ABŞ-la Rusiya Ukraynanın federallaşmasından danışdılar

“Ukraynanın federativ quruluşu və statusunun müəyyən edilməsi barədə real dialoq vacibdir”



Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Ukraynadakı daxili siyasi böhranın həlli üçün xarici dəstək imkanlarını müzakirə ediblər.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Telefon söhbətində Lavrov "Ukraynanın federativ quruluşu və onun bloklardan kənar statusunun müəyyən edilməsi barədə real dialoqun vacibliyini" vurğulayıb.
Ukraynanın cənub-şərqində artan etirazların fonunda Lavrov bütün siyasi qüvvələrin iştirakı ilə dərin konstitusiya islahatlarının vacibliyini vurğulayıb.
Rusiya XİN-in məlumatına görə, Lavrov və Kerri Ukraynada milli dialoqun irəliləməsi üçün səyləri davam etdirməyə razılaşıblar.
Eyni zamanda ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarına Ukraynada baş verən hadisələrlə bağlı 4 tərəfli görüş keçirməyi təklif edib. 10 gün ərzində keçirilməsi nəzərdə tutulan görüşdə Rusiya Federasiyası, Ukrayna, ABŞ və Avropa İttifaqının iştirakı nəzərdə tutulur.
"Onlar gərginliklərin daha da genişlənməməsini təmin etmək ücün Ukrayna, Rusiya, ABŞ və Avropa İttifaqı arasında 10 gün ərzində keçirilməsi nəzərdə tutulan birbaşa danışıqları müzakirə edirlər”, - deyə Vaşinqtonda jurnalistlərə etdiyi açıqlamada Dövlət Departamentinin sözçüsü Cen Psakİ bildirib.