıların hansısa silahlı qruplaşmalara qatılması birbaşa qanunsuz muzdlu xidmət sayılır. Onların hərəkəti hüquqi dillə cinayətkar əməl və ya terrorçuluq kimi təsvir olunur. Cəzaları isə buna adekvat olaraq müəyyənləşdirilir: "Bu şəbəkələrdə yer alan adamlar artıq öz müstəqilliklərini itirir və sonrakı həyatda da həmin qruplaşmalar tərəfindən idarə olunmaq məhkumluğunu yaşayırlar. Düşünürəm ki, əslində Suriya ilə Əfqanıstanda eyni mənzərə yaşanır. Sadəcə, Bəşər Əsəd meydanı nisbətən yeni olduğu üçün ordakı şərtlər daha cazibədar görünür. Amma Əfqanıstan artıq bir bataqlığa çevrilib. Mahiyyətcə, Suriya da ikinci Əfqanıstan olmağa namizəddir. Necə ki, bundan əvvəl başqa ərəb və müsəlman ölkələrini tənəzzülə sürükləyirdilər, eynilə Suriyanı da həmin yolla aparırlar”. Millət vəkili deyir ki, sovet dövründə məcburi gedənlərdən fərqli olaraq bu gün Əfqanıstana müstəqil şəkildə üz tutanlar "legioner” dəstələri formalaşdıran xüsusi şəbəkələrin təsiri və vasitəsilə ilə gedirlər: "Bu cür mərkəzlərin, radikal silahlı dairələrin əsas işi aldadılmış insanları toplamaqdır. Onlar bu vasitə ilə insanları milliyəti və dini bəlli olmayan yerlərdə döyüşlərə göndərərək bundan külli miqdarda fayda götürürlər. Sanki bir dünya ordusu formalaşdırırlar. Sabah onlar Fələstində, o biri gün isə başqa yerdə olacaqlar. Çünki həmin adamlar üçün məkan fərqi yoxdur”. Deputatın fikrincə, belə təfriqəçi qurumların azərbaycanlıları

tora salması o qədər də çətin deyil. Amma bunun qarşısını almaq çətindir: "Sözügedən məsələ milli təhlükəsizliyimiz üçün ciddi problemdir. O insanlar ölkəyə qayıdanda daxillərində, gözlərində, xəyallarında daşıdıqları vəhşəti Azərbaycana da gətirəcəklər. Biz insanlarımızı boş yerə damğalamırıq. Qoşulduğumuz beynəlxalq konvensiyaya əsasən həmin adamlar təhlükəli sayılırlar. Bu terrordur, ona başqa ad vermək olmaz”. Z.Oruc vurğulayır ki, biz qanunvericiliklə üstümüzə düşəni etmişik. Amma ölkədən çıxan adamların üzünə baxaraq, sadəcə vizası əsasında onların hara getdiyini müəyyən etmək və cinayətkar fəaliyyətə cəlb olunduğunu söyləmək çətindir: "Bu, sərhədləri aşan bir əməliyyatdır. Ən azından ölkə daxilində nəsə etmək lazımdır ki, bu cür radikal dini qruplaşmaların sərbəst fəaliyyətinin önü kəsilsin. Ancaq bunu edərkən, ölkədəki fərqli dini görüşlərə sahib bütün insanları cinayətkar adlandırmaq olmaz. Məsələni daha da mürəkkəb edən amil isə dinin buna qarışdırılmasıdır”.

İsmayıl