3500 məhbus azadlığa qovuşacaq

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük amnistiya təşəbbüsü parlament tərəfindən dəstəkləndiMehriban Əliyeva: “Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Biz onlara bu şansı verməliyik”
Ötən gün Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Qanun layihəsi müzakirə edilib.
İlk öncə amnistiya ilə bağlı M.Əliyevanın müraciəti dinlənilib. Millət vəkili müraciətində bildirib ki, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olub: "Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmamışdan öncə Heydər Əliyev Xalq Cümhuriyyətinin ideallarını yaşadaraq, onun varisi olduğunu təsdiq edib və Naxçıvana rəhbərlik etdiyi dövrdə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq dalğalandırılıb. 1993-cü ildə Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib. Tarixə Azərbaycan Respublikasının qurucusu kimi daxil olmuş Heydər Əliyevin ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaradılmış Heydər Əliyev Fondu müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etməklə ölkənin inkişafına öz töhfəsini verməkdədir”.
"Ümidvaram ki, amnistiyaya düşən şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olacaqlar”
M.Əliyeva bildirib ki, məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin son vaxtlar Heydər Əliyev Fonduna ünvanladığı çoxsaylı müraciətlə əlaqədar aparılan təhlillər cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla, həmin şəxslərə münasibətdə humanizm və mərhəmət prinsiplərinin nümayiş etdirilməsini zəruri edir: "Heydər Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktının qəbul edilməsinin təşəbbüskarı olub. Milli Məclis tərəfindən qəbul edilmiş 2007-ci il 8 may tarixli qərarla 9877, 2009-cu il 17 mart tarixli qərarla 9564, 2013-cü il 7 may tarixli qərarla isə 10040 məhkum barəsində amnistiya tətbiq edilib. Heydər Əliyev ideallarını yaşadan, humanizm, mərhəmətlik və insanpərvərlik ənənələrini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti rəhbər tutaraq və amnistiyanın tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək, 28 May - Respublika Günü münasibəti ilə amnistiyanın elan edilməsini təklif edirəm. Amnistiya aktı layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. Aparılan təhlillərə əsasən təqribən 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilməsi proqnozlaşdırılır”.
M.Əliyeva deyib ki, hər birimiz azadlığa çıxan insanlara yardımçı olmalıyıq: "Mərhəmət və humanizm prinsipi ilə yaşayan cəmiyyətlər həmişə inkişaf edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Biz onlara bu şansı verməliyik. Ümidvaram ki, amnistiyaya düşən şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olacaqlar”.
O, deputat həmkarlarını "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinə dəstək verməyə çağırıb.
"10 min şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir”
Bundan sonra amnistiya aktı ilə bağlı müzakirələrə başlanılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, sənəd qanunvericilik baxımından dürüst və amnistiya haqqında qərarlarının indiyədək təcrübəsinə əsaslanaraq mükəmməl hazırlanıb. Deputat qeyd edib ki, artıq ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilməsi, xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan müsbət ənənəyə çevrilib: "Fondun amnistiya təşəbbüsləri ölkəmizdə cinayət hüquq siyasətinin liberallaşdırılması məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib. Bu təşəbbüs həmçinin ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasına da öz töhfəsini verir. Əvvəllər də söylədiyimiz kimi, cəza çəkən məhkumların sayına görə, ölkəmiz keçmiş sovet respublikalarını qabaqlayıb və Avropa ölkələri ilə bir sıradadır. Nəzərə alsaq ki, yeni amnistiya qərarından sonra burada söylənildiyi kimi təxminən 10 min şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir. Bu, məhkumların ümumi sayının təxminən 1/3-dir. Belə olan halda, ölkəmiz yuxarıda sadalanan müsbət göstəricini yenə də qoruyub saxlayacaq. Bu qərar əvvəlki qərarla müqayisədə 3500 şəxsin tam azadlığa buraxılmasını da özündə ehtiva edir. Əvvəlki qərarda 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər ciddi rəqəmdir”.
"Ağır cinayətlərə ümumiyyətlə amnistiya qərarlarında yer verilmir”
Ə.Hüseynli vurğulayıb ki, bütövlükdə amnistiya aktı 10 min nəfərə şamil olunur. "Əvvəlkilərlə müqayisədə 1000 nəfər çoxdur. Təbii ki, amnistiya qərarının ikinci hissəsi özündə bir neçə məhdudiyyətləri ehtiva edir. Bu da təbiidir. Çünki ağır cinayətlərə ümumiyyətlə amnistiya qərarlarında yer verilmir. Cinayətin xarakteri və ictimai təhlükəsizliyi nəzərə alınmalıdır. Əks təqdirdə onun humanizm ideyası tətbiq edilə bilməz”. Millət vəkili bildirib ki, qərar 2016-cı ilin iyun ayının 15-də qüvvəyə minəcək: "Amnistiyanın hansı orqanlar tərəfindən hansı qaydada icra olunacağı müəyyən edilib. Qərarın ümumi icra müddəti 4 aydır. Amma tam əminliklə deyə bilərəm ki, Azərbaycanın ədliyyə, məhkəmə və hüquq-mühafizə orqanları bu qərarın daha tez icrasına nail olacaqlar. Şübhə yoxdur ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsü də hamılıqla dəstəklənəcək, amnistiya qərarı qəbul olunacaq və azad olunmuş minlərlə insan cəmiyyətə qovuşacaq. Araşdırmalar onu göstərir ki, fond tərəfindən təqdim edilmiş son amnistiya aktları ilə azadlığa buraxılanların arasında yenidən cinayət törətmək meyilləri demək olar ki, yoxdur. Bu onu göstərir ki, Heydər Əliyev Fondu insan hüquqlarının qorunması sahəsində də qarşıya qoyduğu məqsədə nail olub. Buna görə əminliklə demək olar ki, respublika günü münasibətilə irəli sürülən amnistiya təşəbbüsü vətəndaşlarımızın dövlətə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasında öz töhfəsini verəcək. İnsanların haqq-ədalət inamını daha da möhkəmləndirəcək”.
"Ölkəmizdə qəbul olunmuş amnistiya aktlarının əhatə dairəsi 110 min insanı əhatə edir”
Milli Məclisin komitə sədri, deputat Siyavuş Novruzov amnistiya aktı ilə bağlı danışaraq deyib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın 28 May - Respublika Günü münasibətilə Milli Məclisə amnistiya aktı ilə bağlı müraciəti Heydər Əliyev Fondunun yarandığı dövrdən siyasətində humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Deputat söyləyib ki, Mehriban xanım Əliyevanın amnistiya elan olunması ilə bağlı müraciətləri Milli Məclis tərəfindən yüksək qiymətləndirilir: "Hazırkı amnistiya aktı Mehriban xanım tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən bu yana ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər ölkəmizdə hər hansı amnistiya və əfv haqqında qərar və sərəncam olmayıb. Məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq amnistiya haqqında qərarlar qəbul olunub. Mehriban xanım Əliyevanın təqdim etdiyi indiki amnistiya haqqında müraciətə qədər Azərbaycanda bu yöndə 10 qərar qəbul olunub. 7 amnistiya aktı ümummilli lider Heydər Əliyevin Prezidentliyi dövründə qəbul edilib”. S.Novruzov bildirib ki, digər 3 amnistiya aktının təşəbbüskarı isə məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır: "Hazırda isə Mehriban xanım Əliyeva tərəfindən təqdim edilən indiki amnistiya aktının 10 min nəfərə şamil ediləcəyi, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir. Nəticə etibarilə Mehriban Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktlarının şamil olunma dərəcəsi 40 min nəfərdən çox olacaq. Bütövlükdə isə ölkəmizdə qəbul olunmuş amnistiya aktlarının əhatə dairəsi 110 min insanı əhatə edir. Bununla yanaşı olaraq həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən milli və dövlət bayramları ərəfəsində 20-dən artıq əfv sərəncamı imzalanıb və bu humanist aksiya nəticəsində minlərlə məhkum olunmuş insanlar cəzalarının çəkilməyən hissəsindən azad edilərək ailələrinə qovuşublar. Bax, budur Heydər Əliyev siyasətinin nəticəsi”.
"Qız qaçırmaya görə həbs olunanlar da azadlığa çıxsınlar”
Millət vəkili Zahid Oruc bildirib ki, amnistiya təşəbbüsü ilə bir Azərbaycan xanımı çıxış edir: "Bu, Azərbaycan qadınının nəcib, mərhəmətli obrazının formalaşmasında önəmli addımdır. Dövlət əfv edir, yenidən cəmiyyətə qayıdışa şərait yaradır. Bir dəqiqəsini bir ay kimi yaşayanları dövlət mənəvi mexanizmlə cəmiyyətə, ailəsinə qaytarır. Biz və siyasi partiyalar bağışlamağı bacarmalıyıq. Gələcək amnistiya qərarlarında nəzərə almağınızı istədiyim bir məqamı demək istəyirəm. Hörmətli Mehriban xanım, müstəqillik dövründə evlənməklə əlaqədar qız qaçırma məsələsini adam oğurluğu maddəsi ilə cinayətə çevirdik. Bu vəziyyətdə problem həll olunmur. Ailə həyatını o cür qurmaq istəyənlər, ona kömək edənlər 11-13 illik cəzaya layiq görülürlər. Bu problemin həlli üçün başqa yanaşma lazımdır. Biz həmin şəxslərə də şans verməliyik ki, onlar da azadlığa çıxsın. Çox güman ki, onlar yenidən belə addımlar atmayacaqlar”.
"Bu amnistiya aktı vaxtında qəbul edilmiş qərardır”
Deputat Fərəc Quliyev bildirib ki, bu amnistiya aktı həm də humanizm aktıdır və bu, Qarabağ danışıqlarında, münaqişənin diplomatik həll yolunda Azərbaycanın müsbət mənada manevr imkanlarını artıracaq.
Millət vəkili Rəfael Cəbrayılov deyib ki, amnistiya aktı həbsdəki şəxslərin tamamilə azadlığa buraxılması demək deyil: "Amnistiya aktı islah olunma yoluna qədəm qoymuş və gələcəkdə yeni cinayətlərə gedə bilməyəcək insanların bağışlanmasıdır. Amnistiya aktları təcrübəsində bu amnistiya aktının xüsusi yeri olacaq, böyük insan kütləsinə cəlb edilməsi baxımından vacibdir”.
Deputat Çingiz Qənizadə qeyd edib ki, bu amnistiya aktı vaxtında qəbul edilmiş qərardır: "Mən azadlıqdan məhrum edilmə yerlərində tutulan şəxslərin çoxluğu ilə bağlı danışmışdım. 3500-ə yaxın şəxs azadlığa çıxacaq və nəticədə həbsxanalarda sıxlıq da aradan qalxacaq. Biz hesablamışdıq ki, hər il 24 min məhkum üçün 80-100 milyondan artıq vəsait ayrılır. 3500 məhbusun azad olunması 12 milyon vəsaitə qənaət olacaq ki, bu vəsait də əhalimizin sosial problemlərinin həllinə yönəlik sosial layihələrə cəlb olunacaq”.
Müzakirələrdən sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunan "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” amnistiya aktı səsə qoyularaq qəbul edilib.
Anar Bayramoğlu