Türkiyədə 170 kişini QİÇS-ə yoluxduran qadın deportasiya olunub

İndi viruslu qadın Vətənə qayıdır, qabaqlayıcı tədbirlər görülməlidir


Türkiyənin Batman vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan 5 əcnəbi qadın saxlanılıb. Onların arasında azərbaycanlı qadın da var. Türkiyə mətbuatının yazdığına görə, qadınlar indiyədək "xidmət göstərdikləri” 170 kişiyə QİÇS virusu yaymaqda təqsirli bilinirlər. Türkiyə polisi həmin 5 qadını ölkələrinə deportasiya edəcək.

Xatırladaq ki, oxşar hadisə bir neçə il Bakıda da baş vermişdi. Həmin vaxt QİÇS virusu daşıyıcısı Elnarə adlı gənc qadının kişilərə xidmət göstərdiyi məlum olmuşdu. Sonradan gənc qadın QİÇS-lə Mübarizə Mərkəzinə təhvil verildi, xeyli müddət orada müalicə aldı, bir neçə il sonra isə qara ciyər serrozundan vəfat etdi. Elnarənin "üzə çıxması” ilə əxlaqsızlıq yuvalarının həm də QİÇS virusu mənbəyi olması uzun müddət gündəmi zəbt etdi. Əxlaqsızlıq yuvalarını "ziyarət” edənlərin nəinki özlərini, hətta digərlərini də yoluxdura biləcəkləri diqqətə alınaraq insanlarımızın müntəzəm müayinədən keçmələri zərurət kimi vurğulandı. Göründüyü kimi, bu bəlanın sonu yoxdur. Türkiyədə də oxşar hallar baş verir. Və indi viruslu qadın Vətənə qayıdır. Belə vəziyyətdə hansı qabaqlayıcı tədbirlər görülməlidir?

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında qeyd etdi ki, ilk növbədə həmin qadının həqiqətən də QİÇS xəstəsi olub-olmadığı müəyyənləşməlidir:

- Türkiyə polisi həqiqətən də belə bir deportasiya həyata keçirəcəksə, həmin qadın QİÇS-lə Mübarizə Milli Mərkəzində qeydiyyata alınmalıdır, təkrar testdən keçirilməli və onun bu virusun daşıyıcısı olub-olmadığı bilinməlidir. Əgər qadın QİÇS virusu daşıyıcısı olduğunu bilibsə və bunu bilə-bilə fahişəlik xidməti göstəribsə, cinayət məsuliyyəti daşıyır. Amma virus daşıyıcısı olduğunu bilməyibsə, bu halda məsuliyyətə cəlb edilə bilməz. Bunu ayırd etmək də çətin deyil. Qadının neçə il Türkiyədə çalışdığı, bu müddət ərzində həkim müayinəsindən keçirilib-keçirilmədiyi, onun QİÇS virusu daşıyıcısı olub-olmadığını təsdiq edən hər hansı sənəd olsa, bunun əsasında müəyyən edilə bilər. Əgər həqiqətən bu qadın əlaqədə olduğu adamları virusa yoluxdurubsa, həmin şəxslərin kompensasiya tələb etmək hüququ da var. Digər tərəfdən bu qadın insan alveri qurbanı da ola bilər. Bu halda onun zərərçəkmiş kimi tanınması və onu bu işə cəlb edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər görülməlidir. Yəni, bu məsələyə müxtəlif tərəflərdən yanaşmaq mümkündür.

M.Zeynalova xatırlatdı ki, oxşar hal 1998-ci ildə də baş verib. O zaman Dubaydan ölkəmizə xeyli sayda insan alveri qurbanı deportasiya edilibmiş. Onların arasında təkcə azərbaycanlılar deyil, başqa xalqların nümayəndələri də olub:

- O zaman da qurbanlar tibbi müayinədən keçirildi və əksəriyyətində dəri-zöhrəvi xəstəlikləri aşkarlandı. Belə şəxslər adətən müvafiq qurumlar tərəfindən müayinə edilir və müalicə olunurlar.

M.Zeynalova ölkəyə gələn miqrantların tibbi müayiənədən keçirilməsini vacib sayır:

- Ümumiyyətlə, ölkəyə gələn və ya qayıdan miqrantlar, fərqi yoxdur, bu, əməkçi miqrantdır, yoxsa insan alveri qurbanı, mütləq tibbi müayinədən keçməlidir. İstər kişi olsun, istərsə qadın. Çünki biz bu insanların hansı şəraitdə yaşadığını, işlədiyini, xidmət göstərdiyini bilmirik.

Bu insanlar özləri bilmədən hansısa təhlükəli virusa yoluxa bilərlər və bundan xəbərləri də olmaz. Amma bilmədən ailə üzvlərini də yoluxdurar. Ona görə də bir ölkədən Vətənə qayıdanlar mütləq tibbi müayinədən keçməlidirlər. Eyni zamanda ölkəyə gələn miqrantlar, turistlər də yaxşı olar ki, sərhəd məntəqələrində tibbi müayinədən keçirilsin. Doğrudur, şəxsi zorla müayinədən keçirmək insan hüquqlarına ziddir. Amma insanlara anladılmalıdır ki, bu tip müayinələr ilk növbədə onların öz sağlamlığı və ailələrinin sağlamlığı üçün zəruridir. Sərhəd keçid məntəqələrində maarifləndirici reklamlar, elanlar vurulmalı, insanlara maarifləndirici bukletlər paylanmalıdır. Hər bir insan onu təqib edə biləcək təhlükədən məlumatlı olmalıdır.

Məlahət Rzayeva